ABŞ-da Azərbaycan sevdası ilə yaşayan yəhudi şair

 ABŞ-da Azərbaycan sevdası ilə yaşayan yəhudi şair
  28 Yanvar 2019    Oxunub:7276
Köhnə kişilərə xas olan əzəməti, onda da gördüm. O qədər mehriban, istiqanlı idi ki, bircə dəfə də olsun sözünü kəsməyə qüdrətim çatmadı.

Ağsaqqal düşüncəsi, ağayanə kəlmələri ilə məni məftun etmişdi. Səsinin ahəngi sanki bir həzin musiqi kimi ruhumu sehirləmişdi. Bütün gəncliyini dağ kəndlərində keçirdiyindən dağ saflığı hələ də onu tərk etməmişdi. O qədər doğma görünürdü ki, elə bil onu çoxdan, lap çoxdan tanıyırdım.
Haqqında söhbət açdığım Raşbil Şamayev milliyətcə dağ yəhudisi olsa da Azərbaycanımızın təbliği yolunda xeyli əziyyətə qatlaşıb, zəhmət çəkib.

O, 1935-ci ildə Quba rayonunda, Qırmızı qəsəbədə dünyaya gəlib. 1953-cü ildə orta məktəbi başa vurduqdan sonra Azərbaycan Xarici Dillər İnstitutuna qəbul olunub. 1957-ci ildə oranı bitirərək az müddət Dəvəçidə müəllim işləyib. Sonra üç ilə yaxın əsgəri xidmətdə olub. Vətənə dönəndən sonra, əvvəlcə Dəvəçi, sonradan isə Quba rayonlarında çalışıb. Müəllimlikdən dərs hissə müdiri vəzifəsinədək yüksəlib. 1975-ci ildə Azərbaycan Maarif Nazirliyi müəllimlik fəaliyyətini nəzərə alaraq, ona “Qabaqcil Maarif Xadımı” fəxri adını verib. 2009-cu ildən "Azərbaycan Yazıçılar Birliyinin Fəxri üzvü" adına və diplomuna layiq görülüb.

1995-ci ildən ABŞ-ın Nyu York ştatının Bruklin şəhərində yaşayır. O, burada fəaliyyət göstərən "Qafqaz Yahudiləri Cəmiyyəti"nin ağsaqqallar şurasının sədridir. Amerikaya gəlməmişdən öncə Nizami Gəncəvinin, Ömər Xəyyamın, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin şeir və poemalarından ibarət, öz doğma dilində kitab nəşr etdirib. Dövri mətbuatda tez-tez şeirləri ilə oxucularının görüşünə gəlib. Ümumiyyətlə, dörd kitabı işıq üzü görüb- "Yeni bəhrələr gətirdi", "Həyat nağıldır", "Hər ağacdan bir budaq" və "Səndən uzaq yaşasam da".

Əlimə sonuncu, şeirlər kitabı düşmüşdü. Bu kitab Azərbaycan sevgisi, vətən həsrəti ilə yazılmış əsərlərdən ibarətdir. Adam bu şeirləri oxuduqca, özünə də doğma olan, bu həsrəti qəlbində yaşadan şairi bağrına basmaq istəyir. Vətən həsrəti bir an belə onu rahat buraxmayıb. Təmsil olunduğu təşkilatın xətti ilə Nyu Yorkda Azərbaycan naminə xeyli işlər görüb. Rəsmi və milli bayramlarımızda Tomris Azərinin rəhbərlik etdiyi "Azərbaycan Amerika Cəmiyyəti" ilə birlikdə müxtəlif tədbirlər həyata keçirib. Sonuncu tədbirləri 31 dekabr Dünya Azərbaycanlılarıın Həmrəylik Gününə həsr olunub.

2003-cü ildə təsis olunan "Noviy Rubej" (www.newfront.us) adlı qəzetdə rus, yəhudi, azərbaycan, ingilis dillərində yazıları ilə Azərbaycanı tərənnüm edir. Ömür-gün yoldaşı Brilliant xanımla birlikdə beş övlad böyüdüblər. Övladlarından biri 2015-ci ildə, 52 yaşında vəfat edib. Bir qızı, bir oğlu onunla eyni şəhərdə yaşayır. Oğlu metroda mexannik, qızı isə şirkətlərin birində mühasib vəzifəsində çalışır. Ondan ayrılarkən mətbuat üçün ailəvi şəkilini istədim. Üzür istəyib dedi ki, oğlu dünyasını dəyişəndən sonra ailəvi şəkillərinin heç birini üzə çıxarmır.

Bəli, uzaq Amerikanın Nyu York ştatında ömrünün 84-cü ilini yaşayan bir ağsaqqal şair var. Gedəndə özüylə apardığı Azərbaycan sevgisini hələ də ürəyində yaşadır. Ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıb, "Səndən uzaq yaşasam da" şeirindən bir bəndi sizinıə bölüşərək söhbətimi yekunlaşdırıram:

Azərbaycan torpağının səxavətli balasısan,
Könülləri şadlandıran övladların anasısan,
Ürəyimin guşəsində həmişəlik qalasısan,
Sizdən uzaq yaşasam da düşünürəm sizi hər an,
Gözəl Bakı- məhəbbətim Azərbaycan, Azərbaycan!


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti