Stabillikdən sürətli inkişafa – TƏHLİL

Stabillikdən sürətli inkişafa – TƏHLİL
  05 Aprel 2018    Oxunub:2992
Ölkə iqtisadiyyatında müsbət meyllər davam edir. Doğrudur, neftin qiymətində beynəlxalq bazarlarda artıq 2 ilə yaxındır davam edən sabitlik sözünü deyir və bu, mühüm amildir. Bu ilin aprelin 1-nə Mərkəzi Bankın (AMB) valyuta ehtiyatlarının həcmi 5 milyard 508 milyon dollar təşkil edib. Ötən ayın əvvəlinə isə bu göstərici 5 milyar 387,3 milyon dollar idi.
Nəzərə alsaq ki, bu ilin əvvəlində AMB-nın valyuta ehtiyatları 5 milyard 334.6 milyon dollara bərabər idi, demək, 4 ayda 173.4 milyon dollar artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu rəqəm 1 milyard 75,3 milyon dollar və ya 24,26% çox sayılır.

AMB-nin ehtiyatları keçən ilin yanvarından artmağa başladı. Buna qədər isə sözügedən məbləğ 3 milyard 974,4 milyon dollara bərabər idi. Məhz ölkə iqtisadiyyatının xarici şoklardan və kənar amillərin təsirlərindən sığortalanması baxımından daxili iqtisadi təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən işlərin nəticəsində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları həcmində azalma dayandı və bərpa başladı.

2016-cı ilin yanvarından ölkənin ixrac potensialının sürətləndirilməsi istiqamətində ciddi işlər görüldü. Prezident bir sıra müvafiq qərar və sərəncamlar verdi, hüquqi normativ aktlar imzaladı. Hökumətə mühüm tapşırıqlar verildi, struktur islahatları aparıldı, islahatlara nəzarət mexanizmi təşkil edildi. Və bütün bunlar ölkədə makroiqtisadi sabitliyin zəifləməsinin qarşısını aldı.

Bunun əsas göstəricilərindən biri də ondan ibarət oldu ki, əhalinin sosial ödənişləri - maaş və pensiyaların ödənilməsi, müavinətlərin verilməsi sahəsində heç bir problem yaşanmadı. Ölkənin, xüsusən də Mərkəzi Bankın rəsmi ehtiyatları da daxil olmaqla, ümumi valyuta ehtiyatları tükənmədi. Əksinə, keçən ildən etibarən həm iqtisadi islahatların genişlənməsi, həm də neftin qiymətinin ucuzlaşması prosesinin dayanması nəticəsində daha kəskin şoklardan, xarici təsirlərdən yaxa qurtardıq.

Müsbət faktorlardan biri də 2017-ci ilin 12 ayı üzrə tədiyyə balansının ümumi profisitinin 1,6 milyard dollar təşkil etməsidir. Düzdür, qeyd olunur ki, bu, həm neft qiymətinin 26% bahalaşması, həm makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansında yaranmış müsbət tendensiyalar, həm də neft-qaz sektoru üzrə layihələrin xarici kreditlərlə maliyyələşməsi hesabına baş verib. Çünki neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nisbətən 3 milyard dollar artdığı halda, qeyri-neft sektoru üzrə onda kəsir cəmi 56 milyon dollar azalıb.

Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 5,7 milyard dollar məbləğində kəsirini örtüb. Yəni, hələ ki neftdən asılıyıq və bunu inkar etmək mümkün deyil. Amma hazırda yaranmış vəziyyət isə real sektorun inkişafına dəstək vermək üçün gözəl zəmin yaradır. Və biz, məsələnin əsas bu tərəfinə diqqət yetirməliyik.

Məsələn, AMB bu yaxınlarda uçot dərəcəsini endirdi. Ancaq təəssüf ki, cəmi 2%... Bu isə onu göstərir ki, qurum mövcud makroiqtisadi vəziyyətdən hələ də kifayət qədər arxayın deyil. Bu da təbiidir. Uçot dərəcəsinə il ərzində baxılacağı qeyd edilir. Və Mərkəzi Bankın rəhbərliyi də bildirib ki, uçot dərəcəsinin yenə azaldılacağı istisna deyil.

Yeri gəlmişkən, faiz dəhlizinə dair parametrlərin dəyişdirilməsi haqda qərar qəbul edilərkən AMB-in xarici və daxili mühitdə baş verən prosesləri nəzərə aldığı da bəyan edilib.

Sözün qısası, ölkə iqtisadiyyatı bütövlükdə sabitlik relsindədir. Qalır sürətli inkişaf tempinin bərpası. Bunun üçün isə hər cür əsas var.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: İqtisadiyyat  





Xəbər lenti