“Adətimiz belədir”: İngilis siyasətinin məzəli mühafizəkarlığı
Kral, yaxud kraliçanın parlamentin açılış mərasimində iştirak etməməsi üçün üzrlü səbəb olmalıdır. Məsələn, uzun illərdir monarxiyanın başında duran kraliça II Yelizaveta cəmi iki dəfə - 1959 və 1963-cü illərdə açılış iclasında iştirak edə bilməyib. Səbəb kraliçanın hamilə olması idi. Halbuki, onun nənəsi Viktoriya parlamentin açılış mərasimində iştirakdan fürsət düşdükcə qaçmağa çalışırdı.
İngiltərə tarixində "Viktoriya epoxası" açmış kraliça əri Albertin ölümündən sonra cəmi yeddi dəfə parlamentin açılış törəninə qatılmışdı. XIV əsrdə kral II Edvard tərəfindən əsası qoyulmuş qaydaya görə, parlament binasına zireh geyinib gəlmək qadağan edilmişdi. Həmin dövrdə İcmalar palatası cəngavərlərdən ibarət olduğu üçün bu qadağa tətbiq edilirdi. Doğrudur, indi heç kəs parlamentə zirehdə gəlməyi ağlına sığışdırmasa da, ingilis kübarlığı məcburi dress-kod tələb edir: Kişilər və qadınlar işgüzar üslubdakı kostyumlarda parlamentə gəlməlidirlər. Müxtəlif siyasi şüarlar yazılmış köynəklərlə parlamentə gəlmək olmaz. Belə geyimdə içəri keçən parlamentarilərə spiker söz vermir.
Britaniya parlamentinin İcmalar palatasının iclas salonunda istənilən növ spirtli içkidən istifadəyə qadağa qoyulub. Ancaq bu qaydadan yalnız bir imtiyazlı şəxs üçün istisna var: krallığın xəzinədarlıq kansleri növbəti ilin büdcə layihəsi haqda danışarkən alkoqoldan istifadə edə bilər. 2005-ci ilədək Lordlar palatasında lord-kansler yun dolu kisənin üzərində əyləşməli idi. İndi isə həmin yerdə lord-spiker əyləşir. Orta əsrlərdə İngiltərə dünyanın ən öndə gedən mahud ixracatçısı idi və hətta belə bir deyim var idi ki, "İngiltərədə insanlar qoyunları yox, qoyunlar insanları yeyir". Parlamentdəki qoyun yunu ilə dolu kisə indiyədək ingilislərin milli rəmzlərindən biri olaraq qalır. Lakin Commonwealth ittifaqına daxil olan Britaniya imperiyasının keçmiş altı müstəmləkəsindən gətirilmiş yun da vitse-lordun əyləşdiyi həmin kisəyə əlavə olunur.
Bir zamanlar ərazisində günəş heç zaman batmayan, müstəmləkələri özündən iyirmi dörd dəfə böyük olmuş Britaniyada cəmi bir yer var ki, monarxın ora ayağı dəyə bilməz: Bu, İcmalar palatasının iclas zalıdır. Bu adətə görə də ingilislər kral I Karla "borcludurlar". Kral parlamentin beş üzvünü birbaşa İcmalar palatasında həbs etdirməyə cəhd göstərsə də, əvvəlcədən xəbərdar olunmuş həmin parlamentarilər qaçmağa macal tapmışdılar. Həmin vaxt I Karl spikerin yerində oturaraq, qeyzlə demişdi: "Mən görürəm ki, quşlar uçublar!"
Parlamentdə çıxış edərkən bir parlamentari yalnız spikerə müraciət etməlidir və digərinin adını çəkə bilməz. Əgər hər hansı bir deputat həmkarının adını çəkməli, yaxud, özündən əvvəlki natiqə cavab verməli olarsa, belə deyə bilər: "Cənab spiker! Burada məndən əvvəl çıxış edən nəcib ledi, yaxud centlmen..."
1844-cü ildə parlamentdə qəbul edilmiş davranış qaydalarına əsasən, əl çalmaq qadağandır. Öz həmkarını dəstəkləmək istəyən deputatlar əl çalmaq yerinə "hear, hear" deyə bilərlər ki, bu adət XVII əsrdə meydana gəlib. Həmkarlarını təhqir etmək qadağandır. 1624-cü ildə qəbul edilmiş qanuna görə, İcmalar palatasından istefa vermək olmaz. Bu, onunla bağlı idi ki, nəcib mənşəli Lordlar palatası üzvlərindən fərqli olaraq, İcmalar palatasında üzvlərin işi məşəqqətli sayılırdı. Onlar çox işləyir, ancaq maaş almırdılar və buna görə də istefaların sayı artdığından, belə bir qanun qəbul edilmişdi. Lakin XIX əsrdən indiyədək bu hala rast gəlinməyib.
Bəli, XVI əsrdə parlament açılış mərasimlərinə başladıqdan sonra qəribəliklər əsrlərdir ki, davam edir. 1852-ci ildən bəri Vestminster sarayının yanğından rekonstruksiyasından sonra açılışından bəri protokolda heç nə dəyişməyib. İngilis mühafizəkarlığı burada da özünü göstərir. Parlamentin açılışında əsas hadisə krallığın başında duran monarxın çıxışıdır. Lordlar və İcmalar palatalarının, İngiltərədə akkreditasiya olunmuş xarici ölkə və Commonwealth səfirlərinin, Ali Məhkəmə hakimlərinin iştirak etdiyi mərasimdə kraliça gələn ilin qanunvericilik prioritetlərini açıqlayır. Monarxiyanın başçısı süvari ekipajının müşayiətilə Bukinhem sarayından Vestminsterə gedir, bu zaman onun tacı xüsusi karetada daşınır. Monarx mərasim paltarı geyinərək, Lordlar palatasına yollanır. İcmalar palatasına, yuxarıda qeyd etdiyimiz kimi, onun ayaq basmağa ixtiyarı yoxdur. Monarx artıq öz nitqini söyləməyə hazır olanda qoldmeyster İcmalar palatasına gələrək, parlamentariləri monarxla audensiyaya dəvət edir. O, iclas salonuna yaxınlaşan kimi qapılar onun üzünə taybatay bağlanır. Bu, deputatların monarxiya başçısından asılı olmadığını göstərən tarixi ənənələrdən daha birisidir. Qoldmeyster üç dəfə qapını döydükdən sonra İcmalar palatasının üzvləri monarxın audensiya dəvətini qəbul edərək, Lordlar palatasında onun açılış nitqini dinləməyə qatılırlar. Monarxın nitqi baş nazir və onun kabineti tərəfindən hazırlanır. 2013-cü ilədək aşınmış dəri üzərində yazılan nitq artıq altı ildir ki, perqament kağız üzərində yazılır. Çıxışın mətnini kraliçaya lord-kansler diz üstə çökərək verir və onun dönüb gedərkən kraliçaya arxasını çevirmək ixtiyarı yoxdur, bu, monarxiya başçısına hörmətsizlik sayılır.
Kral II Karlın əmrinə əsasən Tauer binasında altı qarğa saxlanılır. Kral bu quşlardan yaxa qurtarmaq istəyəndə saray əyanları ona məsləhət görmüşdülər ki, əgər Tauer qarğaları uçub getsələr, taxt-tac, onunla birlikdə isə bütün Britaniya imperiyası süqut edər. Qarğalar saray işçisi, daha doğrusu əsgər sayılırlar və qalada məskunlaşmazdan öncə "and içməlidirlər". Bunun izahı onunla əlaqələndirilir ki, pis davranışa görə onlar da əsgərlər kimi azad oluna bilsinlər.
Kraliçanın rəsmi iqamətgahı Bukinhem sarayı olsa da, taxt-tacın ötürülməsi, yeni kralın və kraliçanın elan olunması, vacib dövlət məşvərətləri Sent-Ceyms sarayında baş tutur. Hər ilin iyul ayında Vindzor qəsrində "Vaterloo mərasimi" keçirilir. Vellinqton hersoqu Vindzor qəsrinə gələrək, kraliçaya öz iqamətgahının icarə haqqını verir. İlk vaxtlar bu, nəcib Britaniya xalqı adından Vaterloo döyüşündə fransızlar üzərində qələbənin şərəfinə verilən bac-xərac idi. Hazırda o, ipəkdən tikilmiş fransız bayrağıdır. Monarxın taxta çıxdığı gün, onun ad günündə, kral ailəsində yeni körpə doğularkən, suveren vəfat edərkən, dövlət səfərləri zamanı, parlamentin bağlanış mərasimində toplardan yaylım atəşi açılır. Krallıqda yepiskopların deyil, monarxın özünə tabe olan kilsələr var: Vestminster abbatlığı, Sent-Ceyms sarayındakı Kral kapellası, Vindzor qəsrindəki Müqəddəs Georgi kilsəsi və s. Anqlikan kilsəsinin başında duran şəxs olaraq kralın bu konfessiyaya mənsubluğu vacib şərtdir.
Gördüyümüz kimi, Britaniya monarxiyasının gücü həm də onun öz tarixi ənənələrinə sadiqliyindədir. Onlar həm də buna görə tarixlərini unutmur, hətta köhnəldiyi üçün mənasız görünən adətlərdən belə, əl çəkmirlər.
Nəzakət Məmmədova
Azvision.az üçün
Teqlər: