Gəncədə qeyri-adi yol qəzası

Gəncədə qeyri-adi yol qəzası
  10 Noyabr 2013    Oxunub:2074
Dünən axşam saat 22:00 radələrində Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Şəhər istiqamətində hərəkətdə olan avtomobil Gəncəyə magistral yolla deyil, şəhərin girişində mövcud olan Qala Qapılarından daxil olmaq istəyib. Lakin bu arzu sərxoş sürücünün az qala həyatı bahasına başa gəlib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Daşkəsən rayonunun Quşçu kəndində qeydiyyatda olan və hazırda Gəncənin Məhsəti qəsəbəsində yaşayan Çingiz Əsgərov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə qəza törədib. Belə ki, Bakı istiqamətindən Gəncəyə doğru sürətlə gələn avtomobil Nizami prospektində Qala Qapılarının olduğu dairənin bordürlərini yararaq şəhərin simvolik sayılan qədim qapılarının bir neçə metrliyində dayanıb.

Qəza nəticəsində avtomobildə tək olan Ç.Əsgərov ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Həkim Şahin Quliyev bildirib: "Xəstə alt çənənin çapılmış-əzilmiş yarası və sol pəncənin əziyi ilə şöbəmizə daxil olub. Xəstəyə ilkin yardım göstərildi, yaralar ilkin işləndi. Hazırda şöbəyə yerləşdirilib".

Qəza nəticəsində avtomobil tamamilə yararsız hala düşüb. Xatırladaq ki, "VAZ 2106"-nın sürücüsü sükan arxasına alkoqollu içki qəbul edərək əyləşib. Bunu həkimlərin xəstəyə ağır dərəcəli sərxoş diaqnozu təyin etməsi deməyə əsas verir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti