Şuşa üçün NLP - VİDEOSTATUS

   Şuşa üçün NLP -    VİDEOSTATUS
  09 May 2019    Oxunub:4342
AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov bugünkü VideoStatusunda sosial şəbəkədə Şuşa ilə bağlı yazılan fikirlərə münasibətini bildirir.
- Mən Şuşadan, ümumiyyətlə, bizim işğal olunmuş digər torpaqlarımızdan da danışanda dekadans ruhuna köklənməyin, ağlayıb-sızmağın əleyhinəyəm. Açığı, NLP metodunun pərəstişkarı deyiləm, amma düşünürəm ki, məhz bu məsələdə bizim neyrolinqvistik proqramlaşdırmaya ehtiyacımız var. Yəni düzgün sözlər və ifadələr seçməliyik ki, düşüncəmiz də düzgün qurulsun.

Bilməliyik ki, Şuşa – bizim itirilmiş şəhərimiz deyil, hələ ki qaytara bilmədiyimiz şəhərimizdir. Bizim üçün “Qarabağ qaytarılacaqmı?” sualı olmamalıdır, necə və hansı metodla qaytarılacağını müzakirə etməliyik. Qarabağdan danışanda “işğal olunmuş ərazilər” yox, “müvəqqəti işğal altındakı ərazilər” deməliyik. Dəqiq bilməliyik ki, Qarabağın qaytarılmamaq variantı yoxdur. Şairliri işə salıb bayatı çağırmaq, Şuşa dağlarının başındakı duman üçün poetik-siyasi izahlar fikirləşməklə özümüzü ruh düşkünlüyünə kökləməməliyik.



Bilməliyik ki, Qarabağ ancaq bir halda itiriləcək: Biz bununla barışanda. Nə qədər ki, biz Qarabağı itirilməsilə barışmamışq, bu münaqişədə hər gün Azərbaycanın xeyrinə işləyir. Nə qədər ki Qarabağ bizim beynimizdə, ürəyimizdə Azərbaycan torpağıdır, hər gün bizi o torpaqlara bir addım da yaxınlaşdırır.

Sabirin yazdığı “Ağladıqca kişi qeyrətsiz olur” sözləri yadınızdadırmı? Ağlamaq lazım deyil. Hər gün məqsədə doğru daha bir addım da getmək lazımdır. Necə ki, gedilir.




Teqlər: Videostatus   Şuşa   Vüsal-Məmmədov  





Xəbər lenti