`Bizim qadınlarda olan qarın heç yerdə yoxdur` - SORĞU

`Bizim qadınlarda olan qarın heç yerdə yoxdur` - SORĞU
  05 Noyabr 2013    Oxunub:7072
Bugünlərdə Azərbaycanda olmuş Ukraynalı jurnalist Dmitri Jmutski ölkəmizdə müşahidə etdiyi maraqlı özünəməxsusluqlar haqqında fikirlərini bölüşüb. Onun azərbaycanlı qızlar və oğlanlar haqqında fikirləri isə daha çox marağa səbəb olub. Azərbaycanlı qızlar haqqında jurnalist deyir:
«Azərbaycanla müqayisədə Ukrayna gözəllik, diyeta və fitnes ölkəsidir. Avropanın formada qalmaq kultu hələ ki, Xəzər sahillərinə gəlib çatmayıb. Azərbaycanlı qızların əksəriyyətinin enli arxaları, sallaq qarınları və piyli budları var. Səhvən girdiyimiz bir strip-klubda biz ilk dəfə piyli və rezin alt paltarından ətləri sallanan qızları gördük. Krımda bu cür qızları ən azı on kiloqram arıqlamamış kluba buraxmazdılar».

Biz də azvision.az saytı olaraq qalmaqallı qonağın bu fikirləri haqqında jurnalist həmkarlarımız, xüsusi ilə də xanım jurnalistlər arasında sorğu keçirtdik.


İradə Tuncay, “Ədalət” qəzetinin baş redaktoru:

- Birincisi, o qanına bələnmiş neçə gün olub burada, bilmirəm, amma ölkə haqqında təəssürat yazmayıb o. Strip-bar (öz adıyla desək - priton) haqqında yazıb. Ola bilər ki, qiymətdə razılaşa bilmədiyi üçün içində bir hirs qalıb. Amma `ola bilər` deyirəm , iddia eləmirəm.

Bu, həm də ona görə yaxşıdır ki , belə çox pul gətirən müəssisələrin rəhbərliyi öz kadrları haqqında bir az düşünsünlər. Amma onlar da mənə cavab verə bilərlər ki , önəmli olan müştərinin istəyidir və onlar haçansa it ilində azıb bura gələcək hansısa ukraynalının kefi üçün kadr saxlamırlar.

Slavyanlar öz bədən quruluşuna görə Avropada gözəl sayılan millətlərdəndir. Model biznesinə baxsanız görəcəksiz ki , tanınmış modellərin əksəriyyəti slavyandır. Hündürdürlər , qəddli–qamətlidilər, hələ üstəlik də bu biznesin tələblərinə uyğun olaraq pəhriz gözləməyə məcbur olduqlarından, təbii ki, nərmənazik qalırlar. Amma bu, başqa, daha böyük və daha elit biznesdir. Bunu barlardakı qadınlarla eyniləşdirmək olmaz. Mən dəfələrlə olmuşam Ukraynada - arığı da var , piylisi də var , hündürü də var, balacası da. Kişilərinin əksəriyyəti çox içdiyindən qara ciyərləri düzgün işləmir və qarınları şişkindir. İndi duraq deyək ki , vay, bizim kişilərə qurban olum, Ukraynada kişilər belədir?..

Niyə hamı belə ajiotaja düşüb? Bu, nə kompleksdir? Fahişələr nə vaxtdan ölkənin simasi sayılmağa başlayıblar? Onu bura kim dəvət edib, özümü gəlib, məqsədi nəymiş bura gələndə - maraqlanan olubmu?

İkincisi isə, hər millətin özünün alışdığı ölçüləri, standartlar var. Hər bir kişinin içində anasına bənzəyən qadının obrazı yaşayır. Əgər həmin yazan-pozanın belə bəlli oturuşmuş zövqu vardısa, yüyürüb bara getməyəydi . İki –üç günə dünya dağılmazdı , gözləyəydi gedib öz barlarında əylənərdi . Pritondakı qadınları bəyənməyib, həmin pritonların sahibləri narahat olsun. Avropaya inteqrasiya edirik və mətbuat nümayəndələrinin də hay- küyündən belə anlayıram ki, deyəsən, öndə gedən sahə bu imiş. Ölkəni bar qadınları təmsil etmir və siz də bu siyasətin tərkib hissəsi olmayın.

Cəlil Cavanşir, jurnalist

- Bir jurnalistin müşahidələrinə münasibət bildirmək istəməzdim. Məncə Bakıda yaşayan qızları müşahidə edib, daha düzgün ifadələr seçmək olardı. Striptiz klubdakı müşahidəsində isə haqlıdır. Bizdə Striptiz-klubda çalışan qızlar adətən yaşlı orta yaşlı və bədəninə qulluq etməyi bacarmayan qadınlar olur. Məncə, daha tərbiyəli ifadələr seçmək mümkün idi. Sadəcə jurnalist tərbiyəsizlik edib və yaxşı müşahidə apara bilməyib. Mən Azərbaycan xanımının çox gözəl və yaraşıqlı olduğunu düşünürəm.

Təranə Xudabaxşiyeva, jurnalist:

- O jurnalistə deyən lazımdır ki, getsin bizim adət-ənənəni dinimizi araşdırsın. Düzdür, qadınlarımız arıq deyillər, buna bir çox səbəblər var, ən əsası, bizim qadınlar barlar üçün yaranmayıblar, ona görə bu köklük kompleksləri yoxdur. Bizim köklüyümüz elə bizim mədəniyyətimizdən, abrımızdan xəbər verir.

Elmin Həsənli, jurnalist, APA TV:

- Məncə, haqlıdır. Təkcə qızlar yox, oğlanlar da tənbəldir. İdman etməyi sevmirik, ona görə də formada deyilik çoxumuz.

İradə İsaq, telejurnalist:

- Məncə, adam haqlıdır. Sadəcə, tənqid və xüsusən xarici ölkə vətəndaşının tənqidi insanı qıcıqlandırmaya bilmir. Qızlarımızın özünə baxmadığını tam demək olmaz. Amma kilolu xanımlarımız da çoxdur. Məsələn, mən özüm belə 10 kilo arıqlamalıyam və proses artıq başlayıb. Xanım özünə baxmalıdır, vəssəlam. Biz xaricini zorla tərifləməyə məcbur edə bilmərik. O, gördüyünü yazıb, amma haqsız da deyil. Çünki hətta bizim oğlanlardan dəfələrlə eşitmişəm ki, biz Türkiyənin küçələrində bir nəfər də yaraşıqlı xanım görmədik. Kim nə görüb, onu da danışır. Bəlkə gözəl üz cizgiləri var bizim xanımların, amma kiloluyuq. Biz özümüzü duzəltməliyik. Cəmiyyət olaraq da o qədər az doğru söz eşitmişik ki, belə kəskin tənqidlərə hazır deyilik. Məncə, haqsız deyil, sadəcə ifadələrini kobud seçməməli idi.

Əfruzə Ağayeva, “Movqe.az” saytının əməkdaşı:

- Düz sözə nə deyəsən? Əvvala, o cür klubların İslam ölkəsi olan Azərbaycanda olmasına o qədər də yaxşı baxmıram. Amma elə klubda səhnəyə çıxarırlarsa, elələrini çıxarsınlar ki, insanların nuş etdikləri burunlarından gəlməsin. Qaldı küçədə gedən zaman qızların sallaq ətinə, düz deyir də - o qədər yeyirik ki, dieataya, görünüşümüzə çox zaman əhəmiyyət vermirik. Fikirləşirik ki, əgər evliyiksə, vəssalam. Sonradan ailədə xəyanət başlayanda xanımlar cumur kişinin üstünə ki, utanmırsan?! Bəs kişi yazıq nə etsin, əgər qadın bütün günü bozbaş iyi verəcəksə, görünüşünə, bədən ölçülərinə fikir verməyəcəksə, kişi də gözünü, ürəyini oxşamaq üçün digərinə `yar` deyəcək. Ukraynalı jurnalisti qınamaqdansa, özümüzdə dəyişiklik edək.

Aysel Əlizadə, yazıçı:

- Doğru deyib. Bizim qadınlar zövqsüz və gicgicə paltarlar, yersiz dikdabanlar geyinməkdənsə, fitnesslə məşğul olsunlar, ağızlarını qıfıllasınlar. Ərə gedəndən sonra qarınları alınlarına yapışır. Bizim qadınlarda olan qarın dünyanın heç bir yerində yoxdur.

Sevinc Çılğın, “kult.az” saytının baş redaktoru, şairə:

- Nə deyim, adam haqlıdır əslində. İndi-indi bizim xanımlar zərifliyin gözəllik olduğunun fərqinə varıblar. Yoxsa elə dünənə kimi "adamın gərək bir köynəklik əti ola" prinsipilə yedirdirdi nənələrimiz bizi. Uşağa verməyə südümüz olsun deyə çaya süd töküb içirdirdilər. İndi maraqlı bir məqam var. Xanımlarımız Mehriban xanımı bu məsələlərdə örnək götürürlər. Onun kimi incə və gözəl olmağa çalışırlar. Bu isə çox yaxşıdır.


Vüsalə Məmmədova, jurnalist:

- "Ayıb da olsa" strip-klubda olmamışam, ordakı vəziyyətdən xəbərsizəm. Amma bizim şəhərin əyləncə yerləri çox müxtəlidir. Əminəm ki, qonağımız zövqünə uyğun yer tapa bilərdi. Ya da elə zövqü o qədərdir. Hər yerdə olduğu kimi, bizdə də hər ölçüdə qadın, ümumiyyətlə, insan var. Əgər onun gözü ancaq piy görübsə, problemi piy sahiblərində yox, gözündə, özündə axtarsın.

Aynur Qurbanqızı, “azadqadın.az” saytının rəhbəri, jurnalist:

- Bu jurnalistin normal dünyagörüşü olsaydı, anlayardı ki, əvvəla, köklük və arıqlıq zövq məsələsidir. Yəni gözəllik etalonu deyil. O cümlədən, hər bir xalqın özünə məxsus dəyərləri olur ki, Azərbaycanda da, xüsusilə də əyalətlərdə arıqlıq nəinki gözəllik, xəstəlik hesab olunur. Hətta, 10-15 il öncə arıq qızlar ərə getmək üçün geyimin altında onları bir az "ətli-qanlı" göstərməsi üçün pambıqdan nələrsə bağlayırlarmış. Bu cür baxış bəzi regionlarda indi də davam etməkdədir. Yəni, o jurnalist üçün arıqlıq gözəllikdirsə, bizim üçün də əksəriyyət halda qadınların "balıq ətli", yəni normal çəkidə olması arzu edilir. Zövqlər üzərində mübahisə edilməz. Bir də diqqətçəkici və xoşagəlməz məqam odur ki, o Azərbaycan qızlarını barda gördüyü 3-5 qızla müqayisə edib, fikir bildirir. Bizim elə gözəl qızlarımız var ki, elə onlar bu cür əxlaqsız jurnalistin qarşısına çıxmasa yaxşıdır. Azərbaycana gələn kimi yolunu barlardan salan bu cür jurnalistlərin bizim qızları haqqında fikir bildirmə haqqı yoxdur.

Vüsalə Tağıyeva, ATV-nin “10 yaş cavanlaş” verilişinin aparıcısı:

- O jurnalist öz bucağından - klub bucağından baxıb. Bizim qadınlar strip-klub parametrlərilə deyil, evinin layiqli xanımı parametrilə yaşayırlar...

Aytən Əhmədova, ATV-nin “Atv aktual” verilişinin aparıcısı:

- Heyflər olsun ki, onlar Bakıda strip-klub tapıblar, amma o oğlana demək lazımdır ki, sənin həmyerlilərin öz fiquralarını qoruduğu zamanı ailə həyatlarına sərf etsələr, o zaman təsəlli, yaxud da növbəti qurban üçün fiqura saxlamazlar.

Vüqar Vüqarlı, jurnalist:

- Nə var, onu da deyib. Məgər bizi hamı tərifləməlidir?! Tənqidi də qəbul etməyi də bacarmalıyıq. Amma bir şey müəmmalı qaldı mənə - bu adam Bakıda strip-klubu hardan tapıb?
Və deməli, Ukrayna jurnalistləri də hər şeyi şişirtməklə məşğuldurlar, bu amil də artıq Dmitrinin fikrinə ciddi yanaşmağa mane olur, vəssalam.

Məhsəti Şərif, jurnalist:

- Ukraynalı jurnalist əvvəlcə etik normaları pozub. O yazını yazarkən bu ölkənin mentalitetini, yaşayış tərzini öyrənməliydi. Azərbaycan qızları “balıq ətli” ola bilər. Çünki şərq qadınıdır. Jurnalist bunları bilirmi? Amma `əti sallanan`, `piy qatı` kimi ifadələr peşəkarlıqdan uzaq və bir xalqı təhqir etməkdi. Ukraynalı jurnalist unudub və ya ümumiyyətlə bilmir ki, Azərbaycan qızları millət vəkili, iş qadını, müəllim və s. peşə sahibi olur. Ən başlıcası, ana olmağı bacarır. Ukrayna mentalitetinin əksinə, klublara görə inkişaf etmirlər. Bizim qızlar gənclikdə gözəl, yaşlılıqda nurlu olur. Yəni 30 yaşdan sonra formadan düşmürlər. Mən ümumiyyətlə, o yazardan fərqli olaraq tərbiyəmi qoruyuram və bir ölkənin qadınını təhqir etmirəm. Sadəcə, bunu yazanın peşə etikasına şübhə edirəm.

Səbinə Məmmədova
AzVision.az üçün



Teqlər:





Xəbər lenti