Avropanın mərkəzində quldarlıq: İsveçrə tarixinin qaranlıq “Verdingkinder” səhifəsi – ARAŞDIRMA

      Avropanın mərkəzində quldarlıq:    İsveçrə tarixinin qaranlıq    “Verdingkinder”    səhifəsi –    ARAŞDIRMA
  19 Noyabr 2019    Oxunub:8154
İsveçrənin utancverici tarixi sayılan "Verdingkinder" (kölə uşaqlar) olayı, Avropanın yaxın keçmişində yaşanmış ağılasığmaz, faciəvi, qoca qitənin dərs çıxarmalı olduğu insanlıq dramıdır. 1860-1974-cü illəri əhatə edən "kölə uşaqlar" dövrü İsveçrə tarixinə ən qara səhifələrdən biri kimi yazılıb.
"Verdingkinder" sözünün tərcüməsi "Razılaşma əsasında başqasına kirayə verilən uşaqlar" mənasına gəlir. "Verdingkinder" tarixi faktı İsveçrənin qaranlıq üzünü ortaya çıxarır. Çünki 1970-ci ilə qədər bir çox yetim, kasıb ailələrin uşaqları kənd təsərrüfatı digər sahələrdə qul kimi işlədilirdi. Və uşaqlara qarşı işlənən bu cinayət hansısa Afrika ölkəsində deyil, “demokratik və mədəni” Avropanın düz mərkəzində yaşanmışdı.



İllərlə davam edən hüquqi mübarizənin nəticəsi olaraq, nəhayət, İsveçrə Parlamenti vaxtilə kölə olunmuş şəxslərə 20 min avro təzminat ödəmək qərarına gəldi. Baxmayaraq ki, İsveçrə hökuməti bunun köləlik sistemi olduğunu bildiyi halda, heç vaxt bu böyük cinayəti etiraf etmək fikirində deyildi.



İsveçrə hökuməti 1789-ci ildə 14 yaşından kiçik uşaqların zavod və fabriklərdə işləməsini qanunla qadağan etsə də, həmin qanundakı boşluqlar uşaqların qul kimi istismarı üçün yeni imkanlar açırdı. Beləliklə, 18-ci əsrin sonundan 1970-cı illərə qədər İsveçrə ərazisində uşaq əməyindən sui-istifadə halları durmadan artdı. Dövlətə borcu olan kəslərin, valideynləri boşanmış, eləcə də, kasıb ailələrin övladlarını, yetimləri, ailə üzvləri həbsxanada olan, ya da özü cinayət işləmiş uşaqlar dövlət qurumları və kilsənin köməyilə qul kimi işlətmək üçün başqa ailələrə “övladlığa” verilirdi. Habelə şəhərlərdə təşkil olunan “qul bazarı”nda ev işlərində istifadə üçün uşaqlar satılırdı, onların arasında hətta 4 yaşlı balaca kölələr də kifayət qədər idi.



Heç kim belə uşaqlara sahib çıxmaq istəmirdi. Çünki bu uşaqlar cəmiyyətin gözünə cinayətkar, boşanmış və kasıblaşmış ailələrin qalıqları kimi görünürdü. Beləliklə, gecələr tövlədə heyvanlarla birlikdə yatan, tez-tez xəstələnən, çirkli, köhnə paltarla yatıb-qalxan kölə uşaqlar ac yaşamaqda davam edirdilər. Əksəriyyəti hər gün bir qarın yemək ümidilə bütün əzab-əziyyətli işlərə qatlaşırdı.



Valter Ştek 5 yaşında ikən əkin-biçin sahəsində qul kimi işlədilən saysız kölə uşaqlardan sadəcə, biridir. Hazırda yaşlı bir şəxs olan Ştek Qərb mediasına açıqlamasında bildirib ki, balaca bir kölə olanda yerini islatdığına görə, ona yemək vermirdilər və bütün günü ac qalırdı. Kirayə verildikləri ailələrin şiddətinə, cinsi zorakılığına mərzu qalan uşaqlar heç zaman süfrədə oturub yemək yeməzdilər, yalnız ən iyrənc yerdə onlara yemək yeməyə icazə verilirdi.



Ümumiyyətlə, həmin dövrdə daha çox kasıb ailələrin uşaqları “qul bazarları”nda satılırdı. 18-19-cu əsrlərdə İsveçrə hələ kasıb ölkə idi və kölə olaraq satın alınan uşaqlardan ucuz əmək qüvvəsi kimi kənd təsərrüfatında istifadə olunurdu. İş rejimi hədsiz ağır idi. Tarixiçi Loretta Sergliyas yazır ki, həmin düşərgələrdə uşaqlar çox ciddi istismara məruz qalırdılar.

Təkcə 1930-cu ildə 30 mindən çox uşaq qul kimi istismar olunmuşdu. Rəsmi məlumatlara görə, ümumilikdə kölə kimi istifadə olunmuş uşaqların sayı 100 mindən artıqdır.

İsveçrə hökuməti ölkənin imicinin zədələnməsinə imkan verməmək üçün son vaxtlara qədər bu hadisənin ixtimailəşdirilməsinə mane olurdu. Tarixin ağrılı səhifələrindən olan "Verdingkinder" hadisəsinin şərəfinə İsveçrə hökuməti deyil, vaxtilə özü kölə olmuş, hazırda iş adamı kimi tananınan bir isveçrəli anım abidəsi ucaldıb.



Qeyd etmək lazımdır ki, öz uşaqlarını geri almaq üçün mübarizəyə qalxan valideynlər də olub. Onları ya həbs edir, ya da bəzi qurumlarda uşaqları kimi məcburi əməyə cəlb edirdilər. Beləliklə, hökumət belə ailələrin üzərində ciddi təzyiq və zorakılıq tətbiq edərək, valideynlərin öz uşaqlarından vaz keçmələrinə nail olurdu.



Fərrux Həsənov
Azvision.az üçün



Teqlər: Verdingkinder   Uşaq-Əməyi   İsveçrə  





Xəbər lenti