“Dövlət” deyəndə düşündüyümüz və bu düşüncəni yaradanlar

“Dövlət” deyəndə düşündüyümüz və bu düşüncəni yaradanlar
  23 İyun 2018    Oxunub:22525
“Dövlət nədir?” sualına hər kəs pis-yaxşı cavab verə bilər, amma toplumun gündəlik yaşamında onun üçün dövlət – ilk növbədə bu anlayışı təmsil edən insanlar, yəni, dövlət(in) qulluqçularıdırlar. Əgər bu dəqiqə bir insan haradasa hansısa məmurdan boz sifət görürsə, onun üçün bütövlükdə dövlətin rəngi bozdur. İnanın, əgər psixoloji eksperiment üçün həmin anda o insanın əlinə ağ vərəq və rəngli karandaşlar verib, “Dövlət” deyərkən hiss etdiyi şeyin şəklini çəkməyi xahiş etsək, boz-qara çalarlı, depressiv bir tablo alınacaq.
Əksinə, indi haradasa bir dövlət qulluqçusundan xoş münasibət görən, problemi çözülən vətəndaş “dövlət” deyərkən hiss etdiyi anlayışı ən parlaq rənglərlə təsvir edərdi. Bizim dövləti necə hiss və qəbul etməyimiz məhz onu təmsil edən insanlardan asılıdır – dövlət qulluqçularından. Onlar kütləvi şüurun memarlarıdırlar – cəmiyyətin şüurunda dövlətin obrazını yaradırlar. Dövlətin obrazı isə ona uyğun vətəndaşları formalaşdırır. Dolayısı ilə, məmular – Vətəndaş(ı) formalaşdıran qüvvədirlər.

Bu adamların çiynində necə bir ağır yükün olduğunu təsəvvür edə bilirsinizmi? Yeri gələndə, hətta adi şirkəti də təmsil etmək kifayət qədər ağır məsulyyət olur, o ki qalsın, dövlət ola... Bax, dövlət qulluqçuları məhz bu məqamda iki yerə bölünürlər: həmin məsuliyyəti anlaya bilənlər və bilməyənlər. Bilməyənlər gec-tez dövlət orqanizmində xəstə hüceyrəyə çevrilir, nəticədə ya özünü, ya da bəzən olduğu bütün orqanı kəsib atmaq lazım gəlir...

Missiyanın ağırlığını nəzərə alsaq, əsl dövlət qulluqçusu ola bilmək üçün insana ürək lazımdır. Sözün hər iki mənasında: Həm bu məsuliyyətin altına girə bilmək üçün ürəkli olmalısan, həm də sədaqət andı içdiyin dövlətə sadiq qalmaq və onu insanlara sevdirə bilmək üçün. Ləyaqətli dövlət qulluqçusunun gördüyü sadəcə iş deyil, sözün ən ali mənasında xidmətdir, həm də eyni zamanda iki tərəfə - həm xalqa, həm də dövlətə xidmət. Dövlətin də, xalqın da marağındadır ki, həmişə bir olsunlar, çünki bütün uğurların qaynağı dövlət-xalq birliyidir; bu birliyi təmin edən “sehirli” element isə dövlət qulluqçularıdır. Çünki hara yozsaq da, nə desək də, məmuruna nifrət edən xalq, dövlətini sevə bilməz.

Dövlətə qulluq etmək – sadəcə haradasa işləməkdən daha artıq anlayışdır. Dövlət qulluğu sayılan postda hər adam işləyə bilər, amma hər kəs sözün əsl mənasında Dövlət Qulluqçusu ola bilməz. “Dövlət” adlandırdığımız nəhəng struktur həmin o insanların - əsl Dövlət Qulluqçularının!,- çiynində dayanıb. Onların sayı çox deyil, rəsmi rəqəmə görə, ölkədə dövlət qulluğu sayılan vəzifələrdə 29,3 min nəfər işləyir, həqiqi Dövlət Qulluqçularının sayı isə şübhəsiz, bundan daha azdır. Amma az olsalar belə, dövlətin ağır yükünü çəkməyi bacarırlar, çünki həmin yükün nə olduğunu dərk ediblər; nəticədə bu yük onları yormur, əksinə, güc verir.

Gəlin, bu gün - yəni Dövlət Qulluqçularının Günündə,- həmin adı yamaq kimi üstünə yapşdıranları və klassik bürokratları qırağa qoyaq, onlar hətta adi bir yazının mövzusu olmağa da layiq deyillər. Bizi maraqlandıran işini bilən və çalışdığı sahəni irəli aparan enerjili, bacarıqlı şəxslərdirlər. Zəmanəmizin qəhrəmanları məhz onlardır, digər tipajların təkəri isə onsuz da artıq tərsinə fırlanmağa başlayıb.

Son vaxtlar dövlətin əsl qulluqçuları çoxalıb və bu, gələcəklə bağlı nikbinliyi xeyli artırır. Bu insanlara yer verməklə dövlət özünü və üzünü gözəlləşdirir. Onlar elə kadrlardırlar ki, istənilən sahəyə getsələr, uğur qazanacaqdılar - Şəxsi biznesdə də, hansısa böyük şirkətdə də, xaricdə də... Hətta dövlət işlərində çalışmasalar, bəlkə daha çox qazana, daha yaxşı yaşaya biləcəkdilər. Bax, belə adamların dövlət qulluğunu seçmələri artıq sadəcə karyera deyil, həm də fədakarlıqdır. Hamı deyə bilər ki, həyatda puldan da, vəzifədən də vacib şeylər var, amma bunun məhz nə olduğunu izah etməkdə çoxları çətinlik çəkəcək. Ləyaqətli dövlət qulluqçusu bu suala cavab tapmış adamdır.

Əsl dövlət qulluqçusunun eqosu olmur, “mənə-mənəm” demir, öz “Mən”ini sədaqətli qalacağına and içdiyi dövlət ideologiyasının içində əridir, dövlət orqanizminin bir hissəsinə çevrilir. Onun yeganə marağı dövlət aparatının daha effektiv çalışması, daha yaxşı nəticələr göstərməsidir. Belə adamlarn üçün iş həyatının missiyasına dönür, onlar üçün hətta işin harada bitib, şəxsi həyatının harada başlamasını göstərən sərhədlər də itir.

Əvvəllər “məmur” deyəndə insanların ağlına daha çox mənfi personaj gəlirdi – ləng, süründürməçi, xalqdan uzaq, işini bacarmayan, əksər hallarda rüşvətxor bir bürokrat. Təbii ki, heç bir obraz boş yerdə yaranmır, belə məmurlar hər zaman olub, kökləri də yəqin, tezliklə kəsilməyəcək, amma əsas odur ki, indi tamam əks tipdən olan dövlət qulluqçuları getdikcə çoxalır: Gənc, savadlı, enerjili, insanlara yaxın, peşəkar, tutduğu mövqenin məsuliyyətini başa düşən... Bu tip məmurlar hazırda səssiz tarix yazmaqla məşğuldurlar: Çünki onlar çoxaldıqca mənfi məmur tipajları istər-istəməz ya tamam aradan qalxacaq, ya da azsaylı karikatur personajlara çevriləcəklər.

Azərbaycan dövlətinin 27 ildə qazandığı ən böyük uğurlarından biri budur ki, öz məmurunu yetişdirməyi bacarıb. Hələ ki, biz onların ilk dalğasını görürük. Savadlı, mədəni, peşəkar və patriot insanlardan ibarət bu dalğanın ardınca yeniləri də gələcək, onlar dövlət-vətəndaş münasibətlərində artıq yaranmağa başlamış yeni reallığı genişləndirəcək və bütün sahələrə yayacaqlar. Onlar yeni dövrün tələblərini anlayır, bu xalqın, dövlətin və ən əsası, onun başçısının nə istədiyini bilirlər, ləyaqətli məmurluğun fəlsəfəsini anlayıb və qəbul ediblər. Onlar – cəmiyyəti və dövləti irəli aparan bir ordudurlar. Ən yaxın gələcəkdə dövlətin siması da məhz onlar olacaqlar. Bu optimizm heç də boşuna deyil: dövlət qulluğuna gələn yeni nəslin xarakteri bizə nikbinlik üçün əsas verir.

P.S. Mənim şəxsən tanıdığım bir neçə dövlət qulluqçusu var ki, hər şeyi qırağa qoysaq, sadəcə belə məmurların varlıqları Vətəndaşın öz Dövlətini sevməsi üçün kifayətdir. Əminəm ki, tanımadığım dövlət qulluqçularının arasında da belələri tapılar. Bu yazını həm də onlara kiçik bir hədiyyə sayın. Baxmayaraq ki, deyə bilmədiyim daha böyük sözlərə layiqdirlər.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Dövlət-qulluqçuları  





Xəbər lenti