Cinləri anlamaq cəhdi – VİDEOKÖŞƏ

   Cinləri anlamaq cəhdi –    VİDEOKÖŞƏ
  20 May 2019    Oxunub:6153
Bir müddət idi ki, cinlərdən canımız dincəlmişdi. Televiziyalar içinə guya cin girən insanları göstərib, camaatın beynini boş-boş şeylərlə doldurmurdular. Çox təəssüf, deyəsən, atəşkəs müddəti başa çatıb və cinlər yenidən efirlərə ayaq açmağa başlayıblar.
Bu oyunbazlıqda televiziyaların marağı aydındır: Reytinq toplamaq istəyirlər. İçinə guya cin girmiş adamı verilişə çıxarmaqla reytinq toplamaq bəlkə də ən aşağı, ən axırıncı yoldur, amma görünür, bunu edənlər üçün məqsəd vasitəyə bəraət qazandırır. Niyyətim televiziyalardan danışmaq deyil, əsas budur ki, bütün hallarda onların niyə belə elədiklərini hamımız başa düşürük. Bu, artıq, böyük uğurdur – çünki insan ancaq başa düşmədiyi şeydən qorxur, vahimələnir. Ona görə, gəlin indi bu cəhənnəm şoularındakı ikinci tərəfi anlamağa çalışaq – yəni cinləri.



Sual belədir: Niyə bir cin durduğu yerdə bir xalanın bədəninə girib, onun başını sağa-sola, önə-arxaya, saat əqrəbi və saat əqrəbinin əksi istiqamətində hərəkət etdirməlidir? Yəni niyə bir cin vaxtını, enerjisini buna sərf eləməlidir ki? Bu halda nə qazanır?

1-ci versiya: İdman

Bəlkə bu, cinlər üçün bir idman növüdür? Təxminən belə:
- Cinulla, yaman kökəlmisən e!
- Hə, valla, nə eləyim, görəsən?
- O xalanı görürsən? Get, gir onun bədəninə, bir az başını hərəkət elətdir!

Yəni təxminən belə bir şey alınır ki, biz insanların bədəni cinlər üçün idman trenajorları kimi bir şeydir. Gəlib otururlar, başlayırlar hansısa astral əzələlərini gücləndirmək üçün məşq eləməyə.

2-ci versiya: Sifarişli qətl

Elə bilməyin ki, mən burada oturub, cin tutmuş kimi, özüm-özümə boş-boş danışıram. Yox, vallah; Mən bu sualı cinlərin insana girdiyinə həqiqətən inanan şəxslərdən də soruşmuşam ki, sizcə, niyə axı, cin kiməsə girməlidir? Motiv nədir? Onlar mənə belə izah ediblər:

...Tutaq ki, Nailə xala çox xoşbəxtdir. Əri, uşaqları, evi-eşiyi, üstəlik, böyük qızına elçi də gələcək. Amma Kəmalə xalanın bunu gözü götürmür, içində partlayır ki, niyə Nailənin oğlu yaxşı işləyib-qazandığı halda, mənim oğlum bütün günü Əli Kərimlinin boş-boş videolarına baxmalıdır?! Və paxıllıqdan gedib, Nailəyə cadu elətdirir. Ondan pul alan cindar da bir cini göndərir ki, “get, gir Nailənin bədəninə, qoy, dəli olsun, hər şeyini itirsin”.

Xub! Pakizə! Amma doğrudanmı, rəqib kimi gördüyün adamları sıradan çıxarmaq bir cindara pul vermək qədər asandır? Əgər belədirsə, onda niyə Tramp, məsələn, Kim Çen Inı zərərsizləşdirmək üçün bu qədər pullar xərcləyir, siyasət yürüdür, dünyanı bir-birinə qatır? Elə bir cindara pul versin, Kimin bədəninə cin müsəllət eləsinlər, o da bütün günü oturub, dəyişmiş səslə gic-gic şeylər danışsın da.

Əgər belə bir şey mümkündürsə, onda siyasət deyilən şey ümumiyyətlə, niyə mövcuddur? Niyə, məsələn, mən siyasətini ziyanlı saydığım Əli Kərimliyə qarşı mübarizə aparmalıyam ki? Elə onun bədəninə bir cin müsəllət etdirək, bütün günü canlı yayımda oturub, bağını sağa-sola fırlatsın, məsələ bağlansın da.

Təbii ki, bu, bir zarafat idi, amma ciddi nəticə çıxarmağa dəyər: Əgər insanlar hələ də bir-birlərilə mübarizə aparırlarsa, demək, onların arsenalında “cin” deyəilən bir silah yoxdur.

3-cü versiya: Terrorçu tələbi

Mən son illərdə sevimli vətəndaşlarımızın bədəninə girən cinlərin irəli sürdüyü sosial-iqtisadi xarakterli tələblərə diqqətlə qulaq asmışam. Biri deyir ki, su içmək istəyirəm. O biri Məkkəyə getmək tələbini irəli sürür. Bəlkə, terrorçular təyyarəni ələ keçirib, hansısa tələblər qoyan kimi, cinlər də bu məqsədlə insana girirlər?

Təsəvvür eləyin, siz təyyarə qaçırmısınız. Gəlib soruşurlar ki, tələbin nədir? Deyirsiniz: Su içmək istəyirəm!
İstəyirsən – get iç də, daha Nailə xalanın bədəninə niyə girirsən?!
Yaxud, ay cin, ay sənə qurban olum, Həccə getmək istəyirsən, lap yaxşı, Allah qəbul eləsin. Zatən gedənlərin heç biri səndən artıq deyil. Hacı Nuran da gedibsə, sən niyə getməyəsən ki? Amma bunun üçün 15 yaşında fağır kəndli qızın bədəninə girmək nəyə lazımdır? Həccə getmək üçün çemodanını qablaşdıran, qohum-qonşudan Zəm-Zəm suyu sifarişləri toplayan potensial Həcilərdən birinə gir də.
Məntiq yoxdur axı!

Yəni bu versiyanı da qırağa qoyuruq.

* * *

Təəssüf, amma bu 3 versiyadan başqa mənim ağlıma heç nə gəlmir ki, axı cin insana niyə girsin?! Əgər sizin başqa variantlarınız varsa, buyurun, yazın, müzakirə edik. Bəlkə sonda bu cəhalət cinini insanlarımızdan birdəfəlik çıxara bilərik.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Cin   Cindarlıq  





Xəbər lenti