Əjdahanın nəbzini tutmaq: Azərbaycan Çin ilə effektiv münasibətlər qurmağı necə bacarır – TƏHLİL

Əjdahanın nəbzini tutmaq: Azərbaycan Çin ilə effektiv münasibətlər qurmağı necə bacarır – TƏHLİL
  04 May 2018    Oxunub:7221
Ötən həftə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikasına önəmli bir səfər etdi. O, səfər zamanı vacib görüşlər keçirib, Çinin istehsal etdiyi hərbi məhsullarla, silah-sursatla tanış olub. Səfərin nəticələri deməyə əsas verir ki, Azərbaycanın yaxın hərbi tərəfdaşlarının siyahısı qüdrətli bir dövlətin hesabına genişlənə bilər.
Əgər bu dövlətlə effektiv münasibətlər qurulsa, Çin ilə əməkdaşlıq Azərbaycana çox şey verə bilər. Effektiv münasibətlər qura bilmək üçün isə Çini yaxşı tanımaq, onun siyasətinin, tarixinin və diplomatiyasının incəliklərini bilmək lazımdır. Çünki Çin doğrudan da, hər baxımdan fərqli dövlətdir.

“...Göylərin iradəsi ilə imperator olan Biz, İngiltərə kralına tövsiyələrimizi diqqət mərkəzində saxlamağı təklif edirik: Dörd dəniz arasındakı məkanda hökmranlıq edən Səmavi imperiya nadir və bahalı əşyaları qiymətləndirmir... Eynilə də biz ölkənizin (İngiltərənin) sənaye məhsullarına zərrə qədər də ehtiyac duymuruq... Müvafiq olaraq biz, sizin xidmətinizdə olan elçilərə sağ-salamat evə qayıtmağı əmr etdik. Siz - kral, sadəcə olaraq, bizim istəklərimizə uyğun hərəkət etməli, əbədi itaətə and içərək, bizə sədaqətinizi möhkəmləndirməlisiniz...”

Bu sözlər XVIII əsrin ortalarında Çin imperatorunun Böyük Britaniya kralı III Georqa ünvanlanmış cavabındandır. Zbiqnev Bjezinski "Böyük Şahmat Taxtası - Amerikanın hökmranlığı və geostrateji imperativləri" adlı kitabında yazır ki, hələ 18-19-cu əsrlərdə çinli olmaq - mədəni olmaq demək idi və bu səbəbdən də qalan bütün dünya Çinə layiqli hörmət, ehtiram nümayiş etdirməli idi.

Bu mənada, dövlətlərarası münasibətlərdə, iqtisadi əlaqələrdə, bir sözlə, bərabərtərəfli partnyorluq masası ətrafında Çin özünə böyük hörmət, sayğı tələb edən ölkədir. Bu diqqət Çinin tarixinə, mədəni irsinə, abidələrinə, siyasi yanaşmalarına, iqtisadi siyasətinə, ən başlıcası, milli kimlik identifikasiyasına qarşı daha qabarıq şəkildə tələb olunur. Çin dövləti bu kimi məsələlərdə incə, son dərəcə diqqətli düşünən, faktları nəzə alan ölkələrə ayrıca xüsusi ehtiram bəsləyir. Belə ölkələrdən biri də Azərbaycan Respublikasıdır.

Dövlət başçısı İlham Əliyevin Çinlə bağlı son dərəcə praqmatik, mədəni-tarixi kontekstə uyğun addımları, uzaqgörən gedişləri söyləməyə əsas verir ki, Prezident bir peşəkar diplomat kimi Çinə hansı bucaqdan yanaşmağın lazım olduğunu mükəmməl bilir. Qeyd etdiyim kimi, Çin üçün milli kimliyə, tarixi abidələrinə və keçmişinə hörmət hər şeydən uca, ali məna daşıyır. Örnək olaraq, ailə-məişət üslubundakı ünsiyyətləri, ailələrin daxilində böyüyə, yaşlı insanlara olan böyük hörməti, təzimi vurğulamaq yetərlidir.



Başqa bir faktı nümunə göstərək. Demək, "Çin azərbaycanlıların gözü ilə" adlı kitabda Pekində təhsil almış azərbaycanlı tələbələrdən biri öz məqaləsində yazır: "Bizi tələbə vaxtı mütəmadi olaraq Pekinin qədim məbədlərinə aparırdılar...” Buradan da görünür ki, Çin öz tarixinə böyük hörmət tələb edən ölkədir və ikitərəfli siyasi əlaqələrə bu prizmadan baxan dövlətlərə böyük həssaslıqla yanaşır.

Ümumiyyətlə isə, Çin Asiyanın ən sürətlə inkişaf edən ölkəsi olmağına baxmayaraq, sibaristçilikdən (naz-nemətə, işləməməyə vərdiş etmək) uzaq məmləkətdir. Bu məqamda ABŞ-ın sabiq prezidenti Riçard Niksonun dediyi bir ifadəni xatırlatmaq yerinə düşərdi: "Çin böyük məktəb, biz isə bu məktəbin tələbələriyik”.

Azərbaycan müstəqilliyini elan etdikdən sonra 1991-ci ilin dekabr ayının 27-də Azərbaycan Respublikasının müstəqilliyi ÇXR tərəfindən tanındı. 1992-ci ilin aprelin 2-də isə ikitərəfli diplomatik əlaqələr quruldu. 1994-cü ildə Milli lider Heydər Əliyevin ilk xarici səfəri məhz Çin Xalq Respublikası olmuşdu.

Mütləq vurğulamaq lazımdır ki, Çin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın yanındadır. Azərbaycan isə öz növbəsində "Vahid Çin" siyasətilə bağlı rəsmi Pekinə hər zaman dəstək verdiyini bəyan edib.

Prezident İlham Əliyevin bu günə qədər Çinə olan rəsmi səfərləri bir sıra incə, həsas məqamları ilə fərqlənir. Rəsmi, eləcə də işgüzar səfərləri diqqətlə analiz etdikdə aydınlaşır ki, Prezident Çin dövlətinin obrazlı desək, 'yumşaq damarı'nı tutmağı bacarıb. Hesablanmış diplomatik hədəflər İlham Əliyevə peşəkar diplomat kimi, Çin xarici siyasətini yürüdənlərin nəzərində xüsusi bir reputasiya qazandırıb.



Əgər diqqət yetirsək, Prezidentin 2005 (ilk səfəri) və 2008-ci illərdəki rəsmi səfərləri zamanı Çin üçün ənənəvi sayıla biləcək, lakin Azərbaycan diplomatiyası üçün yenilik kimi qiymətləndirə biləcəyimiz yanaşmanın - tarixi abidlərin ziyarətinin əsası qoyuldu. İlk baxışda sadə addım kimi görünə bilər. Lakin unutmaq olmaz ki, Azərbaycan Prezidenti heç də hər səfər etdiyi ölkənin tarixi abidələrinə baş çəkmir. Çin bu mənada xüsusi əhəmiyyət daşıyır. 2005-2008-ci illərdəki rəsmi səfərlər zamanı Prezident Böyük Çin səddi və dünyanın nadir tikintilərindən sayılan memarlıq abidələrinə, Şanxay şəhərindəki məşhur teleqüllə və Şanxay Planlaşdırma muzeyinə baş çəkmişdi. 2015-ci ildə isə Çinin simvollarından biri sayılan "Terrakot ordusu" və "Pekin Xalq Qəhrəmanları Abidəsi"ni ziyarət edən dövlət başçısı əsasını qoyduğu diplomatik xətti daha da gücləndirdi.

Sonucu səfər zamanı (2015) Prezident İlham Əliyevin Çinin Renmin Universiteti tərəfindən "Tarix üzrə fəxri professor" diplomu və döş nişanı ilə mükafatlandırılması maraqlı məqam idi. Bununla Çin tərəfi İlham Əliyevin diplomtik gedişlərini diqqətdən qaçırmadığına eyham vurur və bu addımları yüksək qiymətləndirildiyini bir daha əyani şəkildə göstərdi.

Düzgün qurulmuş bu diplomatik xətt Azərbaycanla Çin arasında yaxınlığın getdikcə güclənməsini təmin edib. Müdafiə nazirinin sonuncu səfəri isə göstərdi ki, biz yaxın gələcəkdə Çin istiqamətində düzgün qurulmuş bu diplomatiyanın başqa nəticələrini də görə biləcəyik.

Fərrux Həsənov
AzVision.az üçün



Teqlər: Çin   Diplomatiya  





Xəbər lenti