"Barbarların aşağıdan hücumu": Sosial şəbəkədə kütlə niyə aqressivdir?

"Barbarların aşağıdan hücumu": Sosial şəbəkədə kütlə niyə aqressivdir?
  17 Avqust 2018    Oxunub:35939
Necə oldu ki, bəşəriyyətə Bethoveni, Şilleri, Höteni, Kantı, Hegeli, Nitsşeni, Şopenhaueri bəxş edən Alman xalqı sonda ortaya Hitler kimi iblisi çıxardı? Bu suala çox cavablar verilib, müxtəlif sahələrin düşüncə adamları məsələni siyasi, sosial, psixoloji, hətta geosiyasi tərəflərdən izah ediblər. Amma ən maraqlı və fikrimcə, həm də ən düzgün cavabı hamı pıçıltı ilə, qorxa-qorxa səsləndirib. Niyə? Çünki risklidir: kütlənin qəzəbinə gələ bilərsən. Amma daha yağışdan qorxusu olmayan islanmış mən məhz o cavabın üstündə dayanacağam.
20-ci əsrin birinci çeyrəyində bütün dünya üçün çox ciddi proses getdi: müxtəlif ölkələrdə kütləyə bərabər seçki hüququ verildi, başqa sözlə, kütlə hakimiyyəti formalaşdırmaq işinə buraxıldı. Vaxtilə Platon seçkili demokratiyanı ələ salaraq, soruşurdu ki, siz təsadüfən küçədən keçən, tanımadığınız bir adama ayaqqabınızı yamamağı etibar edərsinizmi? Yox? Elə isə, dövlət başçısı seçməyi niyə etibar edirsiniz? Məgər dövlətə başçı seçmək ayaqqabı yamamaqdan daha asan işdir?!

Platon dahi idi və bilirdi ki, kütlə əksər hallarda haqsızdır. Bilirdi ki, kütlənin bir Allahı var: populizm. Həqiqətə, məntiqə və arqumentlərə isə kütlə nifrət edir.
Məhz buna görə XX əsrin əvvəllərinə qədər əksər dövlətlərdə keçirilən seçkilərdə mütləq hansısa senz olurdu: Sosial mənsubiyyət senzi, əmlak senzi, təhsil senzi, yaş senzi... Hökumətləri bir qayda olaraq, elitalar formalaşdırırdılar. Elitanın idarə etdiyi Almaniyada (daha doğrusu, Prussiyada) Bismark kansler olurdusa, elə ki, seçmək hüququ kütləyə verildi, kütlə Hitleri seçdi. Yəni Hitler - Alman xalqının yox, Alman Kütləvi Seçicisinin əsəri idi.

Əsrin sualına yarımcavab

Bunun əvəzini 60 milyon insanın həyatı ilə ödəyəndən sonra, dünya başa düşdü ki, Platon nə qədər haqlı imiş! Ona görə də, 50-60-cı illərdən müxtəlif dövlətlərin siyasi elitaları belə bir ciddi sualın üzərində düşünməyə başlamışdılar: Necə edək ki, Kütlə dövlətin idarəçiliyində həm iştirak etsin, həm də etməsin? Yəni Kütlə əmin olsun ki, hökuməti formalaşdıran özüdür, amma əslində belə olmasın? Bu, əsrin sualı idi.

Məsələnin həlli üçün çoxları, o cümlədən də, Freydin ABŞ-a miqrasiya etmiş bacısı oğlu Edvard Berneys də daxil olmaqla, dövrün ən güclü psixoanalitikləri çalışırdılar və nəticədə kütlə şüuru ilə manipulyasiyanın çox mükəmməl metodları hazırlandı. Həmin metodlar bu gün də o qədər uğurla işləyirlər ki, Amerika xalqı hakimiyyəti özünün formalaşdırdığına tamamilə əmindir.

Digər tərəfdən, 70-ci illərdən başlayaraq, Qərb kapitalizminin daxilində istehlak cəmiyyəti modelinin qurulması onunla nəticələndi ki, kütlənin fəallığı siyasət müstəvisindən məişət müstəvisinə transfer olundu. Beləliklə, ictimai şüurla manipulyasiya, üstəgəl, istehlak cəmiyyətinin qurulması nəticəsində kütlənin dövlət mexanizminin işinə müdaxiləsi xeyli azaldıldı.

İndi Platon yenidən öz qəbrində rahat yata bilərdi, amma... 21-ci əsrin ilk onilliyində kütlənin siyasətə və dövlətin həyatına müdaxiləsi üçün yeni bir meydan açıldı: Sosial şəbəkələr. Tezliklə məlum oldu ki, ənənəvi mediada kütlə şüuru ilə manipulyasiya etmək üçün yaradılmış metodlar sosial mediada o qədər də effektiv deyil. Çünki bütün o metodlar hazırlanarkən kütlə dinləyici tərəf kimi götürülmüşdü, burada isə qəfildən kütlənin özü danışan tərəfə çevrildi.

Belə bir vəziyyətdə kütlə şüuru ilə manipulyasiya etmək üçün yeni reallığa uyğun metodlar hazırlamaq lazımdır. Amma müasir dünyada Edvard Berneys kimi dahilər yoxdur. Ona görə də, barbarların aşağıdan hücumunun yeni dalğasının başlaması qaçılmaz oldu.

Barbarlar kimdir, haradan gəlir və nə istəyirlər?

“Barbarlar” deyəndə ağla ilk gələn Roma imperiyası olur və bu, düzgün assosiasiyadır. Simvolik olaraq “barbarlar” – sivilizasiyanın düşmənləridirlər və onu dağırtmaq istəyirlər. İstənilən sivilizasiya, kiçik mənada isə dövlət bir sistem deməkdir. Sistemin antipodu xaosdur. Xaos – mühitin sistemsiz halıdır. Sistemdə Xaos olmur, Xaosda sistem. Bunlar Ölüm və Həyat kimi bir-birini istisna edən anlayışlardırlar, ortada mütləq ikisindən ancaq biri olmalıdır. Demək, barbarlar – simvolik olaraq, hansısa Sistemi (siyasi, ictimai, iqtisadi, mənəvi...) dağırtmaq istəyən qüvvədirlər.

Roma sivilizasiyası bir sistem idi və barbarlar onu dağırdanda yerində xaos bərqərar oldu. Bu, klassik hücum idi – “Barbarların üfüqi hücumu”. Yəni həmin barbarlar başqa ölkədən gəlmişdilər, onları cəmiyyət özü yetişdirməmişdi. Bir də barbarların Sistem üzərinə şaquli hücumu olur – yəni aşağıdan yuxarıya. Bu termini ilk dəfə XX əsin əvvəllərində alman siyasətçisi və dövlət adamı Valter Ratenau işlətmişdi. O, həmin terminilə demək istəyirdi ki, sivilizasiya yenə də təhlükədədir, amma bu dəfə onun üstünə aşağıdan hücum var; yeni barbarlar kütlənin aşağı təbəqələridə formalaşırlar, onlar populizmdən başqa heç nəyi anlayıb, qəbul etmirlər, məqsədləri isə yuxarıya doğru hücum edərək, bu zaman qarşılarına çıxan hər şeyi tapdalamaqdır.

Problem ondadır ki, sonradan kütlə şüurunun ən nəhəng bilicisi Orteqa-i-Qassetin də dediyi kimi, kütlə siyasət məkanına vəhşicəsinə, kobudluqla, vaxtilə barbarların Romaya girdiyi kimi girir. Öz hərəkətinin verəcəyi nəticəni vecinə də almadan siyasi nizamı məhv edir, ancaq özünü – öz düşüncəsini, öz iradəsini, öz zövqünü qəbul etdirmək ehtirası ilə alışıb-yanır.

Virtual barbarlıq

Bizim sosial şəbəkədə müşahidə etdyimiz proses də əslində budur. Kütlə sözünü demək, tələbini diqtə etmək, onun kimi düşünməyənləri əzib-keçmək üçün imkan qazanıb. Bütün kütlələr kimi onun üçün də ancaq bircə dəyər var – populizm. Kütlənin düşməni özü kimi olmayan azlıqdır. Milli “sivilizasiya”nın əsrlər boyunca yaratdığı əxlaqi-mənəvi dəyərlərin (böyüyə hörmət, xanımların yanında söyüş söyməmək və s.) kütlə üçün bir qəpik də qiyməti yoxdur. Romaya üfüqi hücum edən barbarlar Veneranın, Apollunun heykəllərini necə ləzzətlə dağıdırdılarsa, feysbukda şaquli hücuma keçən barbarlar da əxlaq, tərbiyə, mədəniyyət kimi anlayışları o cür ehtirasla tapdalayırlar. Onlar üçün ekzistensial deviz “Dağıdıramsa, deməli, varam” şəklindədir. Söyüş və təhqir özünütəsdiqin əsas formasıdır.

Bu vertikal hücum dalğası sosial şəbəkədən kənara çıxanda “Ərəb baharı” baş verir. Düzdür, Azərbaycanda sosial şəbəkə ilə real həyat arasında böyük uçurum var, barbarlar hələ ki, ancaq virtualda hücuma keçiblər, amma bu təsəlliyə aldanmaq düz olmazdı. Üstəlik, bəzi dəyərlər var ki, onlar məhz elə virtualda məhv edilirlər.

Onların qarşısını kim kəsməlidir?

Bizim bəşər tarixindən çıxarmalı olduğumuz ən vacib nəticələrdən biri budur: Sivilizasiyaların (sistemlərin) qorunması həmişə məsuliyyətini dərk edən azlığın üzərinə düşür. Dağırtmaq istəyən çoxluğun (kütlənin) əks tərəfində qorumaq istəyən azlıq (elita) dayanmalıdır. Ona görə də, öz elitasını (söhbət əsasən mədəni-intellektual elitalardan gedir) formalaşdırmağı bacarmış xalqlar barbarların aşağıdan hücumundan qorxmaya bilərlər.

Kütlənin sevgisini qazanmağa çalışmaq axmaqlıqdır; zira, kütlə öz kumirini bircə gündə yerə çırpıb, üstünə tüpürüb, ayaqlarını silə bilər. Kütlənin zəif tərəfindən istifadə edib, onun enerjisini yönəltmək və ya sovuşdurmaq lazımdır. Kütlənin zəif tərəfi isə düşüncəsinin olmamasıdır. Kütlə düşünmür, instinktlə hərəkət edir və onun ancaq bir instinkti var: Dağırtmaq. Bu, onun həm güclü, fəqət, eyni zamanda, həm də zəif tərəfidir. Hətta çox ağıllı insan belə, kütləyə qoşulanda, fərqi keyfiyyətlərini itirir, qum saatının içində axışan dənəciklərdən birinə çevrilir. Lazım olanda hansısa əl qum saatını tərsinə çevirsə, dənəciklər tamam əks istiqamətdə axmağa başlayacaqlar.

Bizdə kütlədən fərqlənən insanlar kütlədən qorxurlar. Çünki kütlənin əsas silahı söyüşdür, biz isə tarixən söyüşə çox ağrılı yanaşan xalq olmuşuq və bu, indi də belədir. Amma kütlə fərqinə də varmadan sürətlə özü-özünü tərksilah etməkdədir. Sosial şəbəkədəki kütləvi söyüşlər ona gətirib çıxaracaq ki, ingilislərin söhbət zamanı hər cümləbaşı “fuck”, rusların “твою мать”, “иди на ...”, türkiyəlilərin “amk” deməsi kimi, bizdə də söyüşlər adiləşəcək və sosial şəbəkədə leksikonun adi bir hissəsinə çevriləcək. Düzdür, bu, pisdir, bununla barbarlar bizim kiçik “sivilizasiya”nın çox vacib bir mənəvi sütununu dağırtmış olacaqlar. Amma ondan sonra özlərinin də əsas silahları əllərindən çıxacaq və gücləri xeyli azalacaq.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Sosial-şəbəkə   Kütlə   Kütlə-şüuru   Feysbuk  





Xəbər lenti