Sonsuz amerikalıları sevindirən azərbaycanlı həkim

 Sonsuz amerikalıları sevindirən azərbaycanlı həkim
  28 Fevral 2019    Oxunub:5879
İslam peyğəmbəri həzrəti Məhəmmədin gözəl bir kəlamı var: "Uşaq, cənnət nemətlərindən biridir. Uşaq qoxusu, cənnət qoxusudur..."

O, bu qoxunu həsrətində olan çox valideynlərə hiss etdirib, yüzlərlə ailənin övlad həsrətinə son qoyub. Neçə-neçə insan nəslinin yer üzündən silinməsinin qarşısını alıb, tükənib-bitməsinə imkan verməyib.
Haqqında söhbət açdığım Samir Babayev 1984-cü ildə Gəncə şəhərində dünyaya gəlib. 9-cu sinifə qədər Gəncədəki 4 saylı məktəbdə oxuyub, tam orta təhsilini Bakıda, 258 saylı məktəbdə başa vurub. 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində, 2003-2008-ci illərdə isə İstanbul Universitetinin "İstanbul Tibb Fakultəsi"ndə təhsil alaraq, həkim ixtisasına yiyələnib.

Elə həmin il ABŞ-a gəlib. Bir il Nyu York Kolumbiya Universitetində elmi araşdırmalarla məşğul olub. 2009-2013-cü illərdə Nyu York Tibb Kollecində rezedentura keçib. 2013-2016-cı illərdə Texas Universitetinin Dallas şəhərindəki tibb mərkəzində sonsuzluq üzrə genokoloq cərrah kimi ixtisaslaşıb. O vaxtdan həmin mərkəzdə dosent vəzifəsinə təyin olunaraq, bu günədək qadınlarda sonsuzluq üzrə cərrahi əməliyyatlar, eyni zamanda EKO prosedurlarını həyata keçirir.

Atası Namiq İbrahim oğlu Babayev anestezioloq - reanimatoloqdur. Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində çalışır. Anası Eleonora Nəriman qızı Babayeva isə 1 saylı xəstəxananın laboratoriyasında həkim işləyir. Bütün bunlarla yanaşı o, həm də ABŞ-da işıq üzü görən, tibb sahəsində ən məşhur "Human Reproduction" jurnalında redaktor köməkçisidir. Bir ekspert kimi onun razılığı olmadan heç bir elmi məqalə həmin jurnalda çap olunmur.

Ömür-gün yoldaşı Riada Nizami qızı Rəhimova stomatoloq işləyir. Yeganə övladı Namiqin 8 yaşı var, 3-cü sinifdə oxuyur. Deyir ki,- "Məncə, müvəfəqiyyət qazanmağın bir formulası var. Əgər burada 10% məqsəddən asılıdırsa, 70%-ni əzmkarlıq, 20%-ni isə Allahın uğuru təşkil edir". Onun da bəxti gətirib, bu ilin ortalarından Minnesota ştatının Roçester şəhərində fəaliyyətdə olan çox məşhur "Mayo Clinic"də sonsuzluq şöbəsinə rəhbərlik etməyə başlayacaq.

Şahmat oynamağı xoşlayır. Tez-tez online turlara qatılır və bir-neçə dəfə həmin turların qalibi də olub. Həftədə 200-250 km velosiped sürür. Bunun insan sağlamlığına verdiyi faydaları dilə gətirib, hər kəsə velosiped sürməyi tövsiyyə edir. Bəli, sonsuzluğa qarşı mübarizə aparan, insanlara dünyanın ən böyük sevincini bəxş edən bu gənc, mehriban həkimin əsas uğurları hələ qarşıdadır. Əminəm ki, onun biliyi, bacarığı, şəfalı əlləri sayəsində övlad üzünə həsrət qalan çox ailələr öz arzusuna qovuşacaq.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti