Əlində mikrofon, başında isə...

Əlində mikrofon, başında isə...
  10 Yanvar 2014    Oxunub:1304
Mehman Telmanoğlu

“Balam mügənni olacaq, coxlu pul qazanacaq” və...
Müasir Azərbaycan ailəsində bu gün baba və nənələrin nəvələri haqqında alqışları, nə bilim arzuları indi təxminən bu notlarda köklənib. Əksəriyyət də olmasa, çoxluq övladını sənət aləmində görməyə arzulayır. İndı analar qızlarının əlindən tutub müğınniliyə gətirir, saatlarla qapı ağzı kəsdirilər ki, səsi var ya yoxdu, təki balası səhnədə olsun. Müğənni olmaq ayıb deyil, ayıb olanı hərislikdir, cahillikdir!
Keçən əsrin 90-cı illərinin axırına kimi müğənnilik elə də dəbli sənnət sayılmırdı. Hətta neçə-neçə istedad ətraf mühitin hansısa təpkisinə görə səhnə üzünə həsrət də qaldı. İndı bu sənət o qədər dəb halına gəlib çatdıki, vaxtı ilə balasının səhnəyə gedən yolunun qarşısını kəsən nənə və babalar indi nəvələri üçün yaşıl işıq yandırmağa başlayıblar. Bəs görəsn niyə? Heç bu sual sizi düşündürüb?

“Adımı niyə Mehman qoymusuz” - deyə vaxtı ilə valideynlərimə sual vermişdim. Sualın cavabını nənəm bilirdi. Ağbirçək “Qanun naminə” filminin təsirində idi. “Nəvəmi prokuror görmək istəyirəm”, “nəvəm prokuror olacaq” kimi cavablar verərdi mənə. İllər keçdi, prokuror olmadım. Niyəsini özüm daha yaxşı bilirəm. Yaxşı, intizarda qalmayasız deyə, ip ucu verirəm. Təbiətimə uyğun gəlmədi.

Nənəmi elə-belə yada salmadım. O vaxt nənələr, babalar nəvələrini prokuror, alim, həkim və s. bu kimi peşələrdə görmək istəyirdilər. O vaxtın trendi bu idi. O vaxt məmləkətin bir televiziyası, bir radiosu, bir neçə də jurnal və qəzeti var idi. Düzdür fikir azadlığı dönəmində sözsüz ki, bu sayda media orqanının olması həm də diqtə ilə fəaliyyət göstərməsi də elə də ürək açan deyil. Amma, bizə bu media orqanları o vaxtlar mənəviyyat və tərbiyə mövzusunda çox şey öyrətdi. Aydınlarımızı, alimlərimizi yeganə olan bu televiziyadan gördük, yazıçı və şairlərimizin imzasını həmin o azsaylı mətbu nəşrlərdən tanıya bildik. Mügənnilərimizin isə nə evini gördük, nə maşınını, nə danışığını, nə də dava-dalaşını.

İllər keçdi... Televiziyaların sayı çoxaldı, internet həyatımızın ayrılmaz hissəsinə çevrildi. Deməyə və göstərməyə yerimiz çox oldu. Amma bu çoxluq kimin xeyrinə işlədi? Sualın cavabı çox asan həm də çox üzücüdür. Toy və sponsor uğrunda açıq və gizli savaşa çıxan, istəyirsən məni söy, tənqid elə, nə istəyirsən yaz, nə istəyirsən de kimi ifadələrini özlərinə rəva bilən mügənnilərə. Bir dəfə haqqında danışılmaqla toy qiymətlərini artıran “sənətçilərə”. Əlbəttə, bu sözlərim əksəriyyətə aid deyil. Müğənnilərimizin arasında ən əsası sənəti intellekti , bəlkə də davranışları ilə nümunəvi ola biləcəkləri var. Amma, müğənniliyə kütləvi marağın artması bizi hələ ki uçuruma aparır.

Başlanğıcda hərislik və cahillikdən elə-belə söz açmadım. Çünki, mügənnilərin adi tamaşaçıya göstərdiyi ev-eşik, maşın və ən əsası da üzdə görünməyən “dəbdəbəli həyat”ı indi pul qazanmaq istəyən valideynin, övladını bu sənətə aparmasına motivasiya yaradır. Nəticədə hərislk və cahillik bizi öz ağuşuna alır. Bu işdə isə çox halda günahkar biz jurnalistlərik. Bu “toy piroqundan” bəzən bizim də həmkarlarımıza pay düşür. İstedadsızı cəmiyyətə tanıtmaqla həm də günaha batırıq. Və bir də ayılırıq ki, bu istedadsız və əxlaqsız cəmiyyətin ən öndə gedən fiqurudur. Toyda öz şərtlərini irəli sürür, özünü hakimi-mütləq kimi aparır.

Bəlkə bir az da Milli qəhrəmanlarımızı təbliğ edək? Heç bilirsiz neçə Milli Qəhrəmanımız var? Axı müharibə hələ yekunlaşmayıb. Bəlkə bir az da ailimlərimizi, yazıçılarımızı, həkimlərimizi təbliğ edək. Axı biz dünyanı yalnız elmlə, savadla daha tez fəth edərik. Heç bu haqda fikirləşmisiz?


Teqlər:  





Xəbər lenti