Lavrovun səfəri və regiondakı həssas balans – TƏHLİL

   Lavrovun səfəri və regiondakı həssas balans –    TƏHLİL
  06 Dekabr 2019    Oxunub:5850
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın paytaxtına səfərindən sonra, növbəti ay Bakıya gəlməsi səfərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunduğundan xəbər verirdi. Doğrudur, prezident İlham Əliyevin qəbulunda Rusiyanın baş diplomatı ikitərəfli siyasi-iqtisadi əlaqələrdən, ticari dövriyyənin artmasından razılıqla söz açdı və hətta birinci vitse-prezident Mehriban Əliyevanın Moskva səfərinin Rusiya-Azərbaycan münasibətlərinin inkişafına xüsusi töhvə verdiyini vurğulamağı da unutmadı.
Lavrovla görüşdə İlham Əliyevin özünəməxsus yanaşması diqqətdən yayına bilməzdi. Ticarət dövriyyəsinin yüksəlməsindən razılıqla söz açan prezidentin bundan sonra “Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində heç bir diqqətçəkən nəticə olmayıb və bunun əsas səbəbi Ermənistan rəhbərliyinin qeyri-məhsuldar siyasətidir” deyə fikrinə davam etməsi elə bir fon yaratdı ki, sanki münaqişənin həlli Rusiya ilə Azərbaycanın ikitərəfli əlaqələrinin gündəliyində olan həlli vacib məsələdir və Ermənistan kənardan müdaxilə edərək, münaqişənin nizamlanmasını pozmaq istəyir. Bundan sonra Lavrov sanki hesabat verirmişcəsinə münaqişənin nizamlanması istiqamətində aparılan işlərdən danışmağa başladı.

Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son illərdə Rusiyanın Lavrovun simasında təmsil olunmaqla, vasitəçi kimi fəallığının artması əslində 2016-cı il aprel döyüşlərindən sonra oldu. Rusiyanın xahişi ilə həmin vaxt hücumu dayandıran Azərbaycana münaqişənin tez bir zamanda həll olunacağı ilə bağlı Moskva tərəfindən vədlər verildiyini əminliklə söyləmək olar. Məhz həmin dövrdə Rusiya KİV-də münaqişənin həlli üzrə “Lavrov planı” barədə məlumatlar dərc olunmağa başlandı. Planın əsas mahiyyəti ondan ibarət idi ki, Ermənistan Azərbaycanın 5 rayonunu qaytarır, bunun əvəzində isə iqtisadi əlaqələr bərpa olunur. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi isə qeyri-müəyyən vaxta təxirə salınırdı.

Sonradan Lavrov belə bir planın mövcud olmadığını bildirsə də, Rusiyanın hər iki tərəflə razılaşdırmağa çalışdığı, hansısa “yol xəritəsi”nin mövcud olduğu şübhəsizdir. İl ərzində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin 5 dəfə görüşməsi də danışıqların intensivliyindən xəbər verir. İlkin mərhələdə humanitar münasibətlərin bərpası, jurnalistlərin qarşılıqlı səfərləri, xalqların sülhə hazırlanması barədə bəyanatlar bu yol xəritəsinin tərkib hissəsi ola bilər.

Sergey Lavrov hələ ki, hansısa irəliləyişdən söz aça bilməzdi, məhz bu səbəbdən o, yalnız tərəflər arasında kompromisin əldə olunması imkanlarının mövcudluğundan danışıb. Lavrovun Ermənistan və Azərbaycana bu tip səfərlər etməsində əsas məqsədi regionda balansı saxlamaq və münaqişənin həlli üzrə dialoq formatının pozulmasına imkan verməməkdir. Yerevanda “Dağlıq Qarabağ xalqı”ndan danışan Rusiya xarici siyasət idarəsinin rəhbərinin Azərbaycana gəldikdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasından söz açması bunun bariz sübutudur.

Hazırki vəziyyətdə Rusiyanın əsas məqsədi regionda sabitliyin pozulmasına imkan verməmək və ən azı 2020-ci ilin birinci yarısına qədər Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa kiçıcik də olsa belə, irəliləyişə nail olmaqdır. Moskva anlayır ki, ölkədaxili islahatlar başa çatdıqdan sonra Azərbaycan rəhbərliyi yenidən hərbi yola əl atmaq fikrinə düşə bilər. Azərbaycanın hərbi yola baş vurması, hər hansı kiçik qələbəyə belə imza atması regionda qüvvələr balansının pozulmassına gətirib çıxarır. Aprel döyüşləri Sarkisyanın siyasi ölümünə səbəb oldusa, budəfəki döyüşlər Paşinyanın karyerasına son qoya bilər.

Münaqişənin hər iki ölkənin daxili siyasi mühitinə təsiri danılmazdır ancaq Ermənistan bu mənada Azərbaycana nisbətən daha hissiyatlıdır. Ermənistanda istənilən siyasi kataklizm isə Rusiyanın regiondakı mövqeyinə təhlükə yaradan faktordur. Hələ ki, Paşinyan Kreml ilə hesablaşır, Rusiyanın qoşunlarının öz ölkəsindən çıxarılması kimi tələblərlə çıxış etmir. Paşinyan Dağlıq Qarabağı da Ermənistanın ərazisinin tərkib hissəsi kimi göstərməyə çalışmaqla Azərbaycanın mümkün hücumundan KTMT-nın köməyi ilə, daha dəqiq desək, Ermənistanda yerləşdirilmiş Rusiya Hərbi bazasının köməyi ilə qorunmağa çalışır.

Ancaq Yerevandakı növbəti “maydan”ın küçədən hansı “siyasətçi”ni çıxaracağını və siyasi dəyişikliyin nə ilə nəticələnəcəyini bilmək olmaz. İstənilən vaxt Rusiyadan suverenlik tələb edəcək siyasətçi hakimiyyətə gələ bilər.

Tofiq Vahid
Azvision.az



Teqlər: Lavrov  





Xəbər lenti