Ucuz neft büdcəmizə təhlükə yaratmır - TƏHLİL

   Ucuz neft büdcəmizə təhlükə yaratmır -    TƏHLİL
  11 Mart 2020    Oxunub:5537
Dünya iqtisadiyyatında yaranmış vəziyyət, xüsusən də neftin qiymətinin 40 ABŞ dollarından aşağı düşməsi yeni böhranın artıq başlandığı deməkdir. Halbuki, mən də daxil, əksər iqtisadçılar belə bir vəziyyətin yaranacağı inkar edirdilər.
Neftin qiymətləri ilin əvvəlində ucuzlaşmağa doğru start götürəndə qeyd etmişdim ki, bu, davamlı ola bilməz. Çünki birincisi, OPEC+ ölkələri üçün sərfəli deyil. İkincisi isə, Çin iqtisadiyyatında koronavirus amili bir azdan səngiyəcək. Odur ki, mövcud atmosfer tezliklə sovuşub gedəcək, qara buludlar yoxa çıxacaq, başqa sözlə, koronavirusla bağlı neftin qiymətləri üçün yaranmış təhdid aradan qalxacaq. Digər tərəfdən, Çin iqtisadiyyatının “əbədi tənəzzülü” başda onunla rəqabətdə olan ABŞ gəlməklə, nə Avropa Birliyi, nə Böyük Britaniya, nə də bir çox digər ölkələr üçün sərfəli və məqsədəuyğun deyil. Ancaq "sən saydığını say, gör fələk nə sayır"...

Bəs nə baş verdi?

OPEC+ ölkələri içərisində Səudiyyə Ərəbistanı ilə Rusiyanın arasında fikir ayrılığı və mövqelərdə ziddiyyətin ortaya çıxacağı əsla gözlənilmirdi. Çünki əvvəla, neftin dünya bazarlarında bundan əvvəl, 2014-2016-cı illər arasında ucuzlaşmasının qarşısı məhz OPEC+ ölkələrinin, xüsusən də Səudiyyə Ərəbistanı ilə Rusiyanın hasilatı azaltmaq haqda anlaşması ilə alınmışdı. Belə ki, Ər-Riyad ABŞ-ın müttəfiqi olsa da, 5-6 il öncəki qiymət enişində Moskvanın mövqeyindən çıxış etməklə öz iqtisadi mənafeyi naminə müttəfiqinin əleyhinə də birgə mövqe nümayiş etdirmək iqtidarında olduğunu göstərdi. İstər 2018-ci il ərzində, istərsə də 2019-da ABŞ prezidenti Donald Tramp buna görə Səudiyyə Ərəbistanını dəfələrlə tənqid etmişdi. Başqa sözlə, neft baha olduğuna görə, Ər-Riyad günahkar sayılırdı. Səudiyyə isə ötən müddət ərzində mövqeyindən bir addım da geri çəkilmədi.

İkincisi, 60 dollar bütün neft hasil edən ölkələr üçün sərfəli qiymət səviyyəsi idi. OPEC+ ölkələrinin hasilatı azalmaq haqda qərarlarından sonra 2017-2019-cu illər ərzində qiymətlər də məhz bu ətrafında sabitləşmiş, bu və ya digər siyasi hadisə, proseslərin nəticəsində arada 60 dollardan aşağı və yuxarıya doğru hərəkət etsə də, heç bir halda bundan uzağa getməmişdi. Yəni, qiymətlər əslində, onsuz da baha deyildi.

Üçüncüsü, Çində koronavirus məsələsi ortaya çıxmasa idi, neft əksinə, bahalaşmağa meyl edirdi. Belə ki, ortada heç bir iqtisadi səbəblər mövcud olmasa da, Yaxın Şərqdə, Venesuela ilə Liviyada baş verən siyasi proseslər neftin qiymətinə bahalaşdırcı təsir göstərməkdə idi.

Dördüncüsü isə, qlobal iqtisadiyyatda böhranın yenə də ABŞ iqtisadiyyatında başlayacağı proqnoz edilir və gözlənilirdi. Xüsusən də, bunun daha çox ABŞ-Çin, ABŞ-Ab arasında ticarət anlaşılmazlığı, başqa sözlə desəm, Vaşinqtonun başlatdığı proteksionist siyasətin nəticəsində meydana çıxacağı bildirilirdi.

ABŞ sonuncu dəfə 2008-2009-cu illərdə böhranla üzləşmiş və bu, dünyaya yayılmışdı. Həmin böhrandan sonra ABŞ iqtisadiyyatı inkişaf etməyə başladı, yüksək iqtisadi artım müşahidə olundu. Bir ara dollar buna görə sürətlə bahalaşırdı. Məhz sözügedən iqtisadi artım səbəbindən Amerikanın mərkəzi bankı sayılan FES uçot dərəcəsini artırırdı. Halbuki, böhran illərində o, təqribən, 0 faiz həddində idi.

Eyni zamanda, Avropa Birliyi ölkələri, xüsusən də onun lokomotivi sayılan Almaniyada da iqtisadi inkişaf templəri yaxşı idi. Çin iqtisadiyyatı da bir müddətdir durğun vəziyyətdən çıxmış kimi görünürdü. Ancaq bütün bunlarla rəğmən, rəqabət şəraiti də getdikcə kəskinləşirdi ki, məlum olduğu kimi, ABŞ iqtisadiyyatında artım sürəti zəifləməyə başlamış, FES isə uçot dərəcəsini artırmaq siyasətini artıq, dayandırmışdı. Ümumiyyətlə, dünya iqtisadiyyatının, o cümlədən, aparıcı ölkələrin hər birinin iqtisadi inkişaf tarixinə diqqət yetirsək, müəyyən dövrdən bir böhranlı vəziyyətin ortaya çıxdığının adi hal olduğunu görürük. Bunun səbəbini sadəcə olaraq, qabaqcadan proqnozlaşdırmaq və vaxtını bilmək çətindir.

Bəli, hazırda dünya iqtisadiyyatında böhran başlayıb, özü də, gözlənilməyən bir şəraitdə. Budəfəki böhranın əlamətləri 2008-2009-cu illərdə ABŞ-da ipotekadan başlanan böhrandan daha kəskin və daha təsirli görünür. 2014-2016-cı illər arasında neft birdən-birə bu sürətlə və bu səviyyədə ucuzlaşmamışdı...

Bizə gəlincə, Azərbaycan, kiçik ölkədir. Qlobal böhranın bizi dərhal vura bilməsi mümkün deyil, amma dalğanın təsiri həmişə özünü göstərib və vəziyyət belə davam edərsə, yenə göstərə bilər. Yəni bundan qaçmaq qeyri-mümkündür. Bizim üçün indiyədək əsas tələb bu olub və indi də bundan ibarətdir ki, ölkəmizin gəlir mənbələrinin sayı artsın, bu sahədə şaxələndirilmiş vəziyyətə nail olaq. Buna isə müvafiq işlər və tələb olunan tədbirlər nə qədər sürətlə həyata keçirilsə də, hələ nail ola bilməmişik. Çünki bu, qısa müddətdə nail olunası məsələ deyil.

Təkrar edirəm, neftin dünya bazar qiyməti 50 dollara enənədək qorxu yox idi. Qiymət 50 dollardan aşağı düşərsə, ölkəmizdə mövcud makroiqtisadi göstəricilər və valyuta bazarındakı vəziyyət üçün "qırmızı işıq" yanır, 40 dollara düşdükdə və bundan da aşağı endikdə isə manatın məzənnəsinə nəzarət çətinləşir. 2014-2016-cı illəri xatırlatmaq istəyirəm: həmin illərdə heç də qlobal böhran yox idi. Sadəcə olaraq, neftin qiymətinin 40 dollara və ondan da aşağı düşməsilə, makroiqtisadi dayanıqlığımız titrədi.

Bu vəziyyətdən tam sığortalı deyilik. Və bu gün də bizim üçün əsas problem dünyada qlobal maliyyə və iqtisadi böhranın özü yox, onun məhz neftin qiymətini hansı həddədək ucuzlaşdıracağıdır.

Ancaq bir məsələ var ki, neftin qiymətləri bizdə dövlət büdcəsinə birbaşa təsir etmir. Ortada Dövlət Neft Fondu (ARDNF), yəni, təhlükəsizlik yastığı var. Neftin qiymətinin təsirini ilk olaraq məhz adı çəkilən bu qurum üzərinə götürür. 2020-ci ilin dövlət büdcəsi gəlirlərinin 11350,0 milyon manatı və ya 47,0 faizi ARDNF-dan transfertdir. Bu məbləğin köçürülməsi neftin dünya bazar qiymətlərinin səviyyəsindən asılı olmayaraq, həyata keçiriləcək. Yəni, hər il olduğu kimi. Beləliklə də, dövlət büdcəsinin icrasında heç bir qeyri-sabitlik ortaya çıxmayacaq.

Bunu 2015-2016-cı illərdəki təcrübə də sübut etmişdi. Belə ki, həmin illərdə neftin dünya bazar qiymətləri hətta 40 dollardan da aşağı düşsə də, ölkəmizdə dövlət büdcəsinin icrasında heç nə yarımçıq saxlanılmadı və qayçılanmadı. Dalğa ancaq valyuta bazarını, manatın məzənnəsini vurdu.

Bundan əlavə, bu il Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 55 ABŞ dolları götürülüb, keçən il isə 60 dollar idi. Bu ilin dövlət büdcəsində neftin dünya bazar qiymətinin 55 dollar götürülməsi müsbət addım idi. Keçən il dünya bazarlarında qiymət faktiki həmişə 60 dollardan yuxarı oldu. 2020-ci ildə qiymətin bundan aşağı olmayacağı gözlənilirdi. Demək istədiyim budur ki, bu vəziyyətdə hökumət özü üçün riski artırmadı, əksinə, azaltdı.

Amma hazırda qiymət 30 ABŞ dolları həddinə qədər ucuzlaşıb. Ölkəmizin isə 52 milyard dollardan yuxarı xarici valyuta ehtiyatları var. Odur ki, bir sıra makroiqtisadi göstəricilərimizin neftin dünya bazar qiymətlərinin uzunmüddətli şəkildə 30 dollar səviyyəsində qalmasına dayanıqlı tab gətirəcəyi azı bu il üçün heç bir şübhə doğurmamalıdır.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Neft  





Xəbər lenti