"Bioloji müharibə": Qələbə üçün nə lazımdır? – Peşəkar həkim baxışı
Xüsusi olaraq AzVision.az üçün
Hazırda dövlət və xalq olaraq son dərəcə məsuliyyətli bir mərhələdən keçirik. Bu dövrdə hər kəs cəmiyyətə bacardığı faydanı verməlidir. Kimin üçünsə bu, nəsə etmək, kimin üçünsə isə etməməklə ola bilər. Sadəcə, bunu onlara başa salmaqlazımdır. Mən son 1 ayda məlum virus ilə əlaqəli sosial şəbəkələrdə minlərlə post, yüzlərlə elmi-tədqiqat, ekspert rəyi oxuyub, dinlədikdən sonra gəldiyim nəticələri sizlərlə paylaşmaq istəyirəm.
2) Ölkəmizin son həftələrdə gördüyü tədbirlər həqiqətən qururvericidir və şəxsən çox təqdir edirəm. Lakin bu tədbirlərin nə qədər önəmli olduğunu xalqımız görünür, tam mənasıyla anlamayıb ki, məktəblərin bağlanması ekstra tətil kimi qəbul edildi, insanların çox olduğu AVM və bənzər yerlərə axını oldu, dollar dəyişdirmək üçün banklarda insanlar kütləvi şəkildə yığışdılar. Bunun nəticələrini hər halda, 10 gün sonra görməyə başlayacağıq, ümid edirəm ki, bu dönəmdə çox yoluxma olmadı.
3) İtaliya və digər Avropa ölkələrində yaşanan panikanın, çoxlu yoluxma və ölüm hallarının, tibbi personalın və avadanlığın çatışmamasının səbəbi vaxtında bu məsələnin ciddiyətinin xalq və dövlət tərəfindən dərk edilməməsi oldu. Eyni ssenari bu cür düşünən və davranan digər ölkələri də gözləyir. Praktika bunu göstərir... Ən qabaqcıl ölkələr belə, bir anda sürətli artan xəstə axını ilə bacara bilmirsə, inkişaf etməkdə olan ölkələrin eyni vəziyyətdə daha böyük problemlər yaşayacaqları aşkardır. Bu səbəbdən, həmin ölkələrdə sosial təcridin daha geniş tətbiq edilməsi vacibdir.
4) Dövlət nə qədər tədbirlər görsə də, insanlar ev karantini tətbiq etmədikcə (burada xalqın maariflənməsi ən vacib təsir mexanizmidir) bu epidemiya çoxumuza yoluxacaq. Çoxumuz bunu yüngül keçirəcəyik . Amma xüsusən yaşlılarımız və xroniki xəstəliyi olanlar ağır təsirlənəcək və bəziləri həyatını itirə də bilər. Proseslər sürətlə baş verdiyi üçün, dünyanın heç bir səhiyyə təşkilatı nə qədər hazır görünsə belə, bununla bacara bilməz. Burada ilk növbədə vətəndaş mövqeyi göstərmək lazımdır: Gəlin, bu çətin gündə dövlətimizə və ölkəmizə dəstək olaq.
5) Məni sosial mediada paylaşılan səs və yazı yalanlarının çoxluğundan daha artıq, buna inanan ya da yayan insanların sayı təəccübləndirdi. Niyəsini başa düşmürəm, ancaq 1 dəqiqə ərzində (internet erasında hətta saniyələr içində) rahatlıqla təkzib edilə bilən məlumatları xalqımız (bəzi ali savadlı insanlar da daxil olmaqla) paylaşır, bir-birinə ötürür. Daha da çox təcübləndiyim odur ki, həkim qruplarında belə, yalan məlumatlar yayılır (Elmli yanaşmasıyla qurur duyduğumuz qardaş Türkiyədə belə!) . Bizim axı “whatsapp xalalarından” fərqimiz olmalıdır! Bu, birmənalı panikaya və qeyr-rasional davranışlara səbəb olur, epidemiya vaxtında isə belə hallar yolverilməzdir. Ümid edirəm, cinayət məcəlləsində tezliklə bununla bağlı sərt dəyişikliklər olacaq.
6) ÜST və buna bənzər beynalxalq qurumlar demək olar ki, hər gün çox faydalı məlumatlar yayır, çoxlu suallara cavab verirlər. Demək olar, hər gün bir neçə yeni elmi məqalə dərc olunur. Amma buna baxmayaraq, “ekspertlərin” çoxu özlərinin barmaqdan sorub çıxardıqları fikirlərini yaymaqda davam edirlər. Çoxu yalanlardan ibarət bu məlumat “bolluğunda” sadə vətəndaşlar nəyə inanmaq lazım olduğunu çaşdıra bilər. Bu da öz növbəsində təşvişə səbəb olur. Kaş ki, TV proqramlarına çıxan, sosial şəbəkədə məlumat verən ekspertlərimiz ancaq sübuta yetirilmiş məlumatları xalqımızla paylaşsınlar. Bu maarifləndirmə işləri nə qədər çox və əhatəli olsa, panika bir o qədər azalar.
Yoluxucu xəstəliklərlə də məşqul olan bir pediatr kimi aşağıda bəzi təkliflərimi sizlərlə paylaşmaq istəyirəm:
1) Bu epidemiyaya çox operativ yanaşan qərargahımızın bütün tövsiyələrinə ciddi əməl edilməlidir. Ölkəmizə və yaxınlarımıza (demək olar ki, hər kəsin evində yaşlı insan var) sosial izolasiya tədbirləri görərək, dəstək çıxmalıyıq. Bu, artıq şəxsi məsələdən çıxıb və ölkənin təhlükəsizlik məsələsidir, buna məsuliyyətli vətəndaş mövqeyilə yanaşılmalıdır. Bu tədbirlər ölkəmizə və səhiyyəmizə vaxt qazandıracaq ki, mümkün epidemiyaya daha yaxşı hazırlaşsın.
2) Əgər mümkündürsə, ətrafımızda yaşayan yaşlı qohum və qonşuların lazımlı ehtiyaclarını biz gənclər təmin etməliyik ki, onlar evdən çıxmasınlar. Buna xarici ölkələrdə gözəl nümunələr var (könüllülər və s).
3) Sosial mediada və TV verilişlərində şərh verən insanlar ancaq və ancaq sübut edilmiş məlumatları paylaşmalıdırlar. Elmi əsası olmayan heç bir məlumat paylaşılmasın.
4) Proqnoz mövzusunu bu işin peşəkarlarına həvalə edin. Şəxsi fantaziyanın, paranoyanın, prestij xətrinə məlumat yaymanın vaxtı deyil! İnsanlarda nə boş panika, nə də lazımsız rahatlıq yaratmaq lazımdır. Hər ikisi zərərlidir və ikisinin də qarşısı alınmalıdır.
5) Tibbi maarifləndirməni bu dövrdə prioritet sayıb, bütün kütləvi informasiya vasitələrdə və sosial şəbəkələrdə yaymaq lazımdır. Xüsusən, gündəlik informasiyalar yayan ÜST-ün məlumatlarını öz dilimizdə kütləyə çatdırmaq lazımdır.
6) Sosial şəbəkələrdə provakativ, panikaya səbəb olan səs və yazıları bir-birinə ötürməyin! Şəxsən siz bu lazımsız zənciri paylaşmamaqla qıra bilərsiniz! Lazım gələrsə, bu haqda dövlət orqanlarına məlumat da verin.
7) ÜST, Səhiyyə Nazirliyi, TƏBİB kimi rəsmi mənbələrin şəxsi gigiyena, xəstəlikdən qorunma, effektiv profilaktika və müalicə istiqamətində tövsiyələrinə diqqət yetirmək və sübuta əsaslanmayan metodlardan uzaq durmaq lazımdır. Unutmayın ki, sizə məsləhət edilən bir şey elmi sübuta dayanırsa, bunu mütləq ÜST və digər rəsmi qurumlar da bilir və özləri rəsmi saytlarda tövsiyə edirlər.
8) Son olaraq, heç olmasa bu dövrdə tibb işçilərinə qarşı əsassız ittihamlardan uzaq durmaq, onlara dəstək çıxmaq, ehtiyac yaransa, onları qorumaq lazımdır. Əgər bu xəstəlik ölkəmizdə yayılsa, ən çox onlara ehtiyac olacaq. İstədiyiniz dərman və avadanlıqlarınız, mükəmməl xəstəxanalarınız olsa belə, peşakar tibbi heyət olmasa, epidemiya ilə bacarmaq mümkün olmayacaq. Bu dövrü ölkəmizi təhdid edən bioloji savaş kimi qəbul edib, bir-birimizə dayaq olmalıyıq. Bu savaşda əsgərlər əsasən tibb işçilər olduğu üçün, onların təhlükəsizliyi və rahat işləyə bilmələri prioritet olmalıdır.
Bu yazdıqlarımda məqsədim ölkədəki səlahiyyətli qurumlara tövsiyə vermək deyil, buna haqqımın çatdığını da əsla düşünmürəm. Bu istiqamətdə zatən ciddi işlər görülür və lazımlı məsləhətlər verilir. Mənim məqsədim bu çətin dövrdə həkim mövqeyimi paylaşmaq, gördüyüm nöqsanlara diqqət cəlb eləmək və mümkün səhvlərlə bağlı xəbərdarlıq etməkdir. Ümid edirəm ki, bu epidemiya bizim ölkədə geniş yayılmayacaq və biz xalq, dövlət olaraq bu qlobal problemin öhdəsindən gələcəyik.
* Erkin Rəhimov – Həkim-pediatr, yoluxucu xəstəliklər üzrə mütəxəssis. İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində təhsil alıb
Teqlər: Koronavirus Epidemiya