Məhkəmə-hüquq islahatlarının ikinci mərhələsi başladı

    Məhkəmə-hüquq islahatlarının ikinci mərhələsi başladı
  20 Dekabr 2019    Oxunub:16833
Azərbaycan Respublikasının Prezidenti məhkəmə-hüquq islahatları çərçivəsində ikinci qanunvericilik paketini imzalayıb.
Xatırladaq ki, məhkəmə-hüquq islahatları çərçivəsində bu ilin iyulunda imzalanan birinci qanunvericilik paketinə əsasən:

- İxtisaslaşmış məhkəmələrin iki sistemi – inzibati məhkəmələr və kommersiya məhkəmələri yaradılıb;
- İxtisaslaşmış məhkəmələr sistemi bütün məhkəmə instansiyalalarını əhatə edib, əvvəl mövcud olan mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalar əvəzinə mülki, cinayət, inzibati və kommersiya kollegiyaları yaradılıb;
- Məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması prosedurları sadələşdirilərək, işə birbaşa kassasiya instansiyasında və yalnız yazılı icraat qaydasnda baxılması qaydası müəyyən edilib;
- Hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilərək, onların maddi təminatı artırılıb.
Bu dəyişikliklər 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcəklər.

Məhkəmə-hüquq islahatları çərçivəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən dekabrın 18-də imzalanmış ikinci qanunvericilik paketi Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Dövlət məhkəmə ekspertizası haqqında”, “İnzibati icraat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur.

Bu qanunvericilik paketi vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi kimi iki əsas istiqaməti əhatə edir.

Azvision.az



Teqlər: İslahat   Məhkəmə-hüquq-islahatları  





Xəbər lenti