`Qatil` siyasətə qurban getdi

`Qatil` siyasətə qurban getdi
  19 Oktyabr 2013    Oxunub:2634
Rejissor Mehriban Ələkbərzadənin Şimali Kipr teatrında, türk aktyorların ifasında quruluş verdiyi “Qatil” tamaşası Azərbaycan səhnəsində oynanılmayacaq. Bu barədə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov məlumat verib. Onun sözlərinə görə, ortaq layihə barədə mətbuatda getmiş məlumatlar jurnalistlərin xoş fantaziyasından başqa bir şey deyil.


Məsələdən bixəbər olanları xəbərdar edək ki, Elçinin “Qatil” əsəri əsəri əsasında eyniadlı tamaşaya əvvəlcə yerli, sonra isə Kipr teatrının səhnəsində quruluş verildi. Həmin ərəfədə yerli mətbuatda ortaq layihənin reallaşacağı haqda xəbərlər yayıldı. Layihənin mahiyyətinə görə, tamaşada Azərbaycan və Kipr aktyorları tərəf müqabilləri olacaqlar. Daha sonra bu yaradıcılıq mübadiləsinin bəhrəsi – ortaq tamaşa iki ölkənin səhnəsində oynanılacaq.

İsrafil İsrafolovun sözlərinə görə, belə bir layihə heç əvvəldən planlaşdırılmayıb. Ən azından ona görə ki, Şimali Kiprin hazırki siyasi ab-havası buna imkan vermir: “Kiprdə çox gəribə siyasi ovqat hökm sürür. Şimali Kipr tanınmamış respublikadır. Azərbaycanın tanıması mümkün deyil, çünki Dağlıq Qarabağ problemimiz var. Bundan başqa, orada olduğum zaman bildim ki, 7 ilə 4 mədəniyyət naziri dəyişdirilib. Yeni nazirlərin gəlişilə teatr direktorları da yenilənib. Hərəsi də müxtəlif partiyaların üzvü. Hər nazir üzv olduğu partiyasındakı adamını direktor təyin edib. Digər tərəfdən Kipr tərəfinin teatr binası 16 il əvvəl yanıb, tamaşalar ancaq icarəyə götürülmüş səhnələrdə oynanılır. Bu baxımdan onların bizi qəbul etməyə imkanları yoxdur”.

İ.İsrafilov həmçinin əlavə etdi ki, Mehriban Ələkbərzadənin orada hazırladığı “Qatil” tamaşasının Bakıda nümayişi üçün bütün xərci Azərbaycan tərəfi çəkməyə razılaşsa da, hələ ki, ortaq fikrə gəlinməyib.

Sevda Babayeva



Teqlər:





Xəbər lenti