Qədim qanunlarla idarə olunan kənd – REPORTAJ, FOTOLAR

Qədim qanunlarla idarə olunan kənd – REPORTAJ, FOTOLAR
  08 Mart 2013    Oxunub:13519
Bu kənddə içki içən adama heç kim salam vermir
Naxçıvanda Gənzə kəndi haqqında edilən söhbətlər çoxdan diqqətimi çəkmişdi. Orda olanlar kəndin adamları, qəribə adət-ənənləri haqqında maraqla danışırdılar. Deyirdilər ki, kəndin 80 faizi hacıdır. İstər kişilər, istərsə də qadınlar burada dini və milli ənənlərə çox ciddi, radikal şəkildə riayət edirlər. Bir sözlə, diqqəti çəkən mövzu olduğundan, kəndi şəxsən görməyi qərara aldım.

Gənzə kəndi Ordubadın ən ucqar yaşayış məskənidir. Bu kəndin arxası məşhur Soyuq dağına söykənib. Bu dağ Ermənistanla sərhəddədir. Ən yüksək mövqelərdə bizim əsgərlər Naxçıvanın toxunulmazlığını qoruyur. İlin 6-7 ayı burada qar olur. Dağın üzərində avqust ayında belə qalın paltarsız keçinmək qeyri-mümkündür.

Ordubadlılar bura ilə bağlı maraqlı bir əhvalat danışırlar. Sovet dönəmində Rusiyadan buradakı hərbi hissəyə xidmət üçün eyni vaxtda iki qardaş gəlir. Onlardan biri aşağıdaki kəndlərin birində yerləşən hərbi bölmədə, digəri isə eyni hərbi hissəyə məxsus olan başqa bölmədə xidmət edir. Qardaşlardan biri evlərinə yazır ki, istidən dayanmaq mümkün deyil, digəri isə yazır ki, avqust ayında soyuqdan donuruq. Eyni nömrəli hərbi hissədən gələn məktublarda bir–birinin əksinə olan fikirlər valideynləri şübhəyə salır. Övladlarını görmək üçün Rusiyadan Ordubada gəlirlər. Onları əvvəlcə kənddə xidmət edən əsgərin, sonra isə digərinin –Soyuq dağında xidmət edənin yanına aparırlar. Valideynlər Naxçıvan təbiətinin bu qəribəliyinə heyrət edirlər.

Gənzə kəndi üç tərəfdən bu dağın köksünə sığınmış təbii qalanı xatırladır. Kəndin icra nümayəndəsi Qürbət müəllimlə görüşdüm. Yeni tikilən məktəb, kənd icra nümayəndəliyi, ambulatoriyanın ətrafı tər-təmiz idi. Kəndin yolları asfaltlanıb. Kənd arası küçələr isə beton örtüklə abadlaşdırılıb. Qürbət müəllimdən kənd haqda soruşdum. Cavabı çox maraqlı oldu:
- Gənzədə 250 -yə yaxın ev var. Hamısı da yaraşıqlı və ikimərtəbəlidir. Burada kənd icra nümayəndəsi işləmək ən asan vəzifədir. Çünki başqa yerlərdən fərqli olaraq, burada icra nümayəndəsi camaata kömək etmir, əksinə bütün işlərdə camaat ona kömək edir. Bir neçə qonşu yığışıb, öz vəsaitləri hesabına evlərinin önündən keçən yolu betonlayırlar. Bu işdə hər kəs könüllü iştirak edir. Kəndin evlərinin demək olar ki, heç birində qapılara qıfıl vurulmur. Çünki hər bir qonşu digərinin həyətindən muğayat olur. Hətta bir yerə gedəndə belə, qıfılsız qapıları qonşulara həvalə edirlər. Kəndin məscidinin ətrafında toplanan adamların əksəriyyəti ağsaqqallardır. Hamı da bir-birini “hacı”, “kərbəlayi”, “məşədi” deyə şağırır. Çünki imkanı olanaların özü, olmayanlara isə digərləri kömək edərək, müsəlman üçün vacib bilinən müqəddəs yerləri ziyarət ediblər. Kəndin yazılmayan qanunlarını ağsaqqallar tənzimləyir. Hər bir problemə mütləq ağsaqqal qarışır. Hətta toylarda belə ev sahibindən qabaq birinci ağsaqqallar danışır.

Kəndin 75 yaşlı sakini Hacı Aydın deyir ki, 60 ildir bu kənddə boşanma yoxdur. Çünki, ailə quran qızlara qəti şəkildə bir tapşiriq verilir: “Sənin ölün o evdən çıxacaq!” Söz-söhbət olsa belə, ailə daxilində, yerindəcə həll edilir. Evlənmələr daha çox kəndin öz içində olur. Düzdür, kənardan da evlənən və ailə quranlar olur. Bu da qismətdir. Ancaq yerli qanunları qorumaq üçün kəndin öz gəncləri arasında nikahlar daha məqbul sayılır.

Qızla, gəlinlər və yaşlı qadınların əksəriyyəti yaylıq və çadra örtür. Gənzə kəndində əgər yetkinlik yaşına çatan başı örpəksiz qıza, qadına rast gəlinsə, deməli o, bu kənddə qonaqdır. Örtülən yaylıqlar da dini deyil, milli adət-ənənəmizə uyğun olur. Yəni qızlar, gəlinlər bərk-bərk çadraya bürünmürlər.

Kənd sakini kərbəlayi Akif deyir ki, bu kənddə qadınların ayaqları və başları örütlü olmalıdır. Qız toylarında kişilər iştirak etmir. Ancaq qızın yaxın qohumları olan kişilər belə məclisə qatıla bilər. Bu isə köhnəpərəstlik və ya gerilik kimi qiymətləndirilməməlidir. Sadəcə, qədim türk adət-ənəsi belədir. Biz də bunu qoruyub saxlamağa borcluyuq.

Həmsöhbətim Hacı Sultan isə daha maraqlı məqamlardan danışır:
- Kəndin qəbiristanlığında heç bir bər-bəzəkli qəbrə rast gəlməzsən. Mərhumun adı yazılan baş daşı qoyulur, vəssəlam. Hətta bir vaxtlar bir neçə köhnə qəbirdə iki adam da üst-üstə dəfn olunub. Kənd camaatı qəbiristanlığa gələn zaman siqaret çəkmirlər və heç kəs yerə tüpürmür. Bu, qadağandır. Ən maraqlı məqam budur ki, bu kənddə spirtli içki satılmır. Kənd camaatı bu qadağanın bütün qanunların fövqündə dayandığını deyirlər. Hətta kəndin toylarında belə, kimisə sərxoş görmək mümkün deyil. Bu qadağanı pozanlar ciddi şəkildə cəzalandırılır. Cəza isə ictimai qınaq və tənbehdir. Sadəcə olaraq el - camaat sərxoş adamı (əgər olsa!) danışdırmır, onun xeyir-şərində iştirak etmirlər. Verdiyi salamı belə almırlar.

Kənddə itən əşyaları tapan şəxs kəndin məscidinin yanına gətirib xüsusi yerə qoyur. Nəsə (saat, üzük, pul) itirən adam isə daha onu küçə-küçə axtarmır. Gəlib həmin yerə baxır. Əgər kəndin ərazisində itibsə, mütləq ordada rastına çıxacaq.

Kəndin suyu az olduğu üçün buradakı çeşmələrin gözündə paltar və maşın yumaq qadağan edilib. Suyu təmiz saxlamaq hər bir gənzəlinin borcudur. Bu adətləri isə nəsildən-nəslə ötürmək ən vacib məsələdir. İlk baxışdan Orta əsrlərə aid qayda-qanunları xatırlatsa da, bu qaydalar və yazılmayan qanunlar milli kökə söykənir . Ona görə də, gənzəlilər böyük məmnuniyyətlə onu qoruyub saxlayırlar.

Gənzədə bir şeyi dərk edirsən. El bir olsa, hər şey etmək mümkündür. Qayda-qanun yaratmaq, abadlıq üçün yüksək səviyyədə qəbul olunan qərarların icrasını gözləmək, hansısa kənd daxili, lokal problemin həlli üçün cavabdeh məmurların başlayacaqları işə ümid etməkdənsə, elə özün –elliklə, birlikdə, imkan daxilində yaşadığın yerdə səliqə-səhman yarat. Bu, həm xeyirxah, həm də təmənnasız iş olar.

P.S. Bilirəm, bu cür yazıların altında başqa adla şərh yazmağı xoşlayanlar bunlara inanmayacaq. Ancaq yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. İnanmayanlar buyurub Ordubad rayonun Gənzə kəndinə gələ bilərlər. Gənzəlilər həm də çox qonaqpərvərdir. Bu isə bütün Ordubada aid olduğu üçün, qonaqpərvərlik məsələsinə toxunmadım.

Səməd Canbaxşıyev
Naxçıvan, Ordubad

Qalereya




Teqlər:  





Xəbər lenti