Sumqayıt hadisələri ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir - (VİDEO)

Sumqayıt hadisələri ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir - (VİDEO)
  22 Fevral 2018    Oxunub:4806
“Erməni və ermənipərəst qüvvələr tərəfindən Sumqayıt şəhərində törədilmiş cinayətlər Ermənistanın uzun illər Azərbaycan Respublikasına, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə, ərazi iddiaları, terror və soyqırım siyasətinin tərkib hissəsidir”.
AzVision.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Sumqayıt hadisələri ilə bağlı Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında deyib.



E.Sultanov bildirib ki, ötən illər ərzində erməni separatçıları öz işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdiyi digər cinayətlərə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinə istinad edir, öz yalanlarını həqiqət kimi təqdim etmək məqsədi ilə faktların təhrif edilməsi, sənədlərin saxtalaşdırılması və tarix boyu tətbiq etdiyi digər çirkin üsullara tərəddüd etmədən əl atır.

“Sumqayıt şəhərində törədilmiş iğtişaşlarla əlaqədar 28 fevral 1988-ci il tarixdə Sumqayıt şəhər prokurorluğu tərəfindən cinayət işi başlansa da, 1 mart 1988-ci il tarixdə həmin cinayət işi SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupu tərəfindən icraata qəbul edilərək istintaqı aparılıb.

İstintaq-əməliyyat qrupu SSRİ-nin ermənipərəst rəhbərliyinin göstərişi ilə hadisələrin xuliqanlıq edən elementlər tərəfindən törədilməsi fərziyyəsi üzərində dayanmış və bu istiqamətdə istintaq aparıb.

Hadisələrdən dərhal sonra Ermənistanda, sovet mətbuatında və beynəlxalq səviyyədə Azərbaycana qarşı informasiya kampaniyasına start verilib”.



Prokurorluq rəsmisi qeyd edib ki, Sumqayıt şəhərində təşkil olunmuş kütləvi iğtişaşlarla bağlı 1988-1990-cı illərdə aparılmış istintaq və məhkəmə prosesləri nəticəsində həmin hadisələrə obyektiv hüquqi qiymət verilməyib, onların əsl sifarişçiləri və təşkilatçıları müəyyən edilib məsuliyyətə cəlb olunmayıblar.

“Məhz qeyd etdiklərim Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurətini yaradıb. Hadisələrə obyektiv hüquqi qiymət verilməsi, bu cinayətin əsl mahiyyətini açmaq, Azərbaycanın qəti siyasi iradəsinin ifadəsi olaraq Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq iğtişaşlarla əlaqədar istintaqı dayandırılmış 5 cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə təzələnərək bir icraatda birləşdirilib və istintaqın davam etdirilməsi Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və həmin dövrdə fəaliyyət göstərmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupuna həvalə edilib

İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına, habelə Rusiya Federasiyasının Baş Prokurorluğuna və digər xarici ölkələrə müvafiq sorğular göndərilib, Sumqayıt hadisələrinin çoxsaylı şahidlərinin, həmin hadisələrdən məlumatı olan digər insanların, o cümlədən SSRİ Prokurorluğunun istintaq-əməliyyat qrupuna daxil olan şəxslərin ifadələri alınmış, arxiv sənədləri açılmış, mətbuatda verilmiş məlumatlar təhlil edilmiş, digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib”.

E.Sultanovun sözlərinə görə, SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupu tərəfindən istintaq olunmuş cinayət işlərinin öyrənilməsi göstərib ki, bu hadisələrlə bağlı işin istintaqı tam, hərtərəfli və obyektiv aparılmamış, hadisələrin əsl mahiyyəti açılmayıb.

“Cinayətin bütün iştirakçıları müəyyən edilməmiş, bu hadisələrin təşkilatçıları isə ümumiyyətlə məsuliyyətdən kənarda qalmış, onların müəyyən edilib məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görülməmiş, cinayətin baş vermə səbəb və şəraiti qətiyyən araşdırılmamışdır.

Doğrudur, hadisələrlə əlaqədar SSRİ Baş Prokurorluğunun ölkənin müxtəlif respublikalarından 231 müstəntiq və bir o qədər də əməliyyatçının cəlb edildiyi istintaq-əməliyyat qrupu tərəfindən böyük həcmdə material toplanmış, bir çox şəxslər məsuliyyətə cəlb edilmişlər.

Lakin, hadisələrlə bağlı istintaqın bilavasitə əvvəlindən hadisələrdə zərərçəkənlərin guya ermənilər, təqsirkar şəxslərin isə azərbaycanlılar olması barədə irəli sürülmüş fərziyyələr istintaqın birtərəfli və kifayət qədər qərəzli aparılmasına, onun müəyyən siyasi sifarişə xidmət etməsinə səbəb olub.”



E.Sultanov bildirib ki, hazırkı istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb, iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib.

“Dediklərimin əyani sübutu kimi bir məsələni diqqətinizə çatdırım ki, 31 mart 2016-cı il tarixdə Moskva şəhərində jurnalist Səadət Qədirovanın “Sumqayıt hadisələri barədə ilk mənbələrdən” adlı kitabının təqdimat mərasimində SSRİ Prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və qeyriləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildiriblər.

Ermənistan Silahlı Qüvvələri və digər hərbi birləşmələri tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində, eləcə də erməni və ermənipərəst qüvvələr tərəfindən Sumqayıt şəhərində törədilmiş cinayətlərlə əlaqədar Baş Prokurorluğun veb-saytında “Sumqayıt hadisələri” bölməsi fəaliyyətdədir ki, həmin bölməyə daxil olmaqla istintaq materialları, eyni zamanda erməni vəhşilikərini özündə əks etdirən bir neçə dillərə tərcümə olunmuş filmlərlə tanış olmaq imkanı əldə edə bilərsiniz”.

E.Sultanov qeyd edib ki, hazırda cinayət işi üzrə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən iğtişaşların təşkilatçıları və onların havadarlarının ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Baş-Prokurorluq   Eldar-Sultanov  





Xəbər lenti