“Əsl İslam” haradadır?

“Əsl İslam” haradadır?
  18 Noyabr 2013    Oxunub:3789
Vüsal Məmmədov

Bizim cəmiyyətdə hazır şablon cavabların kataloqu var. Məsələn, `Qızın nişanı niyə qaytarıldı` sualına verilən “Sən demə, oğlan narkoman imiş...” cavabı kimi. Hərçənd, 100 haldan 99-da oğlan narkoman-filan olmur, bu, sadəcə qız evi üçün əsl səbəbi ört-basdır etməyin optimal yoludur.
Belə şablon, standart cavablardan biri də dinlə bağlıdır. Hər dəfə müsəlman ölkələrində hansısa eybəcərlik yaşananda (belə “hər dəfə”lər isə yaman çox olur), dinin hansısa yumşaq desək, pis tərəfi üzə çıxanda bizim milli islamçılar belə bir standart izahat verirlər: “Bu, əsl İslam deyil”.

Məsələn,
Pakistanda sünnilərlə şiələr bir-birini qırırlar – “bu, əsl İslam deyil”;
Əfqanıstanda neçə nəfərinsə başı kəsilib - “bu, əsl İslam deyil”;
İranda atanın övladlığa götürdüyü qızla evlənməsinə icazə verilib - “bu, əsl İslam deyil”;
Misir qadınlar üçün ən dəhşətli yer hesab olundu - “bu, əsl İslam deyil”;
Dünya şiələri Aşura günü özlərini qanlı ət parçasına döndərdilər - “bu, əsl İslam deyil”...

Yaxşı, bəs bu “əsl İslam” haradadır, nədir, necədir? Müsəlman ölkələrində nə baş verirsə, ştatlı din vəkillərinin sözlərinə görə, bunların heç birinin İslama dəxli yoxdur. Belə çıxır ki, bütün bunların xristianlığa, buddizmə, krişnaizmə dəxli var. İslamda isə nə zorakılıq var, nə siğə, nə qadın hüquqsuzluğu, nə özgə dinlərə qarşı dözümsüzlük, nə zəncir vurmaq, nə aqressiya... Tamamilə sülh və əmin-amanlıq dinidir! Yəni din vəkilləri onu belə təqdim edirlər. Amma sual yaranır: yaxşı, İslamda bunların heç biri yoxdursa, onda müsəlman ölkələrində niyə bütün bunlar var? Onlar bu pis vərdişləri qədim mayaların dinindənmi götürdülər?

Ümumiyyətlə, o “əsl İslam” deyilən nəsnə haradadırsa, bəlkə onu bizə bir göstərəsiniz, biz də baxaq, barmağımızı dişləyək və bilək ki, əsl İslam budur və qalanları əsl İslam deyil. Haradadır o “əsl İslam”? İranda? Türkiyədə? Səudiyyə Ərəbistanında? Harada?

İstəsəniz, sualı məkan yox, zaman baxmından da qoya bilərəm: Nə vaxt olub o əsl İslam? İlk xəlifələrin dövründə? Əməvilərin vaxtında? Abbasilər xilafətində? Osmanlı zamanında? Haçan?!.

Əgər o “əsl İslam” deyilən şey varsa, niyə bu gün heç bir ölkədə, cəmiyyətdə biz onu görə, siz onu göstərə bilmirsiniz?
Yox, əgər İslam srıf nəzəri təlimdirsə və real həyatda olduğu kimi tətbiqi mümkün deyilsə, açıq deyin, biz də işimizi bilək.

Çox qəribədir: məsələn, adamın biri iddia edir ki, “əsl İslamda sünni-şiə söhbəti yoxdur”. Sonra isə əminlikə deyir ki, bu ayrı-seçkiliyi müsəlman dünyasında düşmənlər yayırlar. Amma buna baxmayaraq, özü qatı şiədir. Və bu adamı başa salmaq olmur ki, əgər İslamda sünni-şiə ayrılığı yoxdursa, bunu düşmənlər yayırlarsa, sən də bunu bilirsənsə, onda niyə İslamda olmayan şeyi edir və düşmənə uyaraq özünü “şiə” adlandırırsan? Əgər dediyinə inanırsansa, ilk olaraq özün məzhəbçilikdən imtina elə də.

Cavab sadədir: sünni-şiə ayrılığı məhz elə İslamda, bu dinin özəyində var. Necə ki, zəncir vurmaq, qadın hüquqlarını boğmaq, özgə fikirlərə qarşı dözümsüzlük və amansızlıq, düşməninin başını kəsmək – bunların da hamısı İslamda var. İslamın ən “ziyalı” fiquru hesab olunan şəxs dördüncü xəlifə Əlidir ki, onu bütün şəkillərdə əlində qılıncla təsvir edirlər. Şiəliyin simvolu Əlinin haça qılıncı – “Zülfüqar”ıdır. Mən, məsələn, Əlinin qələm və kitabla bir şəklini də görməmişəm. Bununla belə, Əliyə “alim” deyirlər. Harada görünüb ki, “alim” öz qılıncı ilə tanınsın?

Baş kəsməyə gəlincə...
- Beynimdə hələ də bəzi şübhələr qalır
- Başını kəssək, içində şübhələr də qalmaz.

“Peyğəmbərlik ” filmində də yer alan bu dialoq tarixdə həqiqətən olub. Cavab İslamın ən böyük sərkərdələrindən biri sayılan Xalid bin Vəlidə aiddir. İndi necə deyə bilərik ki, “İslamda baş kəsmək yoxdur”?!.

Məncə, İslamı olmadığı kimi təqdim etdiyiniz bəsdir. Bəsdir onu yuyub-təmizlədiyiniz, əhəngləyib-ağartdığınız. Bu dini necə varsa, real sifəti ilə olduğu kimi göstərin cəmiyyətə. Azyaşlı qızları ərə verməkdən tutmuş, qul və cariyə saxlamağa icazə verməsinə qədər. Özgə fikri qəbul etmədiyini açıq bildirin. Pis tərəflərini də haqq qazandırmadan, bəzək vurmadan deyin.

“İslam yaxşıdır, molla pis” söhbətləri çoxdan çürüyüb. Əgər İslam yaxşıdırsa, niyə pis mollalar zümrəsini meydana çıxarıb ki? O zümrənin yaranmasının məsuliyyətini kim daşıyır? Molladan əl çəkmək və gerçək səbəbin üstünə getmək gərək. Niyə İslam cəmiyyətləri bu qədər geri qalır? Bunun günahı sadəcə mollalıq institutunda ola bilməz. Çəkinmədən, tabuların üstünə gedərək, əsl səbəblər haqqında danışmağa başlamaq lazımdır.


Teqlər:  





Xəbər lenti