AB və QH: Azərbaycan əks qütbləri necə bir araya gətirdi - TƏHLİL

      AB və QH:    Azərbaycan əks qütbləri necə bir araya gətirdi -    TƏHLİL
  07 May 2020    Oxunub:15915
Koronavirus təhlükəsinin qloballaşması hər bir ölkənin, hər bir vətəndaşının həyatını təhlükə qarşısında qoydu. Nəticədə, dövlətlər epidemiyanın yayılmasının qarşısını almaq üçün sərhədlərini bağlamaq məcburiyyətində qaldılar. Dünya ölkələrinin bir-birilə sərhədlərini bağlaması ticari-iqtisadi, həmçinin mədəni əlaqələrin əhəmiyyətli şəkildə zəifləməsinə gətirib çıxardı.
Nə qədər paradoksal səslənsə də, dünyada gedən qloballaşma prosesinin qarşısını qloballaşan pandemiya kəsdi. Heç kimə sirr deyil ki, müasir dövrdə istənilən milli iqtisadiyyatın dayanıqlılığı qlobal əməkdaşlıqdan asılıdır. Məhz bu səbəbdən hazırda dünya icmasını düşündürən iki həlli vacib məsələ gündəlikdə dayanmaqdadır: Birincisi pandemiya ilə effektiv mübarizə, ikincisi isə, mübarizə ilə paralel olaraq qlobal – ikitərəfli və çoxtərəfli əlaqələrin qorunub saxlanılması.

Bu çağırışlar yeni qlobal faəlliyyət mexanizmlərinin, həmçinin idarəetmə formalarının qısa müddətdə işlənib hazırlanaraq tətbiqini ehtiva edir ki, bu mənada Azərbaycanın qlobal təşəbbüsləri dünya icması üçün nümunə sayıla bilər.

Hər şeydən əvvəl Azərbaycana, dövlətin başçısı İlham Əliyevə qlobal mənada təşəbbüs göstərmək üçün haqq qazandıran əsas amil öz ölkəsində pandemiya ilə mübarizə sahəsində uğurlu nəticələr əldə etməsidir. Etiraf olunmalıdır ki, Azərbaycan bu sahədə bütün inkişaf etmiş dünya dövlətlərini qabaqlayır və əgər qlobal mübarizə müxanizmlərinin hazırlanmasından söhbət gedirsə, təbii ki, Azərbaycanın təcrübəsi mütləq nəzərə alınmalıdır. Dövlətimiz tərəfindən vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiyaya kütləvi yoluxma hallarının qarşısı alındı. Azərbaycanda koronavirusa qarşı aparılan mübarizədə əldə olunan effektiv nəticələr beynəlxalq səviyyədə təqdir olundu və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesususun mart ayının 23-də İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirməsi bunun göstəricisidir.

İnsanların koronavirusa yoluxmasının qarşısının alınması ilə bərabər, sosial-iqtisadi sahədə sabitliyin qorunub saxlanmasında da ölkəmiz əldə etdiyi uğurlara görə digər dövlətləri geridə qoydu. Makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, işsizliyin qarşısının alınmasını nəzərdə tutan sosial-iqtisadi dəstək paketi qısa zamanda hazırlanaraq, tətbiq olundu və bu layihənin icrasına nə az nə çox - 3.5 milyard manatdan artıq vəsait ayrıldı. Dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsinin ödənilməsi təmin olundu. Sosial-iqtisadi sahədə atılan addımlar dünyanın aparıcı maliyyə-iqtisadi qurumları, o cümlədən, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yüksək qiymətləndirildi.

May ayının əvvəlindən etibarən, ölkəmizdə karantin rejiminin nisbətən yumşalması Azərbaycanın artıq post-pandemiya dövrünə hazırlaşdığını və bu istiqamətdə artıq qəbul olunmuş proqrama uyğun fəaliyyəti qurmağa başladığını göstərir.
Ancaq dünya buna hazırdırmı? Artıq yuxarıda qeyd olunduğu kimi qlobal iqtisadi əməkdaşlıq olmadan, milli iqtisadiyyatların lokal dayanıqlığı mümkünsüzdür. Bu səbəbdən Azərbaycan, həmiçinin hər bir dövlət üçün qlobal mənada pandemiyanın qarşısının alınması prioritet məsələyə çevrilir.

Məhz belə bir məqamda, prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüs göstərək, Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilməsinin qlobal mənada nə qədər əhəmiyyət daşıdığı aydın olur. Xatırlatmaq yerinə düşər ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşklatdır və bu təşkilatda 120-dən çox dövlət təmsil olunur. İlham Əliyevin dünya ictimayyətinə ünvanladığı mesajın mahiyyəti çox sadə idi – pandemiyadan bütün ölkələr eyni vaxtda çıxmalıdır, buna görə siyasi və ideoloji xüsusiyyətlərdən asılı olmayaraq, “özünəqapanma sindromu” heç kəsə xeyir gətirməyəcək.

Prezident İlham Əliyev bu sadə reallığı diqqətə çatdıraraq, pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya sübut etdi. Zirvə görüşünə BMT Baş Assambleyası sədri, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru və Afrika İttifaqı Komissiyası sədrinin qatılması eyni zamanda, BMT baş katibi cənab Antonio Quterreşin və Avropa Komissiyasının vitse-prezidenti cənab Cozef Borelin xüsusi videomüraciət ünvanlası ölkəmizin və onun liderinin beynəlxalq nüfuzunun əyani göstəricisi idi.

Diqqət çəkən məqamlardan biri də, Qoşulmama Hərəkatının tarixində ilk dəfə Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxış etməsi oldu. Azərbaycanın əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olması İlham Əliyevin balanslaşdırılmış xarici siyasətinin uğurlu nəticəsidir.

Zirvə görüşününün gedişində pandemiya ilə mübarizəyə əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin müxtəlif dövlət və beynəlxalq qurumların nümayəndələri tərəfindən təqdir olunmasının əsas səbəbi İlham Əliyevin yaranmış vəziyyətdən çıxmaq üçün konkret mexanizmlər irəli sürməsi idi.

Tofiq Əsgərov
Azvision.az



Teqlər: İlham-Əliyev   Zirvə-görüşü   Qoşulmama-Hərəkatı  





Xəbər lenti