Cüdo üzrə ikiqat Amerika çempionu olan azərbaycanlı - FOTOLAR

 Cüdo üzrə ikiqat Amerika çempionu olan azərbaycanlı -   FOTOLAR
  19 Yanvar 2019    Oxunub:7269
2007-ci ildə ABŞ-ın Kaliforniya ştatının Ontario şəhrində keçirilən "Qış milli cüdo çempionatı"nda erməni güləşçini məğlub edərək, finala çıxmasına imkan verməyib. Hətta həmin güləşçinin erməni məşqçisi də onun əlini sıxaraq təbrik edib.
Evinin harasına baxsan, orada Azərbaycanla bağlı, Azərbaycanı xatırladan nəsə görəcəksən. 12 ildir ki, ABŞ-da yaşayır, zərrəcə dəyişilməyib. Nə görkəmində, nə də dilində yad heç nə hiss olunmur. Deyir ki,- "Səmimi sözümdür, Azərbaycanda idmana verilən dəyər dünyanın heç bir yerində verilmir. Yaxşı idmançının necə deyərlər, hamının gözü üstə yeri var"…

Haqqında söhbət açdığımız Zaur Cəlilin atası Telman Cəlilov Azərbaycan Dövlət İncəsənət İnistitutunda "Səhnə hərəkəti kafedrası"nda müəllim işləyib, eyni zamanda Sumqayıt Dövlət Teatrının baş baletmestri olub. 1998-ci ildən ABŞ-da yaşayır. Hazırda "Nyu York Azərbaycan Mədəniyyət Mərkəzi"nin prezidentidir.



Zaurun həyat yoldaşı Leyla Rəhimova(Cəlil) muğam ifaçısıdır. 1998-ci ildə Türkiyədə keçirilən "Dədə Qorqud festivalı"nın, 1999-cu ildə "Pöhrə- 99" muğam müsabiqəsinin laureatı olub. 2000-ci ildə muğam müsabiqəsində 3-cü yerə çıxıb. 2002-ci ildə isə müsabiqənin "Qram Pri" mükafatına layiq görülüb. "O səs Türkiyə" tele müsabiqəsində iştirak edib. Cənnət adlı bir qızları var. Zaur Cəlil 1985-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. 2003-cü ildə şəhərin 5 saylı məktəbində orta təhsilini başa vurub. Bir il sonra hərbi xidmətə çağrılıb. Ordudan təxris olunandan sonra, 2006-cı ildə ABŞ-a gəlib. Hazırda Minnesota ştatının Minneapolis şəhərində yaşayır.



Zaur 1991-ci ildən, 6 yaşından idmanın cüdo növü ilə məşğul olur. İlk vaxtlar Əhəd Rəcəblinin, 1995-1997-ci illərdə Zaur Rəcəblinin, 1999-cu ildə isə Tofiq Məmmədovun yanında məşqlərə qatılıb. Arada məşğul olduğu idman növünü roma-yunan güləşiylə dəyişib. Burada onun məşqçiləri Qərib və Tahir Əliyevlər olub. 2000-ci ildən yenidən Rəcəbli qardaşlarının yanında cüdo ilə məşğul olub. 2006-cı ildə ABŞ-a gəldikdən sonra, Nyu York şəhərində cüdo yarışlarına qatılaraq 60 kq çəki üzrə ştat çempionu olub və Roçester şəhərində keçiriləcək olimpiadaya vəsiqə qazanıb. Həmin yarışda da yüksək nəticə göstərərək, olimpiadanın qızıl medalına layiq görülüb. 2006-cı ildən bugünədək 100-ə yaxın medal və kuboklarla təltif olunub. Yaşadığı Minnesota ştatının ardıcıl olaraq 11 dəfə çempionu olub.



2015-ci ildə Texasda keçirilən Amerika çempionatının bürünc, 2016-cı ildə isə gümüş medalını qazanıb. 2017-2018-ci illərdə iki dəfə dalbadal qızıl medala layiq görülüb. Beləliklə, yeganə azərbaycanlı olaraq iki ildir ki, cüdo üzrə Amerika çempionudur. Amerika Cüdo Federasiyası tərəfindən M-1 dərəcəsi və sertifikatla təltif olunub. Zəfər çaldığı bütün yarışlarda Azərbaycan bayrağına bürünərək azərbaycanlı olduğunu fəxrlə nümayiş etdirir. Deyir ki,- "Master Cüdo uzrə dunya çempionatının iştirakçısı olmuşam. İnşəallah bu il yenidən yarışlara qatılıb bir azərbaycanlı olaraq yüksək pilləyə yiyələnməyə çalışacam. Amerikada MMA- qaydasız döyüş üzrə bir çox yarışlarda vuruşub qalib gəlmişəm. Hətta dünya şöhrətli Mayk Taysonla görüşümüz də olub. 2018-ci ildə öz vəsaitim hesabına "CHAMPIONS Gym" idman zalını açmışam. Və çalışacam ki, davamlı məşq edib daha da yüksək nəticələr əldə edim, tələbələr yetişdirib dünyada imzamı tanıdım". Dilindən Allahın adı düşməyən, hər kəlməsindən təvəzökarlığı hiss olunan, milli kimliyini unutmayan, içində Azərbaycan sevdası gəzdirən bu gənclə tanışlığımızdan çox sevindim. Azərbaycan! Doğma məmləkətim, nə qədər ki, belə oğulların var, başın həmişə uca olacaq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: ABŞ   Azərbaycanlı  





Xəbər lenti