Türkiyədə dünyasını dəyişmiş azərbaycanlı rəssam – ŞƏKİLLƏR

Türkiyədə dünyasını dəyişmiş azərbaycanlı rəssam – ŞƏKİLLƏR
  11 Oktyabr 2013    Oxunub:5703
Ötən ilin bir günü və yaxud gecik(mə)miş məqalə

“Kardes, mezarima defsiz gelme;
Çünkü Allah meclisinde gamli durmak yarasmaz.
Hak Teala beni aşk şarabından yaratmıştır.
Ölsem, çürüsem bile, benim yine o aşkım”. (Hz. Mevlana)


11 oktyabr, 2011-ci il, saat 23:00 radələri. İstanbul. Azərbaycanlı uşaq yazıçısı Aygun Bünyadzadənin ailəsinin qonağı idim. Aygun və həyat yoldaşı İlhan bəylə şirin söhbətlər edirdik – Bakıda, Türkiyədə baş verənlərdən, ortaq tanışlarımızdan, havadan, sudan, ordan-burdan… Həmin əsnada şirin söhbətlərimizə acı bibər qatacaq qəfil bir xəbər gəldi.


Ceyda adlı bir tanışımın gec saatda zənginə təəccüblənsəm də, ağlıma pis bir şey gəlmədi. «Yəqin evlərində keçirilməsi planlaşdırılan məclisin dəqiq tarixini demək üçün zəng edir. Bəlkə ani qərarla sabaha təyin olunub, çox gec olmadan indi xəbər verəcək» deyə düşündüm.

- Alo, gecən xeyir, Ceyda.
Ceyda: - Alo, Merhaba Sevdacığım, nasılsın?
- Təşəkkür edirəm Ceyda, sən necəsən? Cem abi (Ceydanın həyat yoldaşı – S.B) necədir?
Ceyda: İyiyiz. Ne yapıyorsun?
- Heç, Azərbaycandan bir arkadaşda müsafirəm, oturub söhbətləşirik.
Ceyda: Öyle mi? (uzun sükuta qərq olan saniyələrdən sonra) Haberin var mı?
- Nədən xəbərim var?
Ceyda: Sana bir şey söyləmədilər mi?
- Nəyi söyləməli idilər?
Ceyda: Konya’ya gitmeyi düşünüyor musun?
- Konyadan yeni qayıtmışam. Təkrar niyə gedim ki?
Ceyda: Yani Soltan’la ilgili son haberi duymadın mı?
- Bizim Soltanla ilgili? Yox, nə olub ki Soltana?
Ceyda: ……….
- Alooo, Ceydacım, söyləsənə? Nə olub Soltana?
Ceyda: (səssizliklə müşayiət olunan uzun saniyələrdən sonra) Soltan… Soltan sizlərə ömür…
- Anlamadım?

Türkiyə türkcəsini mükəmməl bilmədiyim üçün o anda «sizlərə ömür» kəlməsinin mahiyyətini anlamadım. Bir neçə dəqiqəlik çaşqınlıqdan sonra, türk kanallarında arabir eşitdiyim bu kəlmənin nə demək olduğunu qəfil dərk elədim. Beynimi, ruhumu, cismimi qəfil yaxalamış bu qara xəbərin mənə yaşatdığı şok, bir neçə dəqiqəlik durğunluq, xəttin o başında məni gözləyən Ceydaya «Necə olub? 15 gün əvvəl onunla görüşmüşdüm, hər şey yaxşı idi axı» sualı ilə dağıldı.
Ceyda: Biz de tam bilmiyoruz neler olduğunu. Çatıdan düşdüğünü (damdan yıxıldığını – S.B.) söylediler. Bu gece Konya’ya gidiyoruz. Sana haber verelim dedik, belki bizimle gelmek istersin…”

*****

Eşitdiklərimə yenə də inana bilmirdim. O anda qeyri-ixtiyari olaraq ilk Soltanəlinin telefonuna zəng etdim. Səsini duymaq, deyilənlərin pis bir zarafat olduğunu elə öz dilindən eşitmək istədim. Söndürülmüşdü. Yəqin, «bizi nigaran qoymaq istəyib» deyə özümü aldatmağa başladım. Amma yenə sakitləşmədim, Bakıda, Konyada, İstanbulda, hətta İzmirdə nə qədər ortaq tanışlarımız vardısa, əlim çatan, ünüm yetən hər kəsə zəng elədim. Əsəblərim tarıma çəkilmişdi, sanki hamısı sözləşmiş kimi zəng elədiyim tanışların demək olar ki, hamısı telefonu söndürmüşdü. Uzün çabalardan sonra nəhayət… Qara xəbər təsdiqini tapdı.

11 oktyabr, axşamüstü, təxminən 17:00 radələrində Konyada qonağı olduğu həmyerlisi, rəssam dostunun emalatxanasının damından yıxılıb. Ən maraqlısı isə onun ora niyə çıxmasıdır. Təsadüf, yoxsa əcəl?! Emalatxana damından su axdığını görən dostu, yuxarı çıxıb daman yeri düzəldərkən Soltan da marağından onun arxasınca çıxıb. Bütün etirazlara rəğmən geri qayıtmayıb. Ayağını damdakı qırıq şiferlərin birinin üstünə basması yetərli olub ki, sürüşüb 3 metrlik yüksəklikdən başı üstə yerə yıxılsın. Ağır yaralı vəziyyətdə Səlcük Universiteti Məram Tibb Fakültəsi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Saat 21:30 radələrində 49 yaşlı rəssam ruhunu tapşırıb.

*****

Soltanəli Qara ilə, 4 il əvvəl, məclislərin birində tanış olmuşduq. Onun haqqında ilk təəssüratım: çox soyuq, adama yovuşmaz, özündən razıdır. Ta ki onunla daha yaxın və səmimi ünsiyyətimiz yaranana qədər. Sən demə, Soltanın görünməyən, daha doğrusu, hər kəsə görükdürmədiyi tərəfləri də varmış – səmimiyyəti, xoşgörülüyü, zarafatcıllığı, dürüstlüyü, işgüzarlığı, mərdliyi, dostcanlığı, təvazökarlığı, çox bilib də az və yerində danışmağı, bir qədər də yarızarafat-yarıgerçək «iynələməsi». Bütün hərəkətlərində, davranışlarında, hətta rəqsində belə Soltanəlinin özünəməxsusluğı vardı. Sözündə-əməlində dəqiq olsa da, özü qaydalara, qəliblərə sığmırdı. Çox zərif yumor hissinə malik idi. Böyüklə böyük kimi, uşaqla uşaq kimi davranırdı. Hər hansı bir məclisdə Soltanəlinin iştirakı yetərli idi ki, ora söz, şənlik, xoş aura yayılsın. İnsanlara gülüş bəxş etməyi sevirdi. Kefsiz insanı bir neçə dəqiqəyə şənləndirməyi bacarırdı. Amma öz dərdini, içində çəkdiklərini nə büruzə verər, nə də bölüşərdi. Əksinə, problemlərini komediyaya çevirərdi. Ən sevmədiyi şey isə insanların təbəqələrə ayrılması və haqsızlıq idi. Ümumiyyətlə, insana və insanlığa böyük dəyər verirdi Soltanəli Qara. Rəssam? həm də inanılmaz dərəcədə musiqi aşiqi idi. İlahi musiqiləri xüsusilə sevirdi. Dinə böyük hörməti vardı. Hətta Konyaya son səfərindən bir neçə gün öncə dostlarına, «gəlin, yığışıb Quran oxuyaq» demişdi…

*****

Soltan kifayət qədər ağıllı, bilgili, geniş dünyagörüşlü bir insan idi. Hardan soruşsan, ordan cavab verirdi. Onunla dərin mövzularda söhbətlərə girişmək də cəsarət tələb edirdi. Çünki, nokaut vəziyyətinə düşmək ehtimalı qaçılmaz idi. Soltanla söhbətimiz daha çox sənətdən olurdu. Daha doğrusu, mən, sənət haqda cüzi bilgimlə ona suallar yağdırırdım. Cavablandırırdı, amma arabir deyinməyi də unutmurdu: «Jurnalistsən, amma belə sadə şeyləri bilmirsən». Və başlayırdı tanıdığı, tanımadığı bütün media əhlini «ağ yuyub, qara sərməyə». «Ay Soltan, sənin sadə dediyin şeylər əslində təsviri sənətin, rəssamlığın dərin incəlikləri, nəzəriyyəsi, fəlsəfəsidir. Jurnalistlərin bütün sahələr üzrə ixtisaslaşması mümkün deyil» cavabımın da bir xeyri yox idi. Soltanəliyə görə, jurnalist yazdığı mövzunu, sahə incəliklərinə qədər bilməli, hətta lazım olsa, təhsilini də almalıdır. İnandığından bir addım da geri çəkilməzdi. Buna bənzər müzakirələr Konyada da baş vermişdi, hətta aramız dəyəcək həddə çatmışdı. Özündən tez çıxan, barıt çəlləyi kimi hər an partlamağa hazır rəssam və jurnalist bir yerə düşdüsə, sözləri çəp gəldisə, ola biləcək söz savaşından Allah qorusun…

*****

Soltanəli Qara sözün həqiqi mənasında işinin ustası idi. Bəlkə də elə bu səbəbdəndir ki, dünyanın demək olar ki, bütün ölkələrində sərgi və yaradıcılıq ezamiyyətlərində olub. Amerika, Avropa, Afrika, Türkiyə… gəzmədiyi, dolaşmadığı, sənətkarlığı ilə imza qoymadığı bir məmləkət qalmamışdı. Ən uzun müddətli səfəri isə 9 ilə yaxın ABŞ-ın Nyu-York və Nort Korelayn şəhərlərinə olmuşdu.
Soltanəli Qaranın Konyaya səfəri ilk deyildi. Sonuncu dəfə isə Konya Səlcuk Universitetinin dəvətilə rəssam-heykəltaraş Tahir Qasımov və keramikaçı-rəssam Yaşar Quliyevlə birgə «Səlcukluda elm və sənət» mövzulu böyük bir monumental-dekorativ divar əsərinin mozaika hissələrini eləmək üçün gəlmişdi. Çünki, Soltanəli mozaika sahəsində əla usta idi. Türkiyədə onun kimi mozaika ustası tapmaq müşküldür. Bundan başqa, faciəli hadisədən iki ay öncə Türkiyədə dünyanın 20-dən artıq ölkəsindən sənətkarların qatıldığı «Beynəlxalq Portakal Çiçeği Sanat Kolonisi»nin fəxri dəvətlisi olaraq ölkəmizi yüksək səviyyədə təmsil etmişdi.
Soltanəli Qaranın əsərləri fəlsəfi-psixoloji fikirlərlə zənginliyi, simvolik bir ifadə tərzi, eyni zamanda kompozisiya və rəng həlli, yığcamlıq, sadəlik və lakoniklik xüsusiyyətlərilə də diqqət çəkirdi. Bir sözlə, müasir Azərbaycan incəsənətində özünəməxsus dəsti-xətti olan bir rəssam idi…

*****

Ötən ilin 1 sentyabrında Konyaya yola düşən rəssam, razılaşmaya görə, noyabrda Bakıya qayıtmalı idi. Ancaq… Əcəl onun cansız bədənini vaxtından tez qaytardı doğmalarına…
Soltanəli Qara ilə sonuncu görüşümüz də elə həmin ərəfədə oldu. Bakıda, yenə məclislərin birində, Mövlanə və Şəms Həzrətlərinin ziyarətlərinə getmək üçün yollar axtarırdım, ilk dəfə səfər edəcəyim ölkədə, şəhərdə tək, nəyi, necə edəcəyim haqda söhbətlərə şahidlik edən Soltanəli köməyimə çatdı: «Sevda, gəldiyin tarixi, nəqliyyatı mənə zənglə xəbər ver, gerisindən narahat olma. Səni qarşılayıb hara lazımdırsa, aparacağam» dedi və elədi də. Təkcə İzmir-Konya avtobusu dayanacağında məni qarşılayıb qonaq qalacağım evə yerləşdirməklə, Mövlanə muzeyi və Şəms Təbrizi türbəsi ziyarətlərinə gəzdirməklə kifayətlənməyib, Konyada imkan daxilində gəzə, görə bildiyim yerləri də tanıtdı.

*****

Onunla şam yeməyi zamanı etdiyimiiz son söhbətimiz mübahisəsiz ötüşmədi. Zarafat dolu söhbətin ən maraqlı yerində qəfil qarşısındakının jurnalist olduğunu xatırlayıb yenə başladı məni uşaq kimi danlamağa. Onu vaxtilə incitmiş, narazı salmış nə qədər media əhli vardısa, hamısının acığını məndən çıxdı. «Sənətdən yazırsınızsa, sənəti öyrənməlisiniz, neftdən, siyasətdən yazırsınızsa, nefti, siyasəti öyrənməlisiniz….» düşüncəsindən vaz keçmək istəmirdi. Bir saat ərzində, xəbər jurnalistikası ilə ixtisaslaşmış jurnalistika arasındakı fərqi anlatmaq cəhdlərim də nafilə. Müzakirənin yavaş-yavaş mübahisəyə doğru getdiyini görüb söhbəti zarafata çevirməyə çalışdım. Bir az çətin oldu. Mənim qeyri-ixtiyari olaraq verdiyim sərt cavablardan deyəsən bir az incimişdi. Qonaq qaldığım evə yola salanda, «Soltan, Bakıya qayıdan kimi cəmi Azərbaycan jurnalistlərinə səndən atəşli salam deyəcəyəm» zarafatıma, gülümsünərək, bir az incimiş uşaq ədası ilə «lazım deyil» cavabını verdi. Beləcə ayrıldıq. Amma içim yenə rahat deyildi. Soltanı istəmədən incitməyim haqda düşüncələrlə sanki vicdan əzabı çəkirdim. Sonda «eybi yox, Bakıda görüşəndə könlünü alıb, ondan üzr istəyərəm» deyə özümü rahatladım. Görüşdük də, üzr də istədim - bir neçə həftə sonra, Onun məzarı başında…

*****

Rəssam Soltanəli Qara barədə dəfələrlə yazmaq, Onu çəkilişlərə dəvət təkliflərim həmişə boşa çıxıb. Ya Bakıda deyildi, ya başı yeni aldığı evin təmirinə qarışmışdı, hansı ki, doyunca yaşamaq belə nəsib olmadı, ya da səhhətində problem vardı, «İnşallah, başqa zaman» deyib hər dəfə müsahibələrdən yayınırdı. Bəlkə də həddən ziyadə təvazökarlıq hissi imkan vermirdi. «Neynirsən axı məndən yazıb? Nə böyük iş görmüşəm ki, aləmə tanıdım özümü» sualına, yarızarafat, yarıgerçək, «Soltan, məndən qaça bilməyəcəksən, gec-tez səndən yazacağam» deyirdim. Budur, yazdım. Qədərinə heç vaxt oxumayacağı, mənimsə yoxluğundan sonra ağrı hissilə yazdığım bu yazı. Mən bu cür deməmişdim, bu cür istəməmişdim, Soltan! Səninlə belə danışmamışdıq axı…

*****

Bu hadisədən 6 ay sonra yolum yenidən Konyaya düşdü. Tanımadığım şəhərdə küçələrə düşüb bir başqa ünvanı tək axtara-axtara təsadüfən gəlib Soltanın son çalışdığı küçəyə, həmin əsərin yanına çatdım. Çaşqınlıq içində bunun həmin yer olub-olmadığını beynimdə vərəqləyib «bəli, həmin işdir, həmin küçədir» düşüncəsinə vardım. Soltanı Bakıdan Konyaya qədər gətirən iş, bu aylar ərzində hələ də tamamlanmamışdı. Səbəbini sonradan öyrəndim. Bu işə Soltanla bərabər başlayan digər həmkarları Tahir Qasımov və Yaşar Quliyev yarımçıq qalan işi tamamlamağa bir neçə dəfə cəhd etsələr də, bitirə bilməyiblər: «Soltandan sonra alınmır, əlimiz yatmır, bacarmırıq». Beləcə, rəssamın ömrü kimi işi də yarımçıq şəkildə Konya Səlcuq Universitetinin Ələddən Keykubat tələbə şəhərciyində, tibb fakultəsini qarşısında qalıb. O günlərdən qalan tək xatirə isə Soltanın zümzümə edə-edə iş başında çəkdiyim son fotoları oldu…

«Ölüm, yaradılmışın Yaradanına qovuşmasıdır» deyib çox sevdiyin Mövlanə Cəlaləddin Rumi. Yaradanına qovuşan günün mübarək, Soltanəli…!

Sevda Babayeva

Qalereya




Teqlər:  





Xəbər lenti