Şəhid olmaq istəyirdilər, apreldə arzularına çatdılar - FOTOLAR, VİDEO
AzVision.az xəbər verir ki, aprel döyüşlərində qəhrəmancasına şəhid olan Mİ-24 helikopterinin pilotları- mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovun anım mərasimi keçirilib.
Şəhid pilot Əbubəkir İsmayılovun qardaşı Əkbər İsmayılov AzVision.az-a bildirib ki, aprel döyüşləri Azərbaycan tarixinə şanlı zəfər kimi yazılıb. Şəhid qardaşı deyib ki, döyüşlərdə Əbubəkirlə yanaşı Azərbaycanın qeyrətli oğulları öz canlarını vətən, torpaq uğrunda fəda ediblər:
"Bu qələbə nəticəsində bir sıra strateji yüksəklikləri və ən əsası Lələtəpə yüksəkliyini düşmən işğalından azad etdilər. Bu, bir neçə illik fasilədən sonra Azərbaycan ordsununun şanlı qələbəsi idi".
Ə.İsmayılov qardaşının uşaq yaşlarından hərbçi olmağa istədiyini xatırlayıb: "Televiziyada gedən hərbi verilişlərə böyük maraq göstərirdi. Ona görə də Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul oldu. Oranı xüsusi fərqlənmə ilə bitirib, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil oldu. Orada da öz fəallığı ilə seçilirdi. Döyüşə çox böyük əhval-ruhiyyə ilə qatıldı. Aprel döyüşlərində iştirak etdi. Mİ-24 helikopterində yüksəldiyi səmada şəhid oldu və ruhu da səmaya yüksəldi".
Şəhid pilot Urfan Vəlizadənin qardaşı Vidadi Vəlizadə: "Hərbçi olmaq Urfanın öz seçimi idi. Ana tərəfimiz Ağdam rayonundandır. Bizim torpaqlar düşmən tapdağında olduğu üçün daim ermənilərə nifrəti var idi. Həmişə torpaqların işğaldan azad edilməsi üçün döyüşlərdə iştirak etmək istəyirdi. Arzusuna da çatdı".
Anar Kəlbiyev
Foto:Elvin Abdulla
AzVision.az
Teqlər: Şəhid Pilot Aprel-Döyüşləri