Bakı Avroliqa sınağından üzüağ çıxdı - TƏHLİL

Bakı Avroliqa sınağından üzüağ çıxdı -  TƏHLİL
  30 May 2019    Oxunub:6130
Azərbaycanda daha bir tarixi hadisə yaşandı. Ötən gün paytaxt Bakı dünyanın ən nüfuzlu idman yarışlarından olan UEFA Avropa Liqasının final oyununa ev sahibliyi etdi. Dünyanın idman ictimaiyyətinin diqqəti Bakıya yönəlmişdi, milyonlarla insan finalı gözləyirdi. Nəhayət, çempionluq uğrunda mübarizə aparan London klublarının - “Arsenal”la “Çelsi”nin oyunu gözlənildiyindən də möhtəşəm alındı və Azərbaycan yenidən bütün dünyaya sübut etdi ki, istənilən nüfuzlu tədbiri ən yüksək səviyyədə keçirmək iqtidarındadır.


Bakıda London derbisi və ifşa olunan yalanlar

Avroliqanın finalı ölkəmizdə keçirilən ilk mötəbər tədbir deyil. Bundan əvvəl də “Eurovision”, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” kimi nüfuzlu idman yarışları Azərbaycanda təşkil olunub. Həmin yarışların izləyici auditoriyası milyonlarla ölçülür və əminliklə deyə bilərik ki, artıq ölkəmiz dünya miqyaslı tədbirlərə ev sahibliyi etmək üçün böyük təcrübəyə malikdir.

Beynəlxalq tədbirləri, dünyanın diqqət mərkəzində olan idman yarışlarını keçirmək üçün təhlükəsizliyin təmin olunması, müasir infrastruktur şəraiti və ölkənin nüfuzu əsas şərtdir. Azərbaycan bu tələblərə cavab verən azsaylı ölkələrdən biridir. Hətta Cənubi Qafqazda və MDB məkanında lider statusundadır.



Biz dünən həm də sübut etdik ki, Azərbaycan nəhəng tədbirləri təşkil etməklə müasir infrastruktura, beynəlxalq standartlara cavab verən idman komplekslərinə, xidmət sektoruna, təhlükəsiz təminatına malik ölkədir.

Futbol sevərlərə məlumdur ki, ingilislər dünyanın ən çılğın azarkeşləri hesab olunurlar. Hətta Londonda baş tutan derbilərdə matçdan sonra yaşanan davalar, qarşıdurmalar ingilislərin necə emosianal olmalarından xəbər verirdi. Bu baxımdan iddia edilirdi ki, guya Azərbaycan polisi sərxoş ingilis fanatların “qarşısını” ala bilməyəcək, xoşagəlməz mənzərələr ortaya çıxacaq. Deyilənlər isə özünü doğrultmadı və Bakı növbəti sınaqdan da üzü ağ çıxa bildi.



Qara yaxanlar Bakıda nələri gördülər?

Bakı Avropa Liqasının 2018/2019-cu illər mövsümünün finalına ev sahibliyi etmək hüququ qazananda səsi çıxmayanlar finalın adı bəlli olandan sonra hər tərəfdən qara piara başladılar. Əvvəl dedilər ki, Bakı uzaqdır. Nə üçün finalı bu şəhərə salıblar? Ardınca söylədilər ki, ölkənin belə bir mötəbər finalı qəbul etməyə guya müvafiq infrastrukturu yoxdur. Gah dedilər, Azərbaycan təhlükəsiz ölkə deyil, gah uydurdular ki, otellər lazımı sayda deyil, daha nələr nələr...

Əsas məqsəd Azərbaycana qara yaxmaq, finalın nüfuzuna xələk gətirmək idi. Bu dəfə bir qədər fərqli ssenari ilə hücuma keçmişdilər. Uğursuz kampaniyanı “Arsenal” klubunun erməniəsilli oyunçusu Henrix Mxitaryan üzərində qurmuşdular. Hansı ki, Azərbaycanın idmanı siyasətə qarışdırmadığını, erməni əsilli futbolçuya təhlükəsizlik təminatı verdiyini bəyan etməsinə rəğmən, manipulyasiyaların ardı-arası kəsilmirdi. Azərbaycan tərəfi isə “hücumlar”ı tək bir həmlə ilə - üzərinə götürdüyü öhdəliyi qüsursuz yerinə yetirməklə darmadağın etdi. Qitənin diqqət mərkəzində olan final matçını yüksək səviyyədə təşkil etməklə, ölkəmiz həm də "Mxitaryan şou"sunun bütün gerçəkliyini üzə çıxardı.



Əgər Azərbaycana qarşı aparılan kampaniyalarının bütün istiqamətlərinə ayrı-ayrılıqda cavab verməyə çalışsaq, mənzərə təxminə belə olacaq. Məsələn, başlayaq qonaqların ölkəyə gətirilməsindən. Bu işə məsul AZAL bütün reysləri qəbul etdi, hava limanında hər hansı problem yaşanmadı. Otellər və qonaqların yerləşməsi yüksək səviyyədə həyata keçirildi. Oyundan əvvəl fan-zonaların təşkili, azarkeşlərin ehtiyaclarının ödənilməsi, onlar üçün mümkün olan şəraitin yaradılması hamı tərəfindən bəyənildi və xüsusi qeyd edildi.

Oyun günü istər azarkeşlərin stadiona gəlişi, stadionda matçı seyr etməsi, istərsə də geriyə dönüşü problemsiz təşkil olundu, sıxlıq yaranmadı. Stadionu tərk edən azarkeşlərin rahat şəkildə nəqliyyata çatması və şəhərin müxtəlif nöqtələrinə çatdırılması da peşəkar şəkildə icra olundu. Ümumən istər finaldan öncəki günlər, istərsə final günü hər hansı bir problemin, ciddi insidentin olmaması tədbirin yüksək səviyyədə təşkil olunduğunu aydın nümayiş etdirdi. İngilis azarkeşlərin çılğınlığı nəzərə alınsa, birmənalı şəkildə demək olar ki, Bakı bəlkə bu kimi yarışların tarixində heç bir ciddi insidentin yaşanmadığı ən təhlükəsiz şəhər kimi tarixə düşdü.



Deyilənlər və görünənlər

Hər il ölkəmiz yüzlərlə xarici qonağın iştirakı ilə 10-dan artıq beynəlxalq tədbir keçirir. Və bu tədbirlərin təşkili zamanı və ölkəmizə gələn qonaqların təhlükəsizliyi yüksək səviyyədə təşkil olunur. Qonaqlarla söhbət zamanı bəlli olur ki, onlar özlərini Azərbaycan tam təhlükəsiz hesab edirlər. Təbii ki, bunda hüquq-mühafizə orqanlarının, asayiş keşikçilərinin peşəkar fəaliyyəti az rol oynamır. Avroliqanın finalı zamanı da hüquq-mühafizə orqanlarının əməkdaşları vəzifələrinin öhdəsindən peşəkarlıqla gəldilər. Onların xarici qonaqlarla sivil və mehriban davranışı, hətta içkili ingilis azarkeşlərinin süni şəkildə qarşıdurma yaratmaq cəhdlərinə qarşı dözümlü davranışı alqışalayiq idi. Bununla dost da, düşmən də Azərbaycanın necə təhlükəsiz ölkə olduğunu gördü.



Könüllülük institutu

Şübhəsiz Avroliqanın finalı kimi beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində könüllülərin rolu danılmazdır. Bütün digər böyük tədbirlərdə olduğu kimi, könüllülərin peşəkar fəaliyyəti ümumi işin rahat, sakit şəkildə həllinə böyük dəstək oldu. Bu, həm də göstərdi ki, Azərbaycanda könüllülük artıq bir hərəkat, institut kimi formalaşıb. Həmçinin isbat olundu ki, gənclərimiz hər zaman dövlətin yanındadır, bütün işlərdə ona dəstək olmağa hazırdır. Bunu sözdə yox, əməldə etməyə qadirdirlər.



Bəzi xarici KİV-lərin fiaskosu

Final öncəsi bəzi xarici KİV-lər özlərini qarayaxma kampaniyası aparanların ruporuna çevirmişdilər. Əsassız iddialar havada uçuşurdu. Kimlərisə inandırmağa çalışırdılar ki, Londondan Azərbaycana azarkeşlər getməyəcək, ingilislər yolun uzaq olmasına görə finalı Bakıda izləməkdən vaz keçiblər. Sözsüz ki, bu iddialar da özünü doğrultmadı. Stadionda 60 minə yaxın azarkeş oyunu canlı izlədi.

Bakı finalını gözdən salmağa çalışan bəzi KİV-lər bir qədər də irəli gedərək oyunun çox sönük keçdiyini, azarkeş ehtirasının olmadığını qüsur kimi göstərməyə çalışırdılar. Gülməli deyilmi? Bəli, gülməlidir, həm də çox. Axı finalda 5 qolun vurulduğu oyun necə sıxıcı ola bilər?! Yaxud Bakı finalı kimi hansı Avroliqa finalı belə coşqu ilə keçib?



Lap, tutaq ki, oyun sönük keçibsə, buna təşkilatçı ölkə nə etməlidir? Bütün bunlar bilirsiniz nəyin nəticəsidir?

Heç kim Azərbaycanda keçirilən final matçı ilə bağlı diqqəti cəlb edə biləcək nöqsan tapa bilmədi. Hazırlığın yüksək səviyyəsi xaricdəki anti-Azərbaycan qüvvələrin və onların daxildəki uzantılarının bütün iddialarını alt-üst etdi, başlanmasına cəhd olunan qarapiar kampaniyası qısa zamanda boğuldu və heç bir effekt vermədi.



Bakı finalının nəticəsi

İstər Azərbaycanın rəsmi dairələrinin, dövlət orqanlarının olduqca səmərəli fəaliyyəti, mümkün problemlərin qabaqcadan müəyyənləşdirilməsi və onların aradan qaldırılması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirməsi, istərsə də tədbirin əsas təşkilatçısı olan UEFA rəhbərliyinin prinsipial mövqeyi, bütün məsələlərə vaxtında müdaxilə etməsi və şayiələrə imkan yaratmaması tədbirin uğurla keçirilməsinin başlıca səbəbləridir. Beləliklə, bu tədbir Azərbaycan dövlətinin, hakimiyyət strukturlarının olduqca səmərəli və peşəkar fəaliyyətinin əyani təsdiqi oldu. Azərbaycan göstərdi ki, 2020-ci ildə Avropa çempionatının 4 oyununu da yüksək səviyyədə təşkl etmək və uğurla keçirmək gücünə, bacarığına malikdir.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: UEFA   Final   Avropa-Liqası  





Xəbər lenti