Feminizim qaranlıq üzü – Nəzakət Məmmədovanın yazısı

   Feminizim qaranlıq üzü –    Nəzakət Məmmədovanın yazısı
  12 Mart 2020    Oxunub:10232
Həvva haqqında mifdən başlamış, Fransa burjua inqilabı, ABŞ-ın müstəqillik müharibəsi dövründə feminizmin ilk cücərtilərinin meydana gəlməsinədək bəşəriyyətin qadınlara münasibəti ən müxtəlif formalarda təzahür edib.
Hətta sovet cəmiyyəti məşhur yumorist Raykinin "qadın insanın dostudur" zarafatına gülərək, qapalı cəmiyyətlərdəki münasibətin fərqinə varmasa da, sovet və amerikalı qadınların teledebatında birincilərin dilindən çıxan "SSRİ-də seks yoxdur" ifadəsini də az qala aforizmə çevirmişdilər, halbuki həmin ifadə tam şəkildə əslində belə idi: "SSRİ-də seks yoxdur, bizdə sevgi var".

Elə həmin sovetlərin şinelindən çıxmış ölkələrdən bir neçəsində, o cümlədən, Azərbaycanda feminist olduqlarını iddia edən bir qrup şəxsin yürüşü keçirildi. "8 marş" adlandırılan bu hərəkatın əsas diqqətçəkən şüarları seks azadlığı tələbi olan plakatların qaldırılması idi.

Bu, Şərq mentalitetinin dərin kök saldığı, bütün səylərə rəğmən, liberalizmin nüfuz edə bilmədiyi cəmiyyətdə aydın səmada çaxan şimşək effekti verdi. Cinsi məsələlər Azərbaycan cəmiyyətində ən məhrəm mövzu, “qırmızı xətt”dir. Bu mövzu demək olar, tabudur, onun şüar olaraq səsləndirilməsi neftin qiymətinin dünya bazarında düşməsini, Suriyadakı vəziyyəti, Rusiya siyasi elitasında baş verənləri, hətta son dövrün əsas problemi olan koronavirus məsələsini belə kölgədə qoydu. Halbuki, elə 8 martı bəşəriyyətə "bəxş edən" Klara Setkin və Roza Lüksemburq seks davası etmirdilər, onlarınkı əzilən, iş saatı 8 saatdan artıq olan əməkçi, zəhmətkeş qadınların əmək və istirahət hüquqları uğrunda mübarizə idi ki, bunu da sonradan bir çox dünya ölkələrində bayram edirdilər. O cümlədən, 70 il sosializm formasiyasının bir parçası olmuş Azərbaycanda.

"8 marş" aksiyası cəmiyyətin sosial sifarişi idimi?! Xeyr, əlbəttə. Bu, Azərbaycanda heç bir tarixi, mədəni, sosial zəmini olmayan bir ideoloji cərəyanın ölkəmizin insanlarına, cəmiyyətimizə zorla sırınması cəhdindən başqa bir şey deyildi. Halbuki, cəmiyyət oradakı şüarları, plakatları görüb-eşidəndə daş atıb, başını tutur, oradakı tələblərin nəinki öz həyatında və övladlarının şüurunda yer salmağını qəbul etmir, hətta eşitməyi özünə təhqir sayır.

Feminizm artıq çoxdan dünyada antifeminizm doğurub, son hadisələr göstərdi ki, bizim cəmiyyətin mütləq əksəriyyəti maskulist, antifeministdir. "Qadın böyük qüvvədir" deyən, "Qadın gülərsə bu cəmiyyət güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək"! deyən bu toplumun sıravi insanları, filosofları şairləri feministlərin yürüşünə çox kəskin qınaq və tənə ilə cavab verdilər. Çünki, Azərbaycan, ümumilikdə, türk kökənli xalqlarda ən qədim dövrlərdən bəri qadına qarşı diskriminasiya olmayıb, klassik Şərq despotizmi burada qadınlara humanist münasibətə keçid edib. Əksinə, "xanım, bəyim, sultanım" titulları qadına verilən dəyərin ən parlaq ifadə vasitələrindən olub.
Hindistanda dünyaca məşhur Tac-Mahaldan çox əsrlər əvvəl Möminə xatun türbəsi ucaldılıb, Nizami öz əsərlərində qadına ali dəyər verib, halbuki, həmin vaxtlarda Avropa qaranlıq çağa qədəm qoymuşdu, qarşıda qoca qitənin gözəl və ağıllı qadınlarını inkvizisiyanın hökmü ilə tonqalda yandırılma, ondan sonrakı əsrlərdə isə gilyotində edam cəzaları gözləyirdi. Osmanlı imperiyasında isə həmin vaxtlar Avropadan gətirilərək, dinini dəyişib müsəlmanlığı qəbul etmiş qadınların hakimiyyətinin böyük bir erası başlayaraq, tarixə "qadınlar səltənəti" adı ilə həkk olunacaqdı.

Azərbaycanda Səfəvilər sarayındakı xanımlar siyasi proseslərə təsir edəcək qədər hökm sahibi idilər. Avropada feminizm məhz qadınların inkvizisiyaya məruz qalması, sıxışdırılması, hüquqlarının tapdanması, öz həyatlarını itirməsi nəticəsində onların öz hüquqları uğrunda mübarizə ilə başladı. Eyni zamanda, taun, vəba, din müharibələri və digər amansız savaşlar nəticəsində qitənin milyonlarla əhalisinin, xüsusilə kişilərin qırılıb qurtarması, sənayeləşmə nəticəsində qadınların cəmiyyətdə fəal mövqe tutmaq iddialarının və zərurətinin meydana gəlməsi ilə başladı. Azərbaycanda isə vəziyyət həmin dövrdə fərqli idi.

Feminizm yayıldığı ölkələrdə nikah və doğumun azalmasına təsir edir, boşanmaların sayı artır. Sevgini patriarxal mədəniyyətin qalığı hesab edən feminizm cinslərarası müharibəni qızışdırır. Hesab edilir ki, bu ideoloji cərəyan çoxdan qadınların bərabərhüquqluğu uğrunda mübarizə çərçivəsindən çıxaraq, azğınlaşmağa doğru irəliləyib. Ənənəvi mental düşüncənin hakim olduğu cəmiyyətlərdə isə feminizm başlamadan artıq tükənib. Bir uğursuz, xoşbəxt olmayan qadın öz şəxsi acı təcrübəsindən yaranmış probleminin bütün cəmiyyətə sirayət etməsinə çalışır və bu qrupda birləşən qadınlar özlərini “feminist” adlandıraraq, bunu cəmiyyətin problemi kimi göstərirlər. Eyni zamanda işin içinə “insan haqları”, “qadın azadlığı” kimi şüarlar da girincə, mənzərə qarmaqarışıq, mozaik, rəngarəng və bulanıq olur.

Bəzi Qərb ölkələrində feministlər məhkəmələrə güclü təsir göstərməklə qatı cinayət törətmiş qadınların bəraət almasına nail olublar ki, bu da ədalət və bərabərhüquqluğa ziddir. Artıq bəzi feminist qrupların fəaliyyəti onu deməyə əsas verir ki, onların istəyi kişilərlə qadınların bərabərliyi çərçivəsindən çıxaraq, androsid - yəni kişilərin məhv edilməsi istiqamətində inkişaf etdirilir.

ABŞ-da qadınların təxminən 1/3 hissəsi özünü feminist sayır, Rusiyada isə bu söz təhqir kimi qəbul edilir. Bununla belə, məşhur qadınlar arasında çoxlu antifeministlər olmuşdur və indi də var. İngiltərənin baş naziri Marqaret Tetçer 1978-ci ildə “Times” jurnalına verdiyi müsahibədə feministlərin qadın hərəkatına çox böyük zərər vurduqlarını qeyd edirdi.

Feminizmin üstünlük təşkil etdiyi ölkələrdə - məsələn Danimarkada yerli əhali arasında doğum səviyyəsi xeyli azalıb ki, bu da həmin ideologiyanın mənfi təzahürlərindən biridir. Bu cərəyan Azərbaycan və azərbaycanlılar üçün yaddır, perspektivi yoxdur və sadəcə, bir qrupun “cool” görünmək, tanınmaq, fərqlənmək, öz problemlərini eqoistcəsinə bütün cəmiyyətə yükləmək, alçalaraq yüksəlmək cəhdindən başqa bir şey deyil!

Nəzakət Məmmədova
Azvision.az üçün



Teqlər: Feminizm  





Xəbər lenti