“Neqativ hallara görə bütövlükdə seçkini şübhə altına almaq olmaz” – Xarici ekspert (VİDEO)

   “Neqativ hallara görə bütövlükdə seçkini şübhə altına almaq olmaz” –    Xarici ekspert (VİDEO)
  12 Fevral 2020    Oxunub:6493
Beynəlxalq müşahidəçi, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm (Khalid Teymur Akram) fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərilə bağlı fikirlərini AzVision.az ilə bölüşüb.
- Gəlin, ondan başlayaq ki, ümumilikdə seçki prosesinin gedişini bir müşahidəçi kimi necə dəyərləndirirsiz?

- Ümumilikdə götürsək, seçki ədalətli və şəffaf keçirildi. Hər şeyin kifayət qədər yaxşı təşkil olunduğunu deyə bilərəm. Mərkəzi Seçki Komissiyası, seçki məntəqələrində çalışan insanlar öz işlərini olduqca yaxşı yerinə yetirirdilər. Təkcə Bakıda deyil, digər şəhərlərdə də məntəqələrdə çalışanların öz vəzifələrini çox yaxşı və həvəslə yerinə yetirdiklərini, proses barədə məlumatlı olduqlarını müşahidə etdim.

- Necə fikirləşirsiniz, seçkilərdə qeydə alınan bəzi neqativ halların olması bütövlükdə prosesin obyektivliyini şübhə altına almağa əsas verirmi?

- Xeyr. Neqativ hallar dünyanın hər yerində baş verir, hətta, Amerikada belə. 5000-dən çox səsvermə məntəqəsinin olduğu ölkədə bir neçə neqativ hala görə bütövlükdə seçkini şübhə altına almaq olmaz. Mən seçki prosesində hər hansı qayda pozuntusu qeydə alınan kimi Mərkəzi Seçki Komissiyasına məlumat verildiyini və dərhal tədbir görüldüyünü müşahidə etdim. Yəni bu cür hallar ümumi seçki prosesinə kölgə sala bilməz. Təbii ki, sosial mediada bəzi qüvvələr kiçik nöqsanları böyüdürlər. Bu cür hallar bütün dünyada baş verir və önəm kəsb etmir.

- Bəzən müxtəlif beynəlxalq təşkilatlar hansısa faktları əsas götürərək, bütövlükdə ölkəni demokratik olmamaqda ittiham edirlər. Onların buna mənəvi haqqı varmı?

- Xeyr. Əslində, əksər beynəlxalq təşkilatların, QHT-lərin öz şəxsi maraqları var. Onlar özlərinin və onları maliyyələşdirən şəxslərin maraqları üçün çalışırlar. Hər hansı bir təşkilat neqativ bəyanat yayırsa, deməli, bu, kiminsə marağındadır və bunun üçün maliyyə ayırılıb. Mənim fikrimcə, beynəlxalq qurumların bu cür bəyanatları qeyri-obyektivdir. Buna görə də, sizin seçki komissiyanız müstəqil müşahidəçilərin rəylərinə və nəticələrinə əsaslanmalıdır. Çünki müstəqil müşahidəçilər hər hansı bir təşkilata bağlı deyillər.



- Son vaxtlar dünyada seçkilərə kənar müdaxilələrdən tez-tez danışılır. Bu, nə qədər təhlükəli bir problemdir? Azərbaycanda, lap elə Pakistanın özündə müşahidə olunurmu belə problemlər?

- Bəli, dünyanın istənilən ölkəsində siyasi proseslərə müdaxilələr edilir. Azərbaycanda da bu problem yox deyil. Buna səbəb odur ki, Azərbaycanın güclü iqtisadiyyatı var və çoxları buradakı iqtisadi stabilliyə qısqanclıqla yanaşırlar. Bir ölkənin sabitliyini pozmaq üçün ən asan yol siyasi müdaxilələrdir. Çünki siyasi sabitlik yoxdursa, iqtisadi vəziyyət də pisləşir. Xarici təsirlərə məruz qalmamaq üçün sistemi möhkəmləndirmək lazımdır. Biz ölkənizdəki siyasi aktivliyi diqqətlə izləyirik. Qeyd etməliyəm ki, prezidentiniz çox güclü bir sistem yaradıb. Xarici ölkələrin təsirinə məruz qalma ehtimalı çox aşağıdır. Bütün bunlar əvvəlki və indiki dövlət başçılarının fəaliyyətlinin nəticəsidir.

- Siz, yəqin ki, istər məntəqələrdə, istər kluarlarda başqa ölkələrdən olan müşahidəçilərlə də təmasda olmusunuz. Onların ümumi fikri necə idi?

- Şanxaydan, Özbəkistandan və bir neçə digər ölkədən müşahidəçilərlə söhbət etməyə imkanım oldu. Heç birindən seçkilər haqqında mənfi fikir eşitmədim. Hər kəs seçkiləri yüksək qiymətləndirir.
Seçkilərdən öncə Naxçıvanda və Gəncədəki məntəqələrə də baş çəkdik və prosesi müşahidə etdik. Əgər biz heç bir mənfi hal görmədiksə, digərləri necə görə bilərdi ki?!

- Bakı, Gəncə və Naxçıvandakı seçki prosesləri arasında hər hansı bir fərq var idimi?

- Xeyr, hər şey çox yaxşı təşkil olunmuşdu. Həm Gəncə, həm də Naxçıvan seçkiyə tam hazır idi. Naxçıvanda həftəsonu olmağımıza baxmayaraq, sədr və bütün heyət seçki məntəqəsində idi. Hər kəs bütün qaydalardan, təlimatlardan xəbərdar idi. Bu da o deməkdir ki, Seçki komissiyası öz işinin öhdəsindən çox yaxşı gəldi.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Seçki  





Xəbər lenti