Oxlokratiya: Ermənistan iki diktaturanın arasındakı dövrdən keçir - TƏHLİL

Oxlokratiya: Ermənistan iki diktaturanın arasındakı dövrdən keçir - TƏHLİL
  05 Oktyabr 2018    Oxunub:32572
Bu həftə Yerevanda baş verən hadisələr göstərdi ki, hamının tez-tez dediyi “Ermənistanın yeni baş naziri küçədən çıxıb” ifadəsi düzgün fikir deyil. Çünki Paşinyan hələ küçədən çıxıb qurtarmayıb. Ayağının biri hökumət evində olsa belə, digəri hələ də küçədədir. Və üzləşdiyi bütün məsələləri həm də bu səbəbdən küçədə həll etməyə çalışır.
Ona görə də, bu həftə Yerevanın və Ermənistanın digər şəhərlərinin küçələrində əsl siyasi fars yaşanırdı. Dörd ay əvvəl deputat Paşinyanın çağırışı ilə baş nazirə qarşı mitinqə çıxan insanlar bu dəfə baş nazir Paşinyanın çağırışı ilə deputatlara qarşı aksiya keçiridilər.



Məsələ ondadır ki, Paşinyan küçənin köməyilə hakimiyyətə gəlsə də, hakimiyyət hələ Paşinyana gəlməyib. Ermənistanın parlamenti hələ də Respublikaçılar Partiyasının nəzarətindədir və bu, qarşıdakı növbədənkənar seçkilər zamanı planlarını pozmaqla, Nikol Vovayeviçə ciddi başağrısı törədə bilər.

Paşinyanın planı əslində çox sadədir: əgər istefa versə, aydın məsələdir ki, indiki Parlament onu təsdiqləməyəcək. İki cəhddə təsdiqləyə bilməsə, indiki qanuna görə, parlament buraxılmalıdır. Amma Paşinyan bic olub, kündəni sayırsa, parlamentdəkilər də axmaq deyillər və kündədən kəsməyə çalışırlar. Yəni qanunvericiliyi dəyişməklə, Nikol Vovayeviçin planını zərərsizşləşdirmək istəyirlər.

Baş nazir parlamentdəki proseslərə qanuni yollarla təsir edə bilmədiyi üçün, küçəni əlində dəyənəyə çevirib, bu dəfə deputatların başına vurur. Onun elə meydandaca dəyişikliyə səs verən nazirləri, qubernatorları işdən çıxardığını elan etməsi göstərirdi ki, Paşinyan kütləyə “inqilab davam edir” mesajını verməyə çalışır və özünün hələ də baş nazir yox, inqilab lideri olduğunu nümayiş etdirir. Parlamentin qanuna etdiyi dəyişikliyi “əksinqilabi” adlandırması da məhz bu məqsədə xidmət edirdi. Yəni “ay ermənilər, inqilab hələ də bitməyib. Ona görə də küçədə olun, dözün, möhkəm durun...”



Nəzəri cəhətdən Ermənistanda belə bir maraqlı ssenari də reallaşa bilər. Paşinyan hakimiyyətini möhkəmləndirmək üçün yenidən seçilmək niyyətilə istefa verəndən sonra ona müxalif olan Respublikaçılar, Daşnaksütun və Çiçəklənən Ermənistan partiyaları sözü bir yerə qoyub, baş nazir postuna fərqli bir namizədi təsdiqləyə bilərlər. O zaman parlament buraxılmayacaq, Paşinyan isə oyundankənar vəziyyətdə qalacaq. Bu, tamamilə qanuni olacaq, amma belə olmaması üçün natamam baş nazir açıq şəkildə deputatları kütlənin qəzəbilə hədələyir. Belə çıxır ki, Ermənistanda siyasi proseslər hazırda qanunla yox, kütlənin iradəsilə yönəldilir. Başqa sözlə, “məxməri inqilab” adlandırılan hadisədən sonra Ermənistanda demokratiya deyil, klassik oxlokratiya rejimi bərqərar olub.

Belə görünür ki, tipik küçə siyasətçisi olan Paşinyana oxlokratiya sərf edir və onun demokratiya, qanun müstəvisində oynamaq fikri də yoxdur. Tam əksinə, kütlənin verdiyi dəstəkdən Paşinyan ancaq özünün tək və şəriksiz hakimiyyətini möhkəmləndirmək məqsədilə faydalanmağa çalışır. Ötən ay Yerevana mer seçkiləri zamanı məşhur komik Ayk Marutyanın namizədliyini irəli sürən Paşinyan bu prosesi də oxlokratiya müstəvisinə çəkib, göstərdi ki, kütlə hələ də onun tərəfindədir. Sanki baş nazir parlamentdəki rəqiblərinə acıq verirdi ki, “Baxın, mən kimi göstərirəmsə, kütlə ona da səs verir. Hətta o kəs komediant olsa belə”. Bu səhnə imperator Neronun öz atını Senata seçdirməsinə necə də bənzəyirdi...

İndi Ermənistanın gələcəyindən danşanda ortaya ciddi bir sual çıxır. Əvvəlki hakimiyyət – yəni Sarqsyan iqtidarı,- pərdələnmiş diktatura idi. İndi isə ortada keçid mərhələsi qismində açıq-aşkar oxlokratiya var. Bəs bu oxlokratiyadan hara keçid olacaq?



Hazırda görünən meyl budur ki, Paşinyan bütün yollarla özünün təkhakimiyyətliyini möhkəmləndirməyə çalışır. Atdığı bütün addımlar tam özünün nəzarətində olan parlament və hökumət formalaşdırmaq məqsədi daşıyır. Əgər bu, baş tutsa, daha sonra qanunlara yenidən əl gəzdirmək və Nikol Vovayeviçin şəriksiz hakimiyyətini möhkəmləndirmək mərhələsi gələcək. Təbii, bunu ölkə xaricindəki güclərlə də razılaşdırmaq şərtilə. Bu halda salam, saqqallı diktatura...

Hər şeydən belə görünür ki, hazırda Ermənistan iki diktaturanın arasındakı oxlokratiya mərhələsini yaşayır. Hələ ki kütlə meydandadır, mitinq keçirir, iradəsini diqtə edir, ölkənin idarəçiliyində iştirak edir, bundan vəcdə gəlir... Amma bu mərhələ uzun sürməyəcək. Kütlə Paşinyana ancaq o, öz şəxsi hakimiyyətini möhkəmləndirənə qədər lazımdır. Tarixdən minlərlə misal gətirmək olar ki, kütlənin inqilab yolu ilə iqtidara gətirdiyi şəxs hakimiyyəti öz əlində cəmləşdirəndən sonra daha amansız diktatora çevrilib. Çox tezliklə Ermənistanın hesabına belə misallardan biri də artacaq.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Paşinyan   Ermənistan   Oxlokratiya  





Xəbər lenti