İşıqlı gələcək: Azərbaycan daha çox elektrik enerjisi ixrac edə bilər - TƏHLİL

      İşıqlı gələcək:    Azərbaycan daha çox elektrik enerjisi ixrac edə bilər -    TƏHLİL
  29 May 2019    Oxunub:5035
Məlumdur ki, Azərbaycan dünyada enerji ölkəsi kimi tanınır. Lakin bu, əsas etibarilə neft və qaz resurslarına görədir. Ölkəmiz dünya bazarlarına neft ixrac edir və artıq, neçə illərdir ki, buna qaz da əlavə olunub. Növbəti ildən Avropaya da qaz ixrac etməyə başlayacağıq. Halbuki, vaxt var idi, qazı Rusiyadan alırdıq.
İndi bu sıraya elektrik enerjisi də əlavə olunub. Belə ki, elektrik enerjisi sahəsində də ixrac imkanının ortaya çıxması ölkəmizi daha geniş çeşiddə enerji ölkəsi kimi tanınmasını möhkəmləndirəcək. Bu, çox böyük nailiyyətdir və Azərbaycanın iqtisadi və siyasi nüfuzunun artacağı deməkdir.

Ümumiyyətlə, ölkəmiz əslində, çoxdan kənara elektrik enerjisi satır. Sadəcə olaraq, sözügedən sahədə mövcud potensial ixrac trayektoriyasını getdikcə, genişləndirməyə yol açır ki, bu da ölkədə elektrik enerjisi istehsalı ilə bağlı genişmiqyaslı investisiya və modernləşdirmə işləri aparıldığından daxili istehlakdan doğan tələbatdan çox enerji istehsal olunması ilə əlaqədardır. Belə ki, stansiyaların potensialı fasiləsiz olaraq gücləndirilir. Bütün bunlar isə əlavə enerji gücü əldə etməyə şərait yaradır. Məsələn, təkcə “Şimal-2” stansiyasının tikintisini nəzərə alsaq, yaxında enerji potensialımız xeyli artacaq. Sözügedən stansiya təqribən, 400-500 meqavat gücünə malik olacaq. Halbuki, mövcud stansiyaların özlərinin yenidənqurma, bərpa, modernləşmə işləri nəticəsində azı bir bu qədər də əlavə enerji gücü əldə edəcəyik.

Və elə bütün bunların da nəticəsidir ki, bu ilin mayın 1-dən “Azərenerji” Gürcüstan və Türkiyədən tranzit yolu ilə Yunanıstana və eyni zamanda, Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit yolu ilə Rumıniya və Macarıstana da elektrik enerjisi ixracına başlayıb. Elektrik enerjisi istehsalı nə qədər çox artıq olacaqsa, adı çəkilən ölkələrin sayı artacaq.

Ümumiyyətlə, ölkənin elektrik enerjisi ilə təminatı məsələsi iqtisadiyyatın təhlükəsizliyinə aid məsələdir. Hər bir varlığın və hərəkətin kökündə enerji dayandığı kimi, iqtisadiyyatın da əsasında enerji ilə təminat məsələsi durur. Odur ki, iqtisadiyyatı inkişafda olan hər bir ölkədə elektrik enerjisi istehsalı fasiləsiz artmalıdır. Onun dayanıqlı olması isə ümumiyyətlə, ən vacib məsələdir.

Bir ara, ölkədə elektrik enerjisi istehsalında problem yaranmışdı. Belə ki, 2017-ci ildə 21,8 milyard kVt/saat elektrik enerjisi istehsal edilmişdi ki, bunun 20,2 milyard kVt/saatı istilik elektrik stansiyaları, 1,6 milyard kVt/saatı isə su elektrik stansiyalarının payına düşmüşdü. Bu da 2016-cı ilə nisbətən 0,9 milyard kVt/saat yaxud 3,97 % az idi. Halbuki, 2016-cı ildə Azərbaycanda elektrik stansiyaları 23,07 milyard kilovatt/saat elektrik enerjisi istehsal etmişdi ki, bu, 2015-ci ilin göstəricisindən 0,8% çox olub. Amma, bu, su elektrik stansiyalarının hesabına baş verib. Belə ki, 2016-cı ildə istehsal olunan əmtəə elektrik enerjisinin ümumi həcmindən 20,06 milyard kilovatt/saatı istilik elektrik stansiyalarının payına düşüb ki, bu da, 2015-ci ildəki göstəricidən 1 % az, su elektrik stansiyalarında isə 1,91 milyard kilovatt/saat elektrik enerjisi istehsal olunub ki, bu rəqəm isə 1 il əvvəlki göstəricidən 24,1% çox təşkil edib.

Ümumiyyətlə, ölkədə istilik elektrik stansiyaları üzrə istehsalda vəziyyət qənaətbəxş deyildi. Ölkənin elektrik enerjisi ilə təminatının da 90%-dən çox hissəsi istilik elektrik stansiyalarının payına düşür. Lakin yuxarıda da qeyd etdiyim kimi bu vəziyyət artıq, aradan götürülür.

“Azərenerji” ASC 2019-cu ilin yanvar-mart ayları ərzində 6,151 milyard kVt/s elektrik enerjisi istehsal edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 153 milyon kVt/s və ya 2,5% çoxdur. Belə ki, ötən ilin birinci rübündə 5,998 milyard kVt/s elektrik enerjisi istehsal edilmişdi. Elə həm də bunun nəticəsi olaraq əlavə elektrik enerjisinin ixracı da ötən ilin birinci rübü ilə müqayisədə artırıb. Belə ki, 2018-ci ilin birinci rübündə qonşu ölkələrə 131 milyon kVt/s elektrik enerjisi ixrac edilmişdisə, 2019-cu ilin birinci rübündə 161 milyon kVt/s ixrac edilib. Bu isə 30 milyon kvt/s və ya 23% artım deməkdir.

Bu gün ölkəmizin enerji sisteminin əsasını irili-xırdalı 10-dan çox su, 13 istilik elektrik stansiyası təşkil edir ki, bunların da toplam gücü təqribən 7,1 min meqavatdan çox edir. Buna 2005-ci ildən bəri sözügedən sahədə görülən işlər nəticəsində 40% artım əldə edilməklə nail olunub. Ancaq, generasiya güclərinin istehsal etdiyi elektrik enerjisinin əhalinin rifahına düşən səviyyəsi nöqteyi-nəzərindən yanaşsaq, inkişaf etmiş ölkələrə çatmağımız üçün enerji sistemimizin gücünün 10 min meqavatdan yuxarı qalxması tələb olunur.

Sözüm bunda deyil. Yeri gəlmişkən, daxili istehlak da artır. 2018-ci ilin birinci rübü ilə müqayisədə 2019-cu ilin eyni rübündə elektrik enerjisinin istehlakı 3,41 % artıb. Odur ki, burada strateji siyasət yürütmək və addımlar atmaq tələb olunur. Belə ki, daxili istehlak üzrə getdikcə daha sürətlə artmaqda olan tələbi ödəmək və ixracı genişləndirmək ilə paralel olaraq həyata keçirilməlidir. Çünki sonuncu ölkəyə valyuta gətirdiyindən, xüsusən vacibdir.

Generasiya layihələri investisiyalar sayəsində reallaşdırıldığından, müvafiq xərc ödənilməlidir. Ona görə də, bu, xeyirdir, xarici vəsait deməkdir. Və eyni zamanda, iqtisadi nüfuz deməkdir. İqtisadi nüfuz isə siyasi əhəmiyyəti və çəkini təyin edən ən ümdə vasitədir. Odur ki, elektrik enerjisi sahəsində potensialımızdan maksimum istifadə etməyə çalışmalıyıq.



Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Elektrik-enerjisi   Energetika  





Xəbər lenti