TANAP tamamlandı: Azərbaycan qazı Avropa mətbəxində - TƏHLİL

      TANAP tamamlandı:    Azərbaycan qazı Avropa mətbəxində -    TƏHLİL
  02 Dekabr 2019    Oxunub:9582
Azərbaycan ilə Türkiyənin dövlət başçılarının iştirakı ilə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP - Transanadolu qaz boru xəttinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin keçirilməsilə Cənub Qaz Dəhlizi layihəsinin Türkiyədən keçən hissəsinin tikintisi də başa çatdı.
TANAP Cənub Qaz Dəhlizi layihəsinin ən mühüm və vacib hissəsini təşkil edir. Ümumiyyətlə, Cənub Qaz Dəhlizi 3 layihədən ibarətdir: Cənubi Qafqaz Boru Kəməri (GQBK), TANAP və TAP... Mənbə rolunda isə "Şahdəniz-2" çıxış edir. Yəni, əslində söhbət, 4 layihədən gedir. Belə ki, "Şahdəniz-2" olmasaydıi, GQBK, TANAP ilə TAP da olmayacaqdılar. GQBK-nın təməlinin qoyulması TANAP üçün əsas yaratdısa, sonuncu da Trans-Adriatik Boru Kəmərini - TAP-ı qaçılmaz etdi.

Bütün bu işlərə ümumilikdə əvvəl 45 milyard sərf olunacağı deyilirdisə də, real olaraq 40 milyard ABŞ dollarından bir az çox vəsait qoyulub. Sual oluna bilər ki, necə? Məsələn, bilavasitə TANAP-a əvvəl 11,7 milyard dollarlıq investisiya nəzərdə tutulsa da, bunun 40 faizdən çoxuna, başqa sözlə desəm, 5 milyard dollara qənaət edilməklə, bu günə qədər 6,3 milyard dollar xərclənməklə, kapital xərclərinin son olaraq 6,5 milyard dollar təşkil edəcəyi gözlənilir.

Cənub Qaz Dəhlizi çox böyük strateji infrastruktur layihədir. Onun birinci hissəsi keçən ilin mayında açılmışdı. Bu hadisə Prezident İlham Əliyevin kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salması ilə baş vermişdi. Həmin ilin iyun ayının 12-də isə Türkiyənin Əskişəhərində iki ölkə prezidentlərinin iştirakı ilə TANAP-ın istifadəyə verilməsiylə bağlı rəsmi açılış olmuşdu. TANAP üzrə ilk qaz da məhz həmin ayın sonundan ötürülməyə başlandı. Ümumiyyətlə, keçən ilin sonuna qədər sözügedən kəmər vasitəsilə 1 milyard kubmetr qaz ixrac olunmalı idi.

Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi 2-ci və sonuncu mərhələnin başa çatdığı deməkdir. Kəmərin Avropa ilə birləşən hissəsi tamamlandı. Qaldı, onun yalnız TAP-a birləşdirilməsi ki, bu da tezliklə həllini tapacaq.

Yeri gəlmişkən, Azərbaycan ilk dəfə 12 il bundan qabaq - 2007-ci ildə təbii qaz ixrac etməyə başlayıb. Həmin il Azərbaycan-Gürcüstan-Türkiyə istiqamətində Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin istifadəyə verilməsilə Türkiyəyə mavi yanacaq ixrac olunmağa başlandı. Elə TANAP-ın da ilk rüşeymini Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri təşkil etdi. “Şahdəniz” yatağı üzrə ilk qaz müqaviləsi isə bundan xeyli əvvəl, - 1996-cı ilin 4 iyun tarixində imzalanmışdı. Müqavilənin tərəflər arasında pay bölgüsü belə idi: BP – operator (28,8%), TPAO (19%), Petronas (15,5%), ARDNŞ (10%), LUKoil (10%), Nico (10%) və Sgc Upstream (6,7%).

Ancaq o vaxt Avropada enerji təhlükəsizliyi məsələsi aktual deyildi. Odur ki, hər hansı yeni qaz layihəsi barədə söhbət düşsəydi, bu, cəfəngiyyat sayılar və rentabelli hesab edilməzdi. Amma, Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri hələ o vaxt ilk addım sayılırdı. Və bu addım, ölkəmizin gələcəkdə böyük qaz ixracçısı kimi tanınmaq istəyinin əsasını qoymuşdu. Ümumiyyətlə, "Şahdəniz-2" və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Cənub Qaz Dəhlizi üçün "toxum" rolunda çıxış edirdi. Odur ki, Azərbaycandan Avropaya qaz ixracı gec-tez gerçək olmalı idi.

Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP-ın istifadəyə verilməsi təkcə Azərbaycana xidmət etməyəcək. Azərbaycan sürətlə dünyada əhəmiyyətinə görə ikinci enerji növü sayılan təbii qaz ixracatçısı kimi tanınması dövrünə qədəm qoyur. Qərb ölkələrinin də layihəyə dəstək vermələri məhz bununla əlaqədardır. Əvvəla, Azərbaycanın bütövlükdə mövcud qaz resursları təkcə “Şahdəniz-2”dən ibarət deyil. Başqa yataqlarımız da var: “Abşeron”, “Ümid”, “Qarabağ”, “Babək” və sair... Bu gün ölkəmizin təsdiq olunan qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr ölçülür. Bunun təkcə 1,2 trilyonu “Şahdəniz”də yerləşir.

Yeri gəlmişkən, “Şahdəniz-2”-yə stimul yaradan əsas hadisə 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanan strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu oldu. 2012-ci ildə Türkiyə ilə Azərbaycan arasında TANAP-ın çəkilməsinə dair tarixi sazişin imzalanması isə 2013-cü ildə “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşu üçün əsas yaratdı. Ardınca, yəni, 2014-cü ildə GQBK ilə bağlı Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildəsə Türkiyənin Qars vilayətində TANAP-ın özülü atıldı. GQBK-nın təməlinin qoyulması TANAP üçün əsas yaratdısa, sonuncu da TAP-ı qaçılmaz etdi.

Cənub Qaz Dəhlizi layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə onun ötürücülük qabiliyyətini 2 dəfəyədək, hətta bundan da çox artırmaq mümkün olacaq. Cənub Qaz Dəhlizi sayca hələki 7 ölkəni - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanı birləşdirir. Və daha 3 Balkan ölkəsi - Monteneqro, Bosniya və Herseqovina, Xorvatiyanın da bu sıraya qoşulacaqları qaçılmaz hesab edilir. Yəni, Azərbaycan qazı gələcəkdə daha çox sayda ölkələrə ixrac olunacaq.

O ki qaldı gəlirlərimizə, bunun 100 milyard ABŞ dollarından çox olacağı gözlənilir ki, söhbət, “Şahdəniz” yatağının hər iki mərhələsindən gedir. Ancaq bunu dəqiq söyləmək tezdir. Çünki, gəlirlər az deyil, çox ola bilər. O baxımdan ki, orta və uzaq perespektivdə Azərbaycan özü də Avropa ölkələrinə qaz ixracında tranzit ölkə kimi çıxış edəcək. İlk gündən əsas hədəflərdən biri də məhz bundan ibarətdir.

Bəli, Azərbaycan qazı tezliklə Avropaya axmağa başlayacaq. Lakin artıq, əsas diqqət Trans-Xəzər layihəsi üzərində – Cənub Qaz Dəhlizinin yol açdığı bir məsələ üzərində də cəmləşmiş vəziyyətdədir ki, bunun isə nə demək olduğuna aid ayrıca məqalə yazmaq gərəkir.



Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: TANAP  





Xəbər lenti