Siyasi və dini ekstremizmin vəhdət mitinqi

   Siyasi və dini ekstremizmin vəhdət mitinqi
  17 Fevral 2019    Oxunub:14728
Milli Şura yeni mitinq keçirmək niyyətindədir. Azsaylı tərəfdarlarını “Məhsul” stadionuna yığmağa tələsən Əli Kərimli növbəti aksiyanı fevralın 23-nə təyin edib. Radikalların mitinqinə icazə verilib-verilməyəcəyi hələ sual altındadır. Buna baxmayaraq, Milli Şuranın faktiki rəhbəri olan Kərimli indidən hazırlığa başlayıb, sosial şəbəkələrdə adam toplamaq üçün təbliğat aparır.

Müxalifətin budəfəki “qəhrəman”ı Azərbaycanda din pərdəsi altında iğtişaşlar törətməyə çalışan xarici agent, hazırda həbsdə olan Hacı Taleh Bağırzadədir. Son vaxtlar onun gündəmə gəlməsi və gətirilməsi üçün ardıcıl cəhdlərin şahidi oluruq. Guya o, həbsdə “aclıq aksiyası keçirir,  təzyiqlərə məruz qalır”. Bunu əsas tutan Kərimli sosial şəbəkələrdə daha çox dini təbəqəyə yönəlik paylaşımlar etməklə, onları öz alətinə çevirməyə çalışırdı. Məqsəd isə təbii ki, mitinqə daha çox adam toplamaq idi.

Amma sosial şəbəkə dövründə yalanların ömrü uzun olmur. Ona görə, bu plan da alınmadı və Əli Kərimli özü canlı yayımda Hacı Talehin “aclığı” dayandırdığını etiraf etməli oldu. Az sonra isə o da bəlli oldu ki, Nardaran hadisələrinin baş mənfi qəhrəmanı bircə gün belə aclıq etməyib, sadəcə, gündəmdə qalmaq üçün belə yalanlar uydurmuşdu. Bunu Hacı Taleh onunla görüşə gələn ailə üzvlərinə özü etiraf edib. Deyib ki, “mən gündəmdə qalmaq istəyirəm, bu, mənim bir şansımdır”.

Görünür, indi də Mehman Hüseynov oyununu başqa sferalarda bu dəfə din müstəvisində, - davam etdirmək planı cızılmışdı. Amma axan çaya iki dəfə girmək mümkün deyil, xüsusilə də əgər o, siyasət çayıdırsa. Ona görə də, Hacı Talehin də süd məhsulları ilə aclıq etməsi söhbəti alınmadı.

Beləcə, aclıq şousundan Əli üzülən Kərimli yeni mövzu tapmalı idi və o, çarəni dollar krediti problemini yenidən gündəmə gətirməkdə gördü. Düşündü ki, bu yolla əhalinin ağrıyan yerinə toxunmaq, insanları dövlətə qarşı təşviq etmək asan olar. Din olmasın, pul olsun – ikisi də həssas mövzulardır.

Doğrudur, problemli kreditlər çoxlarının yaralı yeridir. Bunu heç kim danmır. Ölkədə on minlərlə insan banklarla məhkəmə çəkişməsindədir. Amma bu, heç bir halda siyasi problem deyil axı, sırf iqtisadi məsələdir. Krediti verən dövlət yox, məhz özəl banklardır. Bunu Kərimlinin özü də yaxşı bilir. Amma ortada mitinq planı varsa, niyə də yox?!

Kərimli sırf iqtisadi problem olan kredit məsələsini siyasiləşdirməyə çalışaraq, insanları hakimiyyətlə üz-üzə qoymağa, narazı sakinləri mitinqə cəlb etməyə can atır. Deyir ki, guya kredit borcu olan 500 min insanın işi məhkəmədədir. Halbuki, göstərilən rəqəmlər dəfələrlə şişirdilib. Belə ki, 2016-cı ildə bu rəqəmlər 267 min idisə, ötən 3 il ərzində 177 min azalıb və hazırda 90 min civarındadır.

Bəli, dövlət də bunu gizlətmir. İnsanları narahat edən problemlərin həlli üçün ciddi addımlar atılır. Problemli kreditlərlə bağlı məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, həlli istiqamətində təkliflər irəli sürülüb. Amma bu məsələ mitinq meydanlarına çıxarılıb, siyasi alətə çevriləsi problem deyil və şübhə yoxdur ki, aidiyyatı qurumlar tezliklə bu problemin həllinə nail olacaqlar. Bax, o zaman Kərimli özünü öyərək, keçirdiyi mitinqdən ağız dolusu danışacacaq, “hakimiyyət bizdən qorxub, qaldırdığımız məsələni həll etdi”,- deyəcək. Məqsəd həm də buna hesablanıb.

Halbuki, daha əvvəl Real partiyas da bu məsələni qaldırmışdı. Onların hələ də yığıb qurtara bilmədikləri “40 min imza” kampaniyasında tələblərdən biri məhz problemli kreditlərlə bağlı idi. Kərimli, sadəcə, rəqiblərindən ideyanı oğurlayıb. Əgər bu qəliz məsələ hansısa yolla həllini tapsa, onda ikisinin arasında mübahisə başlayacaq ki, hakimiyyət əslində hansından “qorxub”… Günümüzə bax da!

Hazırda biz Azərbaycanda islahatların yeni dalğasını müşahidə edirik. Sosial-iqtisadi rifahı yeni səviyyəyə qaldırmaq, xalqın problemlərinin həllini asanlaşdırmaq üçün hakimiyyət yeni yollar tapmağa, yeni mexanizmlər qurmağa çalışır. Həqiqətən xalqın gələcəyini düşünən şəxslər bu məsuliyyətli dönəmdə gerçək islahatçı qüvvənin yanında olmalı, ona dəstək verməlidirlər. Saxta bəhanələrlə islahatlara əngəl törətmək istəyənlərə isə layiq olduları küncü göstərmək lazımdır.

Elvin Abdulqədirov
Azvision.az




Teqlər: Əli-Kərimli   Hacı-Taleh  





Xəbər lenti