İsmayıllı məhkumlarının məhkəməsinin vaxtı bəlli oldu

İsmayıllı məhkumlarının məhkəməsinin vaxtı bəlli oldu
  21 Oktyabr 2013    Oxunub:1236
İsmayıllı hadisələrinə görə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesinin başlama tarixi məlum olub.
Şəki Ağır Cinayətlər Məhkəməsindən bildirilib ki, məhkəmə prosesi noyabrın 4-də saat 14-də başlayacaq.

Prosesə hakim Rəşid Hüseynov sədrlik edəcək. Hakimlər heyətinə Əli Süleymanov və Xəqani Səmədov daxildir.

Məhkəmədən bildirilib ki, İsmayıllı işi üzrə təqsirləndirilən 18 nəfərin prosesdə iştirakının təmin olunması üçün etap qərarı Bakı İstintaq Təcridxanasına göndərilib: “Təqsirləndirilən şəxslər Gəncə 2 saylı İstintaq Təcridxanasına köçürüləcək. Çünki Şəki İstintaq Təcridxanası hələlik istifadəyə verilməyib. Təqsirləndirilən şəxslər məhkəmə günləri Şəkiyə gətiriləcək, proses bitəndən sonra yenidən Gəncə İstintaq Təcridxanasına qaytarılacaqlar”.

Şəki Ağır Cinayətlər Məhkəməsindən bildirilib ki, mühakimə prosesi açıq keçiriləcək.

2013-cü ilin yanvarın 23-də İsmayıllı şəhərindəki “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir edib. Bu insident böyüyərək “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi aksiyaya çevrilib.

Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefası tələb olunub. Fevralın 14-də prezident İlham Əliyev Nizami Ələkbərovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.

İsmayıllı olaylarına görə 18 nəfər həbsdədir. Onlar arasında “Yeni Müsavat” qəzetinin əməkdaşı, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının sədri İlqar Məmmədov da var. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb. (Media forum)

AzVision.az


Teqlər:  





Xəbər lenti