Prezidentin qızları sərgidə - FOTOLAR

Prezidentin qızları sərgidə - FOTOLAR
  15 Noyabr 2013    Oxunub:3838
Noyabrın 14-də Müasir İncəsənət Muzeyində rəssam Lalla Essaydinin işlərindən ibarət sərgi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgi ilə tanış olublar.
"YARAT!" Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova sərginin əhəmiyyətindən danıb. Bildirib ki, L.Essaydinin "Zaman və gözəllikdən kənar" (Beyond Time and Beauty) adlı sərgisini təqdim etməkdən şərəf duyuruq. Fikrimizcə, bu tədbir bizim qədim tarixdən də məlum olduğu kimi, vizual ənənələr içində boya-başa çatan Bakı ictimaiyyətində dərin maraq doğuracaq. A.Mahmudova sərginin təşkilində əməyi olanlara dərin təşəkkürünü bildirib.

Sonra incəsənət elmləri namizədi, şərqşünaslıq tarixi və nəzəriyyəsi üzrə mütəxəssis, Qətərin Doha şəhərində Şərqşünaslıq Muzeyinin təsisçisi və direktoru Olqa Nefedova rəssam L.Essaydinin yaradıcılığını, o cümlədən onun burada nümayiş etdirilən əsərlərini yüksək qiymətləndirmiş və sərginin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq edib.

Sonra rəmzi açılışı bildirən lent kəsilib və sərgiyə baxış olub.

Gələn il yanvarın 14-dək nümayiş etdiriləcək sərginin kuratoru Dina Nasser-Xadividir.
"Zaman və gözəllikdən kənar" rəssam L.Essaydinin Azərbaycanda ilk sərgisidir və müəllifin 2012-13-cü illərdə Afrika Smitsonian İncəsənət Muzeyindəki sərgisindən sonra növbəti işidir. Rəssamın bütün karyerası boyu yaratdığı əsərləri bir yerə cəmləyən sərgi "Hərəm", "Güllələr", "Qovuşan ərazilər" və "Mərakeş qadınları" silsiləsini əhatə edir.

Sərgi Müasir İncəsənət Muzeyində "YARAT!" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçirilən beynəlxalq müasir incəsənət sərgilərinin genişlənməkdə olan proqramının bir hissəsidir.

Lalla Essaydi keçən on illikdə fotoqrafiya, qarışıq media və quraşdırma kimi texnikadan bəhrələnməklə oriyental motivlərin, İslam ikonaqrafiyası və Yaxın Şərq qadınına baxışın orijinal biçimdə yenidən canlandırılmasına görə şöhrətlənib. Rəssamın formalaşdığı illər Mərakeşdə və Səudiyyə Ərəbistanında keçmiş və o, Avropa və ABŞ-da təhsil aləb. L.Essaydi deyir ki, sənətimdə özümü çoxlu sayda linzalar vasitəsi ilə təqdim etmək istərdim - rəssam kimi, mərakeşli kimi, səudiyyəli kimi, ənənəçi, liberal, müsəlman kimi. Qısası, mən tamaşaçını stereotiplərə qarşı çıxmağa dəvət edirəm.

Sərginin kuratoru Dina Nasser-Xadivinin fikrincə, L.Essaydi çox məşhur beynəlxalq rəssamdır, o, nəsə çox orijinal bir şey yaratmaq üçün nüfuzedici mədəni və estetik dixatomiyaları irəli sürür - Şərq və Qərb, ənənə və müasirlik və qadın haqqında dəyişən qavrayışları da məhz o irəli sürür.

Mərakeşin hərəm memarlığından tutmuş ərəb kalliqrafiyasına və oriyentalist rəssamlıq ənənəsinədək sıralanan vizual ənənələri yada salmaqla L.Essaydi onu formalaşdıran ikonoqrafiyanı əsaslandırır. Onun "Mərakeş qadınları" silsiləsindən əsərləri tamamilə İslam kalliqrafiyasına bürünmüşdür. Mətn sanki, qadının düşdüyü tordur və o, eyni zamanda, həm də dekorasiya formasıdır, bu isə İslam qadınının həyatında ən mənalı məqamlardan sayılmalıdır.
Tam illüstrasiyalı rəngli kataloq sərgini müşayiət edir və buraya Qətər Şərqşünaslıq Muzeyinin təsisçi-direktoru O.Nefedova tərəfindən yazılmış esse daxildir.

Mərakeşdə boya-başa çatan L.Essaydi ömrünün bir çox ilini Səudiyyə Ərəbistanında keçirib və Qərb təhsili almasına baxmayaraq, ənənəvi İslam həyatı onun formalaşmasında əsas rol oynayıb. L.Essaydinin fotoəsərlərində İngres, Delakrua və Gerome kimi on doqquzuncu əsrin oriyentalist rəssamlarına xas olan ikonoqrafiya əsaslı müasir refleksiya dərhal nəzərə çarpır. Son vaxtlarda müəllif Mərakeşdə hərəm üslubunda bir sıra əsərlər yaradıb.

L.Essaydi Nyu-Yorkda yaşayır. Onun "Mərakeş qadınları" silsiləsindən seçmələri 2009-cu ildə tanınmış kitab evləri tərəfindən nəşr edilib. Müəllifin işlərindən ibarət son sərgi Afrika Smitsonian, Boston İncəsənət muzeylərində, Uilyams Kollec Muzeyində və Ohayoda Kolumbus İncəsənət Muzeyində sərgilənib. Onun əsərləri Parisin Luvr Muzeyində və dünyanın bir sıra məşhur muzeylərində nümayiş etdirilir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti