Soğan da nağd olmasın: Şəffaflığın yolu POS-terminaldan keçir – TƏHLİL
Ümumiyyətlə, vergi sahəsində yanvarın 1-dən qüvvəyə minən dəyişiklikləri də nəzərə alsaq, bu il iqtisadi və sosial baxımdan əhəmiyyətli işlərin məhz qeyd olunanların sayəsində həyata keçirildiyinə dair izaha xüsusən ehtiyac qalmır. Belə ki, ilin əvvəlindən iqtisadiyyatın bir sıra sahələrində tətbiq olunmağa başlanılan, mahiyyətcə güzəştli xarakter daşıyan vergi islahatları nəticəsində dərəcələrdə və yığımda inzibatçılıq xeyli təkmilləşdi. Başqa sözlə, yayınma azaldı, uçot bazasının və mal dövriyyəsinin sənədləşdirilməsi də daxil, vergi tutma rejimi kimi məsələlər yeniləndi və vergi güzəştlərinin optimallaşdırılması hesabına iqtisadi səmərə artdı. Bütün bunların sayəsində də, dövlət büdcəmizə istər vergi, istərsə də rüsumlar sarıdan ödəmələrin həcmi nəzərdə tutulduğundan milyonlarla manat artıq vəsait daxil oldu və daxil olmaqda da davam edir.
Lakin, bütün bu proses fasiləsiz xarakter daşımalıdır. Bu mənada, vergidə inzibatçılığı artırmağın bir yolu da nağdsız ödənişlərin genişlənməsindən keçir. Nağdsız hesablaşma özü də dəqiq vergi ödənişi deməkdir. Və bunu yaddan çıxarmaq lazım deyil. Nağdsız hesablaşmaların genişlənməsi üçün tələb olunan ilkin şərtlərdən biri isə POS-terminallardır. Bütün xidmət və ticarət obyeklərində bunların sayı durmadan artmalıdır. Ancaq bizdə bu sahədə vəziyyət necədir? Təəssüf ki, qeyri-qənaətbəxş...
Hələ 3-4 ay öncə yazmışdım ki, POS-terminalların sayı artmaq əvəzinə, azalır. 2016-cı illə müqayisədə 16% azalma var. Halbuki, istər dövlət, istərsə də özəl sektorda bütün əməkhaqqları, sosial və digər ödənişlər kartlar vasitəsilə həyata keçirilir. Bu baxımdan, vergidən yayınma hallarına qarşı mübarizəni gücləndirməklə bağlı növbəti ildən tədbiq olunacaq dəyişikliklər sırasında vergi qanunvericiliyinin sərtləşdiriləcəyi daha çox yerinə düşür. Və bu, yüksək qiymətləndirilməlidir. Belə ki, dəyişikliklərdə POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onları quraşdırmaqdan və nağdsız ödənişləri qəbul etməkdən imtina hallarına görə maliyyə sanksiyalarının tətbiq edilməsi məsələsi yer alıb ki, bu hal ilk dəfə baş verdikdə 1000, ikinci dəfə olduqda 3000, növbəti ildə təkrarlandıqda isə 6000 manat alınacaq.
Hələ bu ilin ortasında bir sıra xidmət-ticarət şəbəkələrində POS-terminalların olmaması və yaxud mövcud olub, işləməməsinə münasibət bildirərkən Vergilər naziri Mikayıl Cabbarov qeyd etrmişdi ki, rəhbərlik etdiyi Nazirlik nağdsız hesablaşmaların genilənməsi üçün digər qurumlarla sıx əməkdaşlıq edir. "Ancaq bununla belə, qeyri-nağd hesablaşmaların genişlənməsində daha çox hansı tərəfin maraqlı olduğunu da nəzərə almaq lazım gəlir",- deyən nazir, əlavə etmişdi ki, bu məsələdə sahibkarlar 1,29-2,37% arası komissiya haqqı ödəyirlər.
"Ən mühüm məsələ cəzasızlıq şəraitidir. Belə ki, mövcud qanunvericilik POS-terminalların quraşdırılmamasına görə heç bir məsuliyyət nəzərdə tutmur. Bu isə vergi ödəyicilərinə bəhanələr irəli sürmək üçün şərait yaradır",- deyə, hazırkı iqtisadiyyat naziri M.Cabbarov vurğulamışdı.
Yeri gəlmişkən, Azərbaycanda plastik kartların sayının 1 sentyabr 2019-cu il tarixdə bir qədər də artmaqla, 7 milyon 209 min ədədə çatdığı qeydə alınıb. Plastik kartların 2 milyon 693 min ədədi sosial kartlar, 2 milyon 182 min ədədi əməkhaqqı kartları, 1 milyon 563 min ədədi digər və 771 min ədədi isə kredit kartları olub. Plastik kartlarda azalma yalnız kredit kartlarda müşahidə edilib. Sual yaranır ki, kartların sayı artdığı halda, POS-terminalların niyə azdır? Bu paradoks nədən irəli gəlir?
Odur ki, nağdsız hesablaşmaların, əhalidə olan bank kartlarından onlayn alış-verişin genişləndirilməsi üçün hələ çox işlər həyata keçirtmək lazım gəldiyi əyani görünür. Bunların sırasında müvafiq inzibati metodların da tətbiqinə və qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac var ki, bilavasitə POS-terminallar ilə bağlı buna mütləq baxmaq lazım gəlirdi.
Çünki bu, olduqca məqsədəuyğundur. Ölkədə qeyri-nağd hesablaşmaların genişlənməsi üçün rəsmi səviyyədə artıq neçə illərdir genişmiqyaslı işlər aparılıb, addımlar atılsa da istənilən səviyyədə nailiyyətə nail olunmayıb. O səbəbdən ki, birincisi, bu, qısa müddət ərzində böyük uğurlara imza atılacaq iş də deyil.
İkincisi isə, vətəndaşların buna marağı olmalı - onlar marifləndirilməli, üçüncüsü, stimullaşdırıcı elementlər genişmiqyaslı xarakter daşımalı, dördüncüsü də, əhalinin gəlirləri də tələb olunan səviyyədə olmalıdır. Bunlar məsələnin ümumi tərəfləridir. Ancaq şübhəsiz ki, hər şeydən öncə, hər cür praktik şərait də mövcud olmalıdır.
Sonda bir məqama da toxunmaq istərdim. Xatırladım ki, bu ildən büdcə-vergi siyasətində həyata keçirilən müvafiq tədbirlər sırasında ƏDV üzrə cəlb olunan dövriyyəni tədricən genişləndirmək (topdansatış ticarət, lisenziya tələb olunan fəaliyyətləri, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətləri və sair), bu sahədə mövcud vergi güzəştlərini azaltmaq istiqamətində addımlar atmaq, o cümlədən, nağdsız əməliyyatları stimullaşdırmaq məqsədilə pərakəndə satış və içtimai iaşədə nağdsız ödənişlər üzrə (POS-terminallar vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri vermək, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların, yəni fiziki şəxslərin iştirakını təmin etmək üçün neft-qaz məhsulları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ƏDV-in müəyyən hissəsini istehlakçılara qaytarmaq tədbiri nəzərdə tutulurdu.
Belə ki, 2019-cu il yanvarın 1-dən fiziki şəxslərdən ibarət istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət və ya ictimai iaşə obyeklərindən alınmış mallara görə ödənilmiş ƏDV-in nağdsız ödəmələr üzrə 15%-i, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılmalı idi. Neft və qaz məhsulları istisna olmaqla...
Bu yenilik cari ildən Vergi Məcəlləsinə edilən 300-ə yaxın dəyişikliklər sırasında ən mühümlərdən biri idi. Dəyişikliklər yanvardan qüvvəyə minsə də, vergilərin geri qaytarılması, daha dəqiq desəm, ticarət və iaşə müəssisələrində alver zamanı tutulan ƏDV-nin POS-terminallar və kassa çeki ilə edənlər üzrə uyğun olaraq 15 və 10% hissəsinin müştəriyə geri ödənişi hələ də işə salınmayıb.
Bəli, təkrar edirəm: inzibati metodları gücləndirmək lazımdır. Ancaq eyni zamanda, stimulllaşdırıcı vasitələrin tədbiqi də yaddan çıxarılmalı deyil və buna da diqqətlə yanaşılmalıdır.
Pərviz Heydərov
Azvision.az üçün
Teqlər: POS-terminal Kartla-ödəniş Nağdsız-ödəniş