Taleh Bağırzadənin həyat yoldaşı hansı oyuna gətirilib? – VİDEOKÖŞƏ

   Taleh Bağırzadənin həyat yoldaşı hansı oyuna gətirilib? –    VİDEOKÖŞƏ
  01 Oktyabr 2019    Oxunub:14146
“Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadəyə qarşı cinayət işi açılıb. Bu, hakimiyyətin mənəvi cılızlığını göstərir. Baxmayaraq rejim Taleh bəyi iyirmi il azadlıqdan məhrum edib, ancaq o, sınmayıb, əyilməyib, mövqeyindən geri durmayıb. Rejim Leyla xanıma qarşı cinayət işi açmaqla Taleh Bağırzadəyə yenidən təzyiq edir”. Bu fikirlər AXCP sədri Əli Kərimlinin bugünlərdə yayımlanan bəyanatında yer alıb. Yaxın oturun, Taleh bəyin kim olduğunu və məsələnin özündə nəyi ehtiva elədiyini birgə gözdən keçirək.
Həyat yoldaşı ilə üç yaşlı uşağını da görüşə aparan Leyla xanımın içəriyə telefon keçirməyə cəhd etdiyi barədə məlumatlar var. Sözügedən telefon üç yaşlı uşağın oyuncaqları arasında tapılıb. Müxalifət iddia edir ki, telefon köhnə olub və oyuncaqlar arasında uşağın əlindən düşüb qalıb. Yəni doğruçu telefon olsa da, xarabdır, işləmir, uşağın əlinə oyuncaq kimi verilib. Demək istəyirlər ki, bu, hər hansı cəhd deyil. Və ya cəhddirsə belə, xanımın bundan xəbəri olmayıb. Kimsə vəziyyətin belə alınmasını istəyib. Qısası, işarə olunur ki, əməliyyat qurulub. Yenə də kimsə istəyib, Leyla İsmayılzadəyə cinayət işi açılsın, yenidən səs-küy yaransın. Dolayısıyla, Taleh Bağırzadə və ailəsi beləcə təkrarən gündəm olsun.



Düzünə qalsa, məsələnin məhz Leyla xanımla bağlı hissəsi hələ ki, detallı bəlli olmadığından adam bir mövqe də ortaya qoya bilmir. Amma bir siyasi aktivist xanımını hər şeyin dəqiqliklə yoxlanıldığını bildiyi halda köhnə telefonu uşağının oyuncaqları arasında unutması, həbsxana mühafizəçisinə təhvil verməməsi və ya onu xəbərdar etməməsi ağlabatan deyil. O mənada ki, köhnə olsa da, bu telefondur, oyuncaq deyil, istifadəyə yararsız texnikadır. Hətta bu halda belə həbsxanaya onu keçirmək olmaz. Mütləq təhvil verməlisən.

Unutmusan, ya da verməyi lazım bilməmisənsə, icazə ver, buradan üçüncü ehtimaldan danışaq. Belə olması lazım bilinib. Ya Taleh bəyin xanımı, ya İranın Azərbaycan müxalifətindəki müttəfiqləri, ya da Bakıdakı başqa “dostlar” belə məsləhət biliblər. Sən oyuncaq de, çantaya tulla, mühafizəçi tapıb, dəlil kimi götürsün. Sonra məsuliyyətə cəlb olun və beləcə, müxalifət hərəkətə keçsin. Nə də olsa, Talehin İran mollalarına öz diliylə dediyi sözlər var: “Biz müxalifətlə bigrə hərəkət edirik”.
Eyni zamanda, ABŞ və Avropaya da mesaj vermək üçün fürsət yaranıb mitinqi təxirə düşən müxalifətə. Deyirlər noolsun, sentyabr mitinqi alınmadı. “Zato” Talehin xanımının olayı var. Bizdən sən imtina eləsən, İranın yanında durarıq.

Gələk Hacı Talehə. Kimdir Hacı Taleh? Məlum Nardaran hadisələrinin başında duran adam. O Nardadar hadisəsi ki, bütün ölkəni silkələdi. Hələ də nə kənd, nə camaat, nə də Bakı bu mənəvi-psixoloji sarsıntının xofunu unuda bilmir. Bu o Talehdir ki, İran mollalarının əlini öpüb, şiə təriqətinin təbliğatçısı kimi özünü tanıdırdı Azərbaycanda. Ölkədə islam inqilabının tərəfdarlarındandır. Bu, o Taleh idi ki, “Müxalifət bizə tribuna verir, onların bizə ehtiyacı var. Amma demişik, qırmızı xətlərimizi keçmək olmaz”,- deyə hesabat verirdi İranın şiə mollalarına. Demək ki, bu olay da AXCP-İran ittifaqının məhsuludur. İndi nə deyirsiniz, dövlət tədbir görməsinmi? Məncə görsün, hər kəs də yerini və dövlət babanın gücünü bilsin.

Mənimsə bu hadisədə təəssüfüm bircə məqamadır. Hədəfə çatmaq üçün azyaşlı övladı olan günahsız bir qadın üzrindən oyun qurub, onu fəda elədilər...

Jalə Mütəllimova
Azvision.az üçün


Teqlər: TalehBağırzadə   Leylaİsmayılzadə  





Xəbər lenti