Məhsəti Gəncəvi haqqında yeni kitab

Məhsəti Gəncəvi haqqında yeni kitab
  17 Yanvar 2014    Oxunub:2820
Son vaxtlar XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, poeziyamızda qadının fikir və mənəvi azadlığının ən ardıcıl mübarizlərindən olmuş rübai ustası Məhsəti Gəncəvi haqqında bir sıra nəşrlər işıq üzü gördü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinin qeyd edilməsi haqqında Sərəncamı bu böyük sənətkarın həyat və yaradıcılığının tədqiqi, ölkəmizdə və dünya miqyasında təbliği işinin geniş vüsət almasına səbəb olmuşdur. Parisdə - UNESCO-nun Baş Qərargahında Məhsəti Gəncəvinin yubileyinin keçirilməsi, Fransanın Reyms, Muluz şəhərlərində görkəmli poeziya ustası ilə əlaqədar sərgi və mərasimlərin təşkili, Məhsətinin mənəviyyat tarixindəki yüksək yerini əks etdirən silsilə nəşrlər şairənin həm ölkəmizdə, həm də sərhədlərimizdən kənarlarda daha yaxşı tanınıb sevilməsinə meydan açıb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynovun Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edən və bu günlərdə nəşr edilən yeni kitabı həmin sıranı bir qədər də zənginləşdirib. Tanınmış Məhsətişünas alimin ötən il şairə haqqında monoqrafiyası dünya xalqlarının 20 dilində nəşr edilərək yayılıb.

Oxucularla görüşə gələn yeni kitabın isə başlıca məziyyəti ondan ibarətdir ki, bu əsər Azərbaycan dilində əski əlifba ilə təqdim olunur. Beləliklə, Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımızın da Məhsəti Gəncəvinin söz aləmi ilə daha yaxından tanış olmaq imkanı yaranıb.

Kitabda orta əsrlərdə qələmə alınmış bir çox fars, ərəb, türkdilli məxəzlər əsasında şairənin mükəmməl elmi bioqrafiyası verilir, Azərbaycan intibahının misilsiz nümayəndələrindən olan Məhsəti Gəncəvinin Yaxın və Orta Şərqin ədəbi-fəlsəfi fikrinin inkişafına töhfələrindən bəhs edilir. Məhsəti xanımın yaradıcılığı yalnız Azərbaycan və Şərq ədəbiyyatının deyil, dünya mədəniyyəti kontekstində nəzərdən keçirilir.

Professor Rafael Hüseynovun Məhsəti Gəncəviyə həsr edilmiş kitabı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində hazırlanan, “Elm və Təhsil” nəşriyyatında nəfis tərtibatda işıq üzü görüb.


Teqlər:





Xəbər lenti