Yanlış dağı çapan Fərhad: Milyarderin “seçki təklifləri” nəyə hesablanıb? – TƏHLİL

      Yanlış dağı çapan Fərhad:    Milyarderin “seçki təklifləri” nəyə hesablanıb? –    TƏHLİL
  12 Dekabr 2019    Oxunub:49388
Nizami Gəncəvinin Fərhadı əlinə külüng alıb, Şirin üçün dağı yarırdı. Bizim yazının “qəhrəmanı” Fərhad isə əlinə qələm alaraq, Azərbaycanın siyasi mühitinə müdaxilə etməyə uğursuz cəhd göstərib. Niyə, kimin üçün və kimin tapşırığı ilə? Gəlin, aydınlaşdırmağa çalışaq.
Hər şeydən əvvəl, milyarder Fərhad Əhmədovun feysbuk səhifəsində paylaşdığı statusu özünün yazdığına inanmaq mümkün deyil. Adətən belə mövzulara toxunmayan, sosial şəbəkədə yaxtasından, qlamur həyatından fotolar paylaşan milyarder birdən-birə durub, Azərbaycandakı seçkiqabağı vəziyyətlə bağlı statusdan daha çox, formaca və həcmcə referatı xatırladan böyük bir mətn yaza bilərmi? İnandırıcı deyil və güman ki, bu referat-status onun adından sifarişlə yazılıb. Amma nə məqsədlə?

Statusda formal olaraq göstərilən məqsəd – Azərbaycanda seçki sisteminin və ümumiyyətlə, hakimiyyətin qanunverici qanadının islahatına nail olmaqdır. Maraqlıdır ki, Rusiya Senatının üzvü olanda Fərhad Əhmədov həmin ölkənin seçki sisteminin, ümumiyyətlə, siyasi həyatının islahatı ilə bağlı heç bir, hətta ən kiçik belə, fikir səsləndirməyib. Halbuki, bu, daha məntiqli olardı. Bəs elə isə, onun Azərbaycandakı seçkiyə marağı nə ilə bağlıdır?

İstənilən biznesmeni hər işdə ancaq bircə amil maraqlandırır: Gəlir. Ümumiyyətlə, biznes – gəlir yaratmağa yönəlmiş fəaliyyətdir. Məhz ona görə əksər ölkələrdə, o cümlədən, Rusiya və Azərbaycanda da biznesin, oliqarxların siyasətə qarışması qadağandır. Dövlət idarəçiliyində biznesmenlərə yer yoxdur, onların işi ancaq fəaliyyətlərinin əsas məqsədi olan gəlir əldə etmək və dövlətə çatacaq vergini ödəməkdir. Vəssalam, biznesmenin Vətənə xidməti bundan ibarət olmalıdır. Oliqarxların siyasətə qarışması isə heş vaxt heç yerdə yaxşı heç nə vəd etmir – o sadə səbəbə görə ki, yaxşı biznesmen həmişə ancaq gəlir haqqında düşünəcək, pis biznesmen isə dövlətin pulunu necə oğurlamaq haqqında. Buna görə, dövlət işlərində iştirak nöqteyi-nəzərindən biznesmenin pisi də pisdir, yaxşısı da.

Fərhad Əhmədovun yazdıqlarından belə məlum olur ki, onun Azərbaycanla bağlı siyasi iddiaları var. Məhz buna görə də qanunvericiliyin dəyişməsi, diasporun təmsilçilərinə “Tarixi vətənlərinin problemlərinin həllində iştirak etmək imkanlarının yaradılması” təklifini irəli sürür. Bu “qiymətli” fikirlərinin qarşılığında milyarderə iki məqamı xatırlatmaq yerinə düşərdi:
1) Erməni diasporu öz tarixi vətəninin problemlərinin həllində çox yaxından və effektiv iştirak edir. Amma bunun üçün Ermənistandakı siyasi proseslərə müdaxilə etmir, diaspor nümayəndələri parlamentə seçilməyə çalışmırlar. Azərbycanın problemlərinin həllini səmimi olaraq istəyən şəxs ölkədəki siyasətə qarışmadan da bunu çox gözəl bacarardı. Xüsusilə də, əgər milyarderdirsə və Rusiya kimi bir yerdə yaşayırsa...
2) Azərbaycanın Konstitusiyasına görə, ikili vətəndaşlığı olan şəxslərin seçkilərdə iştirakı qadağandır. Eyni qadağa Rusiya da daxil olmaqla, bir çox ölkələrin konstitusiyalarında var və onu aradan qaldırmaq üçün “islahat” yox, referendum keçirmək lazımdır.

Ümumiyyətlə, milyarder Əhmədovun təkliflərinin əksəriyyəti ölkənin qanunvericiliyində dəyişikliyin edilməsini nəzərdə tutur. Həm də, bunun seçkiyə qədər edilməsi istənilir. Maraqlıdır: Necə? Axı hazırda parlament buraxılıb və onun qanunvericilik səlahiyyəti yoxdur. Səlahiyyəti olmayan parlament qanunlara necə dəyişiklik edə bilər? Əgər cənab Əhmədovun belə bir “nəcib” niyyəti var idisə, bunu Milli Məclis buraxılmamışdan qabaq səsləndirməli idi. İndi isə belə təklifləri yazmamışdan... pardon, yazdırıb, paylaşmamışdan qabaq heç olmasa, bir az fikirləşmək lazımdır.

Ərzi-halından belə məlum olur ki, Azərbaycanda müxalifətin zəifliyi və ölkənin siyasi həyatında özünə heç cür yer tapa bilməməsi Fərhad Əhmədovu yaman narahat edir. Hətta o, bunu ölkə üçün təhlükəli sayır. Halbuki, vətəndaşı olduğu Rusiyada da müxalifətin vəziyyəti əsla qibtə olunası deyil. Rusiya kimi ölkədə bu, daha xoşagəlməz hal sayılmalıdır. Maraqlıdır, cənab Əhmədov buna niyə biganə qalır? Nə üçün vətəndaşı olduğu dövlətdə müxalifəti təsnifatlandırmır, dövlətə onlarla necə işləmək barədə “dəyərli” tövsiyələrini vermir? Tarixi vətən qəfildən bu qədərmi əziz olub onun üçün?

Məntiqlə yanaşsaq, Fərhad Əhmədov seçki islahatı kimi əsla başı çıxmayan mövzularda Azərbaycan rəhbərliyinə məsləhət vermək əvəzinə, təşəkkür etməli idi ki, bu ölkədə yaşamağına, işləməyinə, bizneslə məşğul olmağına imkan yaradılıb. Biznesmen ölkəsinə xeyiri vergi şəklində verməlidir, “məsləhət” şəklində yox. Xüsusilə də əgər bu, şübhəli və qərəzli məsləhətdirsə... Cənab Əhmədov da əgər böyük pullar və dəbdəbəli həyat haqqında düşünən başının ağrımasını istəmirsə, bu haqda ciddi düşünsə, yaxşı olar.

Tariyel Həsənov
Azvision.az



Teqlər: Fərhad-Əhmədov  





Xəbər lenti