18 ildir Amerikada yaşayan azərbaycanlı rəssam

18 ildir Amerikada yaşayan azərbaycanlı rəssam
  14 Fevral 2019    Oxunub:8160
Əbu Turxanın gözəl bir deyimi var:- "Zahiri parıltı göz qamaşdırır, daxili parıltı gözləri açır." Həmin parıltını onda da gördüm. Elə bir böyük xeyirxahlıq edib ki, bu xanım barəsində sevə-sevə danışmaq istəyirəm.
Cəmilə adlı bir ürək dostu olub. Ailəsi dağılandan bir neçə vaxt sonra qəflətən vəfat edib. Mərcan adlı bir qızı qalıb. O, on beş yaşlı bu qızcığazı övladlığa götürərək Amerikaya gətirib. On ildir ki, ona analıq edir, öz doğma balası kimi nəvazişini çəkir, ali təhsil verib. Haqqında söhbət açdığım Nərmin Sadıqova-Backus Bakıda dünyaya gəlib. 1992-ci ildə 189 nömrəli orta məktəbi bitirərək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub.



1998-ci ilədək bu elm ocağında geyim üzrə layihəçi rəssam ixtisasına yiyələnib. 1996-1998-ci illərdə tələbə ikən "Şəms" jurnalında stilistika deportamentinə rəhbərlik edib və az müddət "Edelweiss" juranlında da çalışıb. Sonra bir il "Wormald" neft və qaz şirkətində tərcüməçi işləyib. Orada çalışarkən amerikalı Ken Backusla tanış olub, ailə qurublar. 2001-ci ildən ABŞ-da yaşayır. Əvvəlcə Ohayo ştatında yaşasalar da, 2005-ci ildən Texas ştatının Hyuston şəhərində məskunlaşıblar. Nərmin xanım burada "Hyuston müəllimləri" bir illik kursunu müvəfəqiyyətlə başa vuraraq müəllimlik sertifikatı alıb. On bir il müxtəlif özəl məktəblərdə incəsənət və rəsm fənnini tədris edib. 2017-ci iildən "Global Hard Media" təşkilatının peyk və internet vasitəsi ilə yayımladığı televiziyasında, ildə iki-üç dəfə azərbaycan dilində efirə gedən "Şirin söhbət" adlı verilişdə aparıcılıq edir.



Deyir ki,- "Ömür-gün yoldaşım Ken Azərbaycanı çox sevir. Oranın tarixi və mədəniyyəti ilə yaxından tanışdır. Müsbət keyfiyyətləri çoxdur. Bakıda, eyni şirkətdə işləyərkən öz davranışı, alicənablığı ilə hamını heyran qoymuşdu. Üzündən təbəssüm heç vaxt əskik olmurdu. Sevinc dolu həyat yaşayırdı. Bir dəfə ondan soruşdum ki, axı bunun səbəbi nədir? O isə mənə cavabında- "Allahı sevirəm. Mənə güc və ümid verən imanımdır."- söylədi. On səkkiz ildir evliyik, ilk dəfə necə görmüşəmsə, elə də yaşayır". Ken Backusun əvvəlki nigahdan Reyçel və Sara adlı iki qızı var. Mərcanla birlikdə ailədə üç qız uşağı böyüyüb.



Çox bacarıqlı və istedadlı xanımdır. Yağlı, akril, pastel boyaları ilə gözəl rəsmlər çəkir. Daha çox ipək üzərində işləyir. İpəkdən kəlağayıya bənzər şərflər hazırlayır, rəsmlər çəkir. Əsərləri Hyustonda bir sıra sərgilərdə nümayiş etdirilib. Sonuncu dəfə Bakıda, müəllimi əməkdar incəsənət xadimi, professor Arif Əzizin 75 illiyinə həsr olunan sərgidə, tələbələrinin əl işləri arasında onun da əsərləri sərgilənib. "Facebook"da "Narmin Art Studio" adlı səhifəsi də var.



Milli kimliyini unutmayıb. Tez-tez İradə xanım Axundovanın rəhbərlik etdiyi "Bakı Hyuston Qardaşlaşmış Şəhərlər Assosasiyası"nın təşkil etdiyi milli və rəsmi bayramlara həsr olunan tədbirlərində yaxından iştirak edir. Bundan əlavə, Hyuston şəhərində ildə bir dəfə keçirilən müxtəlif xalqların mədəniyyətini təqdim edən festivalda, Azərbaycana ayrılmış yerdə qurulan çadırda ölkəmizi təmsil edir. Azərbaycan musiqisi sədaları altında öz əsərləri ilə bərabər, dövlət simvollarlarımızı, vətənimizi tərənnüm edən bir sıra kitab və əşyaları sərgiləyir. Bəli, insan daxilən gözəldirsə əməlləri də gözəl olur. Və hər kəs bu dünyanı nə vaxtsa tərk edəcək. Xoşbəxt o insandır ki, gedəndə özüylə xoş əməllər apara bilir. Bilmirəm, onu sizə sevdirə bildimmi?.



Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti