Neft 80 dollardan yuxarıdır: Qeyri-neft sektorunda inkişaf üçün böyük fürsət – TƏHLİL

Neft 80 dollardan yuxarıdır: Qeyri-neft sektorunda inkişaf üçün böyük fürsət – TƏHLİL
  01 Oktyabr 2018    Oxunub:21821
Neftin dünya bazar qiymətləri artmaqda davam edir. Ötən həftənin sonunda bu sahədə 2014-cü ildən bəri ən yüksək nəticə qeydə alındı. “Brent” markalı neft 82 dolları keçdi. Təxminən bir ay öncə bunu proqnoz etmək çox çətin idi.
Ümumiyyətlə, bəlli olduğu kimi, neftin dünya bazar qiymətləri 2014-cü ilin iyun ayından etibarən enməyə başladıqdan sonra yalnız 2 il sonra, yəni 2016-cı ilin ikinci yarısında sabitləşdi. Həmin dövrədək isə qiymətlər mərhələlərlə aşağı düşməklə bir ara, dəqiq desəm, 2016-cı ilin əvvəlində hətta, 40 dollardan da aşağı səviyyəyə enmişdi. Düzdür, bu, çox qısa müddət ərzində baş verdi, ancaq ixracçı ölkələri, ümumiyyətlə, dövlət gəlirləri "qara qızıl" satışından asılı olan ölkələri əməlli-başlı silkələdi. Yalnız Neft İxrac edən Ölkələr Təşkilatı, yəni OPEC tərəfindən hasilatın azaldılacağı barədə söhbət orta çıxdıqdan sonra bazarda ucuzlaşma tendensiyası dayandı.

Xatırladım ki, bu haqda qərar 2016-cı ilin il noyabrın 30-da adı çəkilən qurum tərəfindən Vyanada keçirilən görüşündə qəbul olunmuşdu. Bu qərara hətta, kartelə üzv olmayan ölkələr də qoşuldular. Beləliklə də, qiymətlər 50 ABŞ dollar ətrafında sabitləşdi. Və uzun müddət belə davam etdi. Belə ki, sonradan OPEC-in sözügedən qərarının müddətini uzatması bilavasitə 2017-ci il üçün qiymətləri 50 dollardan da yuxarı səviyyədə möhkəmlənməsinə yardım etdi...

Bu əvvəlində eyni mövzuda yazdığım şərhdə qeyd etmişdim ki, neftin dünya bazar qiymətlərinin yenidən kəskin şəkildə enəcəyi yaxın müddətdə gözlənilmir: “...Düzdür, qiymətin indiki vəziyyətində, yəni 60-70 ABŞ dollar arasında qalması şist hasilatının genişlənməsi üçün əlverişli vəziyyətdir. Lakin, məsələ ondadır ki, dünya iqtisadiyyatında hazırda bir canlanma var. Belə ki, avrozona ölkələrində artım meyilləri müşahidə edilir, Almaniya iqtisadiyyatı sürətlə inkişaf edir. Üstəlik, Çin iqtisadiyyatındakı geriləmə də bir müddətdir, dayanıb. Bu ölkənin xam neftə tələbatı artırıb. Bütün bunlara paralel olaraq, OPEC hasilatı azaltmaq haqda qərarını dəyişmək niyyətində deyil. Və nəhayət, üçüncü amil isə bundan ibarət idi ki, Yaxın Şərq regionunda siyasi vəziyyət nəinki yaxşı deyil, hətta getdikcə pisləşməkdədir. Odur ki, neftin qiyməti hətta ola bilsin, arada 70 dolları da keçsin. Amma 50 dollara qədər ucuzlaşan deyil. Azı, 2019-cu ilə qədər...”

Budur: Neft, girişdə qeyd etdiyim kimi, 80 dollardan da yuxarı qalxıb. Bəs, buna səbəb nədir?



Bu ilin yayın əvvəlində ABŞ prezidenti Donald Tramp neftin dünya bazar qiymətlərinin yüksək olduğunu bəyan etdi və buna görə narazılığını bildirdi. Əsas günahkar olaraq da OPEC-i göstərdi. Bu, o demək idi ki, ABŞ-ın dünya neft bazarına təsir gücü əvvəlki kimi deyil. Demək, neft üzrə dünya bazarlarında rəqabət imkanları əvvəlkinə nisbətən, kifayət qədər genişlənib.

Amerika üçün neftin qiymətinin yüksək olması heç də məqsədəuyğun deyil. Xüsusən də, indiki halda... Amerikanın mərkəzi bankı sayılan Federal Ehtiyat Sistemi (FES) tərəfindən uçot dərəcəsinin hər dəfə bir az artırılaraq yayda artıq, 2%-dək qaldırmasının da bir səbəbi məhz, bununla əlaqədar idi. Məlum olduğu kimi, dolların bahalaşdırılması ilə bağlı bugünlərdə son qərara əsasən isə uçot dərəcəsi 0,25% artırılaraq, 1,75-2%-dən 2-2,25%-ə çatdırıldı. ABŞ-ın dünya neft bazarında əvvəlkitək qiymətlərə təsir imkanı yoxdur. Bunu son qiymət artımları əyani olaraq sübut edir. Amerika üçün neftin hazırki qiymət səviyyəsi nə siyasi baxımdan, nə də iqtisadi nöqteyi-nəzərdən sərfəli deyil. Düzdür, bu, şist sənayesini dirçəldir. Lakin, ABŞ üçün şist neft hasilatı hələ o inkişaf səviyyəsində deyil ki, bazarda qiymətləri tam olaraq idarəetməyə imkan versin.

Digər tərəfdən, Amerika iqtisadiyyatı özü inkişafdadır. Bu isə o deməkdir ki, ABŞ-ın özünün neftə tələbatı az deyil. Yəni, xüsusən iqtisadi artım şəraitində...

Üçüncüsü isə, ABŞ valyutası möhkəmlənməkdə idi. Ancaq bu, ölkə iqtisadiyyatına ziyandır. Odur ki, FES-in ardıcıl olaraq faiz artımlarına getmək xətti götürməsi, dolları son vaxtlar elə də bahalaşdırmır. Bu isə neftin qiymətinin yüksəkdə olmasını şərtləndirən əlavə amildir. Üstəlik, İran yenə bazardan sıxışdırılmış vəziyyətdədir. Yəni, sanksiyalar işə düşür. Belə ki, dünya bazarları sutkada 1,5 milyon barel neftdən məhrum olmaq məcburiyyətində qalacaqdır. OPEC və ona daxil olmayan hasilatçı ölkələr isə təklifi artırmaq haqda yenə düşünmək niyyətində deyillər.

Sözün qısası, həm bu, həm də digər amillərə görə, neft hələ bir müddət də baha olaraq qalacaq. Dediyim kimi, hazırda “Brent” markalı neft 82 dolları keçib. “Azeri LT CIF” markalı neftin qiyməti isə 84,78 dollar/barelə bərabərdir. “Azeri LT CIF”nin buna qədər minimal qiyməti 2001-ci ilin dekabrında 19,15 dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olmaqla qeydə alınıb. Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı üçün bundan gözəl imkan ola bilərmi?!


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Neft  





Xəbər lenti