Müasir İncəsənət Muzeyində sərgi açılışından FOTOLAR

Müasir İncəsənət Muzeyində sərgi açılışından FOTOLAR
  26 Yanvar 2014    Oxunub:3456
Müasir İncəsənət Muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb.
Yanvarın 25-də Müasir İncəsənət Muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılmışdır.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, "YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri, istedadlı gənc rəssam Aida Mahmudovanın təşkilatçılığı ilə açılan sərgidə Məryəm Ələkbərlinin əsərlərinin Müasir İncəsənət Muzeyi tərəfindən nəşr olunan yeni kataloqu da təqdim edildi.

Mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyətin və KİV nümayəndələrinin iştirak etdikləri sərginin açılışında çıxış edən Aida Mahmudova deyib: "Məryəmin əsərlərində çox güclü müsbət energetika vardır. Çoxsaylı elementləri özündə cəmləşdirən bu işlər güclü emosiyalar doğurur". A.Mahmudova vurğulamışdır ki, hələ gənc olmasına baxmayaraq, sənət aləmində yetərincə tanınmış Məryəm Ələkbərlinin əsərlərinin sərgisi dünyanın bir sıra məşhur incəsənət mərkəzlərində keçirilib.

"Bu qızın daxilində güclü bir istedad gözlənir. O, öz işləri ilə həmin istedadı tədricən bizim üçün açır", - deyən Aida Mahmudova qeyd etmişdir ki, Məryəm Ələkbərli Paris Ali İncəsənət Məktəbində təhsil alır.

A.Mahmudova deyib ki, "Onun əsərləri insana ruh verir, mən ona daha böyük yaradıcılıq uğurları, enerji, hər işində ilham arzulayıram. Demək istəyirəm ki, o, heç vaxt təslim olmamalı və həmişə öz arzularını gerçəkləşdirməlidir".

Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev demişdir: "Hər bir parlaq incəsənət əsəri nadir hadisədir. Lakin indiki halda bu nadirlik xüsusi cəhətlərə malikdir. Məryəm Ələkbərlinin işlərində nə isə bir əsrarəngizlik var və bu əsrarəngizlik bizim həyatımızla, hisslərimizlə bağlıdır".

Gənc rəssamın əsərlərinin rəngarəngliyi, mövzu və rənglərin bənzərsizliyi ilə seçildiyini vurğulayan Elçin Əfəndiyev deyib: "Bu işlərin birində natürmortlar, əlvan çiçəklər, digərində rəngbərəng balıqlar, tamamilə gözlənilməz mövzular əks olunmuşdur. Məryəm Ələkbərlinin rəsm əsərlərində sanki həyatın mənası, hisslərin məğzi barədə suallara cavab axtarılır. Onun işləri həm peşəkar rəssamların, həm də incəsənət pərəstişkarlarının böyük marağına səbəb olur".

Yazıçı Elçin bu sərginin təşkil edilməsində Aida Mahmudovanın da böyük rolunu vurğulamışdır. O demişdir: "Aida Mahmudova istedadlı rəssam olmaqla bərabər, həm də gözəl təşkilatçıdır. Bu xüsusiyyətlərə insanlarda nadir hallarda birgə rast gəlinir. Bugünkü sərgi Aida Mahmudovanın təşkilatçılıq işinin gözəl nümunəsidir".

Məryəm Ələkbərli erkən yaşlarından rəsm çəkməyə başlamışdır. Hazırda təkcə Bakıda deyil, İstanbul, Ankara, Berlin, Paris, Roma, Moskva kimi şəhərlərdə də onun sərgiləri təşkil edilir. İndiyə qədər onun rus, ingilis, fransız, alman və yapon dillərində albomları buraxılmışdır. Məryəmin müxtəlif janrlarda yaratdığı əsərlər məna və hisslərin dərinliyi ilə seçilir.

Məryəm öz əsərlərində görüb-duyduğu dünyanı məhəbbətlə əks etdirir.

İncəsənət aləmində kimisə heyrətləndirmək çətindir. Məryəm Ələkbərlinin məşhur incəsənət xadimlərinin diqqətini cəlb etməsi, onların rəğbətini qazanması bizdə qürur hissi oyadır.

Xalq Artisti, kinorejissor Eldar Quliyev Məryəm Ələkbərlinin yaradıcılığından söhbət açaraq demişdir: "Məryəm Ələkbərli istedadlı gənc rəssamdır. Onun əsərləri demək olar ki, bütün Avropanı gəzib. Mən onun əsərlərinə həm peşəkarların, həm də adi tamaşaçıların münasibətinin şahidi olmuşam. Bu heyrətamiz insan öz xeyirxah daxili dünyasını əlvan rənglərin dili ilə ifadə edir".
Məryəmin öz daxili aləmini zəngin rənglər vasitəsilə ifadə etmək qabiliyyəti onun yaradıcılığının fərqləndirici cəhətidir. Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov deyir: "Burada nümayiş olunan bütün işlər çox yüksək səviyyədədir. Hesab edirəm ki, bu əsərlərin hamısı Məryəmin təbiəti, dünyası və onun fəlsəfəsidir".

Məryəm Ələkbərli forma və rənglərdən cəsarətlə istifadə edərək özünün parlaq və harmonik dünyasını yaradır. Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun fikrincə, Məryəmin rəsmləri heyrət doğurur. O deyib: "Bu gənc rəssamda sərbəstlik, müstəqillik və sənətkarlıq xüsusiyyətləri cəmləşmişdir. Bu, çox mürəkkəb məsələdir. İstedadlı gənc rəssam olmaq, hissləri, emosiyaları yetkin sənətkar səviyyəsində ifadə etmək mənim üçün həqiqətən çox gözlənilməzdir".

Tanınmış incəsənət xadimləri də Məryəm Ələkbərlinin əsərlərini yüksək qiymətləndirmişlər. Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev vurğulayıb ki, "Bu sərgi məni tamamilə valeh elədi. Ona görə ki, bugünkü sərgi azad bir insanın azad hisslərini nümayiş etdirir. Mən çox şadam, fəxr edirəm ki, bu gözəl insan belə hisslərlə yaşayaraq, onu tablolarda göstərə bilir".

Sərgidə Məryəm Ələkbərlinin 50-yə yaxın əsəri nümayiş etdirilir. Ekspozisiya fevralın 8-dək davam edəcəkdir.

Qalereya




Teqlər:





Xəbər lenti