Bu sual AXCP-ni yenə parçalayacaq: Kərimli 412 min dolları nəyə xərcləyib?
Cəmiyyətdə belə bir fikir yaratmaq cəhdi Kərimlinin qabaqlayıcı gedişi idi. Çünki o, bilirdi ki, hüquq-mühafizə orqanları artıq maliyyə maxinasiyalarının izinə düşüblər və yaxın günlərdə bununla bağlı rəsmi açıqlama veriləcək. Belə bir vəziyyətdə Saleh Rüstəmovun həqiqətən də ölməsini Kərimli çox istəyərdi, amma gücü ancaq özünün Şimaldakı qanunsuz maliyyə menecerini yalandan 1 günlüyə öldürməyə çatdı.
Rəsmi məlumatdan belə məlum olur ki, Saleh Rüstəmov Rusiyada AXCP-yə sponsorlar axtarıb, tapıb və onlardan hər ay 30 min dollar toplayaraq, Bakıya göndərib. Burada qurulmuş xüsusi şəbəkə vasitəsilə həmin pullar AXCP rəhbərliyinə çatdırılıb. 2016-cı ilin martından bəri Kərimliyə 412 min dollar pul gəlib.
İndi məlum olur ki, niyə Kərimli həmin dövrdə heç bir ehtiyac olmadan tez-tez mitinqlər keçirirmiş: Çünki pul göndərənlərə iş göstərmək lazım idi. Axı Kərimliyə Rusiyadan pul göndərən ayrı-ayrə şəxslər, biznesmenlər hər halda, axmaq deyillər (hərçənd, çox ağıllı olmaları da şübhə doğurur), onlar göndərdikləri pulun müqabilində Azərbaycan hakimiyyətinə qarşı müəyyən fəallıq görmək istəyiblər. Amma məsələnin ən maraqlı tərəfi də məhz bundan sonra başlayır.
İş ondadır ki, Kərimlinin keçirdiyi aksiyaları göz önünə götirsək, onların təşkili üçün böyük vəsaitin lazım olmadığı aydınlaşar. İki ildə keçirilən bütün aksiyalara Kərimlinin həmin müddətdə aldığı 412 min dolların (bu, 700 min manat edir) ən yaxşı halda onda biri xərclənə bilərdi. Bəs qalan pulları – haradasa 600 min manatı Kərimli nə edib?
Azərbaycan siyasətinə bələd olan və Kərimlinin fəaliyyətini izləyən şəxslər üçün bu sual ritorik xarakterlidir: Necə yəni, nə edib? Nə edə bilərdi ki?! Əlbəttə, mənimsəyib! Çox sadə, rahat, ənənəvi şəkildə: Yeyib, üstündən də su içib. İndiyə qədər partiyasına gələn bütün qrantlarla etdiyi kimi – Bu, Kərimli üçün dəfələrlə işlənmiş sxemdir: Partiyaya gələn maliyyə vəsaitinin cüzu bir hissəsi görüləcək işlərə və oradakı insanlara ayrılır, qalanı isə baş siyasi burjuy Kərimliyə çatır. Təbii ki, bir hissəsi Londondakı oğul balasına göndərilmək şərtilə... Bir tərəfdən baxanda, bəlkə də qınamalı deyil: Londonda oğul saxlamaq sizə asan gəlməsin. Bunun qalmağı var, sosial şəbəkədə məşhur olan kef məclisləri var... Amma görəsən, AXCP-nin digər üzvləri də belə düşünürlərmi?!
İnanmağa əsas var ki, yox! Çünki indiyə qədər Kərimlinin ətrafındakı insanların onu tərk etməsinin əsas səbəblərindən biri də məhz onun pul işlərində hər dəfə öz komandasını aldatması olub. Kərimli partiya üçün gələn vəsaiti özü mənimsəyir, ətrafındakılara isə “pul yoxdur” deyərək, ən yaxşı halda qabaqlarına qəpik-quruş atır. Onlar isə gec-tez bu cür alçaldılmağa və yalanlara daha dözməyərək, Kərimlini tərk edirlər.
Elə isə, düşünməyə əsas var ki, bu dəfə də elə olacaq. Yəqin ki, ətrafındakı insanların çoxu Kərimliyə hər ay Rusiyadan 30 min dolların gəldiyini bilmirdilər. Və bu, hələ ancaq bir mənbədən gələn maliyyədir, şübhəsiz ki, xeyli başqa qaynaqlar da var... Prokurorluğun bu işin üstünü açması və məsələni ictimailəşdirməsi, güman ki, AXCP-dən yeni qopmalarla müşayiət olunacaq.
Amma Kərimli üçün işin ən pis tərəfi heç də bu deyil. Yəqin ki, bu hadisədən sonra onun Şimaldan gələn maliyyə kanalı bağlanacaq. Bax, Kərimlini narahat edən budur: Pul azalacaq, pul! Tərəfdarları gedir - cəhənnəmə getsin, partiyasında adam qalmayıb – cəhənnəmə qalsın, təki gələn pul azalmasın! Amma deyəsən, bu dəfə Kərimlinin ən ağrılı yerinə zərbə dəyəcək – pul da azalacaq.
Tariyel Həsənov
AzVision.az
Teqlər: Əli-Kərimli AXCP