Fransa kinosunun Azərbaycanlı siması - FOTOLAR

Fransa kinosunun Azərbaycanlı siması - FOTOLAR
  02 Noyabr 2013    Oxunub:5007
Robert Osseyn 85 il sonra Ata Yurduna gəlib, xalqı ilə fəxr etdiyini dedi

Bu həftə dünyanın ən məşhur azərbaycanlılarından biri Bakıya gəlmişdi. Elə bir şəxs ki, əslində bizdən biri olduğunu heç vaxt danmayıb, əksinə, həmişə deyib; amma biz nəyə görəsə onu heç vaxt lazımınca tanımamışıq, sevməmişik, fəxr etməmişik, sahiblənməmişik. Və Fransada yaşayan erməni şanson Şarl Aznavurdan danışanda heç yadımıza düşməyib ki, bu ölkənin incəsənətində Aznavurdan qat-qat böyük, dünyada daha artıq tanınan bir azərbaycanlı da var – Robert Osseyn. Bəli, bu, bizim ona, elə həm də özümüzə qarşı çox ciddi səhvimiz olub.

Amma artıq bu səhvi düzəltməyə başlamışıq. Bu həftə Bakıda keçirilən Humanitar Forumun təşkilatçıları dünya şöhrətli azərbaycanlını da dəvət ediblər və 85 yaşlı aktyor ilk dəfə ata yurduna gəlib.

- Azərbaycan dinlərə, başqa xalqlara olan münasibətə görə qəlbimdə fərəh hissi oyatdı. Düşünürəm ki, bu münasibət dünyanın heç bir yerində yoxdur. Fəxr edirəm ki, bu millətin bir hissəsiyəm,- deyə aktyor Bakıda verdiyi müsahibələrdə bildirib.

Rober Osseyn 70-80-ci illər Avropa kinosunun simalarından biri idi. Amma onu tanımaq üçün təkcə iki aktyor işini xatırlatmaq yetər: Anjelika haqqındakı filmlərdə qraf Joffrev de Peyrak və Jan Pol Belmandonun baş rolda oynadığı məşhur “Professional” filmindəki polis komissarı.

Bütövlükdə Osseyn, yaxud Hüseyn kinoda 80-dən artıq obraz yaradıb, özü filmlər çəkib, amma həyatının daha böyük hissəsi teatrla bağlı olub. Elə indi də Parisdəki `Marinya` teatrına rəhbərlik edir.

Rober Osseynin atası, musiqiçi və bəsəkar Əmənulla Hüseynov Səmərqənddə yaşayan azərbaycanlı olub. Avropaya köçəndən sonra adını dəyişərək Andre Osseyn qoyub, zərdüştiliyi qəbul edib və Kiyevdən olan yəhudi əsilli aktrisa Anna Minyevskaya ilə evlənib.
Belə ailədə doğulan Rober, təbii ki, musiqiyə və aktyorluğa meyilli olub, kiçik yaşlarından teatrda oynayıb, sonra kino karyerasını qurmağa başlayıb. Xüsusilə də klassik obrazlar və əsərlərlə çox işləyib. Həm fakturası, həm də mimika və səsini ustalıqla idarə etmək qabiliyyəti onu sürətlə məşhurlaşdırıb.
Onu da deyək ki, aktyorun fakturası və sifət quruluşu elə özlüyündə sanki “mən azərbaycanlıyam” deyir.
Maraqlı bir fakti da xatırladaq ki, Rober Osseynin ilk həyat yoldaşı, aktrisa Marina Vladi sonralar Vladimir Vısotskiyə ərə gedib. İkinci arvadı, 15 il yaşadığı yəhudi əsilli Karolin Elyaşeff isə bakılı idi.



Amma heç nəyə baxmayaraq, Rober Osseyn əsl azərbaycanlıdır. İstər dediyimiz kimi, sifət quruluşuna, istərsə də fikirlərinə və xarakterinə görə. Maraqlı bir detal: o deyir ki, Marina Vladi ilə ailəsinin dağılmasının səbəbi aktrisanın rus məişətinə bağlılığı olmuşdu.Yəqin ki, Osseynin azərbaycanlı xarakteri bu həyat tərzinə uyğunlaşa bilməyib.

Təəssüf ki, Azərbaycan xalqı bu böyük sənət adamını kəşf etməkdə gecikdi. Yəqin, ermənilərdən əsas fərqlərimizdən biri də budur: biz öz içimizdən çıxanların böyüklüyünü adətən görə bilmirik və ya istəmirik; onlar isə əksinə, hətta ortabab olanlarını da böyütməyi bacarırlar. Görünür, bizim diaspora quruculuğunda təcrübəsizliyimiz və Avropa mədəniyyətinə dərindən bələd olmamağımız da təsirini göstərib. Osseyn kimi tanınmış bir şəxs azərbaycanlıların Avropadakı fəaliyyətlərinə yaxından cəlb olunsa, yəqin diasporun işi xeyli effektiv olardı. Amma gec də olsa, artıq bu işə başlanılıb.

İndi Rober Osseyn Azərbaycanda insani münasibətlərdə olan humanizm haqqında tamaşa hazırlamaq və film çəkmək niyyətindədir. Bununla o, Azərbaycanlı xasiyyətinin özəl cəhətlərini dünyaya göstərmək istəyir.

- Bu gün Azərbaycanda xalqlar və dinlər arasında olan münasibətlər heç yerdə yoxdur,- deyir Osseyn.- Mən fəxr edirəm ki, belə bir xalqın parçasıyam. Azərbaycanda qadınlara olan hörməti bütün dünyaya göstərmək üçün tamaşa hazırlamağı planlaşdırıram. Səhnə əsəri hökndar Tomrisin timsalında Azərbaycan qadınına həsr olunacaq. Və lap qədimdən müasir dövrə qədər Azərbaycan qadınının cəmiyyətdəki rolundan bəhs edəcək. Bu işdə Heydər Əliyev Fondunun dəstəyinə ümid edirəm. Heydər Əliyev Fondu Azərbaycanın Birinci Xanımının rəhbərliyilə Azərbaycan Mədəniyyətinin dünyaya tanıdılmasında böyük işlər görür. Bu fəaliyyətin özü də Azərbaycanda qadına olan ehtiramın göstəricisidir. Mən bu ehtiramı dünyaya çatdırmağı özümə borc bilirəm. Əgər bu fikri reallaşdıra bilsəm, bu, mənim incəsənətlə bağlı sonuncu işim olacaq.



Rober Osseynin taleyi onu göstərir ki, Azərbaycan xalqı bir tərəfdən istedadlar yetirən, amma o biri tərəfdən öz yetirdiyi istedadlarına vaxtında sahib çıxmağı yaxşı bacarmayan xalqdır. Necə ki, Osseyn-Hüseynov həmişə Azərbaycanla olub, amma Azərbaycan həmişə onunla olmayıb. Bu aktyorun tarixçəsi onu göstərir ki, biz özümüzün yetirdiyimiz böyüklərin haqqında iki şeyi çəkinmədən deməyi hələ öyrənməliyik: `Böyükdür!` və `Bizimdir!`

Tariyel Həsənov


Teqlər:  





Xəbər lenti