20 yaşında ABŞ-da əməliyyat aparan azərbaycanlı cərrah - FOTOLAR

20 yaşında ABŞ-da əməliyyat aparan azərbaycanlı cərrah -  FOTOLAR
  02 Mart 2019    Oxunub:17641
Belə bir oğulu necə bağrına basıb, alnından öpməyəsən, mümkün deyil. Bəli, bu biçimdə övladlar yetişdirən xalqın qarşısında baş əyməmək günahdır, onların varlığına sevinməmək insanlıqdan olmaz.
28 yaşın içindədir, amma 28 il iş təcrübəsi olan bəzi həkimlərdən çox iş görüb, çox adama şəfa verib, necə deyərlər, bu insan, sanki anadan cərrah olmaq üçün doğulub. Haqqında söhbət açdığım Firudin Azəri mərhum Seyid Cəfər Pişəvərinin bacısı nəvəsidir. 1991-ci ildə Bakıda dünyaya gəlib. 2003-cü ildə 7-ci sinfi 7 nömrəli məktəbdə bitirdikdən sonra, Kanadaya köçüb. 2009-cu ildə tam orta təhsilini Kanadanın Fort Erie şəhərində başa vurub. Həmin il ABŞ-a gələrək, Corc Meyson Universitetinin fiziki kimya fakultəsinə qəbul olunub.



Orada tam təqaüdlə oxuyb və 2013-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Bununla kifayətlənməyib, 2013-2017-ci illərdə Virciniya Universitetinin tibb fakultəsində MD həkimlik dərəcəsinə yiyələnib. Bu elm ocağında təhsil aldığı dövrdə apardığı tədqiqatlara, qazandığı ballara görə universitet üzrə ən yaxşı 10 məzundan biri, cərrahiyə üzrə isə birinci olub. 2017-ci ildən Filadelfiya şəhərinin Pensilvaniya Universitetinin cərrahiyə fakultəsində ilk azərbaycanlı kimi rezidentura keçir.



O, bu fakultədə elmi araşdırmalar və cərrahi əməliyatlar aparmaq üçün min həkimin arasından seçilən səkkiz nəfərdən biri olub. Desəm inanmayacaqsız, indiyədək 500-dən çox cərrahi əməliyyat aparıb. Əsasən də sahəsi ağ ciyər və mədə xərçəngindir. Söylədiyinə görə, ilk əməliyyatı hələ 20 yaşı olanda kor bağırsaq üzərində edib. Yeri gəlmişkən, ABŞ qanunlarına görə rezident həkimin nəzarəti altında cərrahi əməliyyat apara bilər.



Qısa müddətdə bir neçə mükafata layiq də görülüb- "Cərrahiyə üzrə R.Skott Cons mükafatı" və "Hemotologiya üzrə Samuel Maykl Bruk adına mükafat". Virciniya Universitetində təhsil alanda təsadüfən bir tələbə orada çalışan həmyerlimiz, cərrah Rauf Şahbazova xəbər aparır ki, bəs universitetdə bir azərbaycanlı tələbə var. Görüşüb tanış olurlar. Sonradan, bu tanışlıq dostluğa çevrilir. Birlikdə "Azərbaycan Amerika Tibb Asossasiyası"nı təsis ediblər. Təşkilat bir sıra layihələr həyata keçirib. Hətta Azərbaycandan ABŞ-a tibb sahəsində oxumağa gələn bir neçə tələbəyə yardımçı olub.



Deyir ki,- "Burada şanslar çoxdur. Özünə güvənənlər, savadına arxalananlar üçün hər cür şərait var. Mən çox istərdim ki, həkim olmaq istəyən gənclərimiz çəkinmədən ABŞ-a üz tutsunlar. Çətinliklərdən qorxmasınlar". 18 il karatenin şotakan, enşin növü ilə məşğul olub. Caz musiqisini dinləməkdən yorulmur, internet üzərindən Azərbaycan radiolarına qulaq asır.
Anası Şəhla Azəri Bakıda yaşayır. SOKAR-ın neft bölməsində mühəndis işləyir. Onun bu səviyyəyə yetişməsində anasının rolunu xüsusi qeyd edib söyləyir ki, bütün varlığımla anama borcluyam. Mən evimizdən çıxanda 11 yaşım var idi. O, mənə inanıb, ehtimad göstərməsəydi çətin ki, bu gün burada olardım.



Söhbətimi bu yerdə bitirmək istəyirdim, amma bu gənc oğlanın həm də necə qeyrətli oğul olduğuna dəlalət edən bir hadisəni də nəzərinizə çatdırmağı lazım bildim. 17 ildir xaricdə yaşamasına baxmayaraq, milli kimliyini itirməyib. Uşaqlıqdan amerikalılar arasında yaşayıb böyüsə də ana dilində səlist danışır. On il bundan əvvəl Nyu Yorkda iştirak etdiyi məclislərin birində altı yaşından ABŞ-da böyüyən Jalə adında bir azərbaycanlı qızla tanış olub. Bu tanışlıq sevgiyə rəvac verib. Bəli, Firudin il yarımdır ki, Jalə Seyidzadə ilə nişanlıdır. İyulda adət-ənənəmizə uyğun toy etməyə hazırlaşırlar. Uzaq Amerikada bir-birini sevən bu iki gənc azərbaycanlıya, gəlin Allahdan xoşbəxtlik diləyək.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan


Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti