AzVision-17 I Vətən Müharibəsinin 4 günü - VİDEO

      AzVision-17 I    Vətən Müharibəsinin 4 günü -    VİDEO
  01 Oktyabr 2020    Oxunub:20497
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Xoş gördük sizi, döyüşən ölkənin mərd xalqı! Koronavirusa qalib gəlib, KARENavirusun hulqumundan yapışan ölkə! Feysbukdakı pasifistləri çıxmaqla, hamınızı yaşadığımız tarixi günlər münasibətilə təbrik edirəm. Bəli, savaş hələ davam edir; bəli, biz gözəl xəbərlər də, üzücü xəbərlər də eşidəcəyik. Amma artıq hər birimiz böyük tarixi hadisənin şahidi və iştirakçısıyıq.



Hamının adından danışmaq istəmirəm, amma şəxsən mənim həyatımda bu Vətən Müharibəsinə şahidlik etmək qədər gözəl heç nə olmamışdı. Hətta,- tam səmimi deyirəm,- övladımın dünyaya gəlməsi, onun dili dolaşa-dolaşa ilk sözlərini necə deməsinə və ayaqları dolaşa-dolaşa ilk addımlarını necə atmasına tamaşa eləmək belə, bu qədər gözəl deyildi. Hər halda, o hadisələrin heç biri məni ağlada bilməmişdi, amma Ordumuzun düşməni necə əzməsini qürur və sevinc göz yaşlarına boğulmadan izləmək olmur. Öz ölkənin qalibiyyət xəbərlərini eşitmək, demək olar ki, bütün həyatın boyunca sənin ləyaqətinlə oynayan düşmənin burnunun ovulmasını görmək necə də gözəl hiss imiş! Biz ömür boyu bunun həsrətində olmuşuq. Siz sevimli tamaşaçıların neçə yaşı var, əlbəttə, bilmirəm, amma əminəm ki, siz də indiyə qədər belə möhtəşəm hiss yaşamamışdınız. Çünki şansımız olmamışdı. Biz heç birimiz bilmirdik ki, Qələbənin dadı necə olur. Bu həftə nəhayət, ömrümüzdə ilk dəfə o dadı bildik.

1. Əsrə bərabər 4 gün

Mənim uşaqlığım Qarabağ döyüşlərinin gündəlik cəbhə hesabatlarını dinləməklə keçib. Hər axşam bütün ailələr televizorun qabağına yığılır, itirilən kəndlər, düşmənin hara hücum etməsi haqda məlumatları dinləyir, sonra kor-peşman, içimizə dolmuş məşum bir ağırlıqla durub, dağılışırdıq. Nə gizlədim, o ağırlıq hələ də mənim içimdə qalmışdı. Və mənim, bəlkə də ən böyük arzum heç olmasa öləndə dünyanı o ağırlılqla trək etməmək idi.
Dostlar, fərqindəyəm ki, bayaqdan bəri danışdıqlarım çox şəxsi alınır, amma xahiş edirəm, bunu nöqsana yazmayın, çünki bizim Azərbaycan olaraq ümumi Qarabağ problemimizdən əlavə, bir də hər birimizin şəxsi, fərdi Qarabağ problemi vardı. Mən indi həmin o 10 milyon fərdi Qarabağ problemlərinin birindən danışıram. Məsələ ondadır ki, ermənilər təkcə Azərbaycanın torpağını deyil, Azərbaycan insanının ləyaqətini, mənliyini də işğalda saxlayırdılar. Və əgər vaxt ötdükcə torpaqlarımızın işğalı artmırdısa, elə 20 faizdə qalmışdısa, mənliyimizin düşmən tapdağında olan hissəsi getdikcə çoxlalırdı. Biz internetdə onlarla mübahisə edir, amma hər dəfə özümüzü sındırmamağa çalışsaq da, daxilən gözükölgəli olurduq. Ta bu həftəyə kimi; bu həftə Qarabağ hələ işğaldan azad edilməyib, amma Azərbaycanlıların mənliyi və ləyaqəti artıq azaddır! Çünki döyüşürük. Öz ləyaqəti uğrunda döyüşmək – azadlıqdır. Döyüşə-döyüşə ləyaqətsiz qalmaq mümkün deyil. Məhz bu azadlıq səbəbindən bu günlərdə hər kəsin içində inanılmaz bir yüngüllük hissi var.
Mən insanların ölümünə üzülən biri deyiləm, çünki yaşam fəlsəfəmə görə, ölüm də həyatın ən azı doğuluş qədər tamhüquqlu bir mərhələsidir. Nə pisdir, nə də yaxşı. Amma bu həftə keçirdiyim bütün emosiyalardan sonra ilk dəfə Qarabağdakı qələbələrimizi görmədən dünyadan köçmüş bütün azərbaycanlılar üçün üzüldüm ki, onlar bu hissləri yaşaya bilmədilər. Amma təsəllimiz bundan da böyükdür – balalarımız düşmən tənəsi eşitmədən böyüyəcəklər.

Demə Qoq:
- Ay yoldaş, bayaqdan emosiyaları qatmısan bir-birinə, dayanmadan danışırsan. İmkan ver, iki kəlmə də biz söz deyək də! İnternetin bu olmayan vaxtında bayaqdan xəttdə qalmışam. Meqabaytlarımı boş-boşuna xərcləyirəm burada?
- Üzrlü say, başına dönüm!
- Saydım. Verilişə başlayırıq, ya yox? Başlamırıqsa, açıq de, skaypdan çıxım da. İndi meqabaytlar qızıldan qiymətlədiri e. Boşuna getməsin.
- Başlayırıq.

Beləliklə, AzVisionun çərşənbə formatına baxırsınız. Bu formatda mən və o – bloger, ictimai fəal Demə Qoq adətən sosial şəbəkə prizmasından görünən gündəmi təhlil edirik. Amma indi gündəm-filan yoxdur, bircə dənə mövzu var: Vətən Müharibəsi. Buna görə də, aydınlıq gətirməyə çalışacağıq ki:
- Əsrə bərabər 4 gün. Savaşın ilk günlərinin təhlili nəyi gösərir?
- Niyə ermənilər mülki əhalini vurur və şəhidlərimizin şəkillərini yayırlar?
- “Qarabağ Ermənistandır” və... vergül. Vergüldən sonra nə gəlir? Paşinyanla müsahibə

Beləliklə, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən Müharibəsi artıq 4 gündür, davam edir. Əlbəttə, elə də çox müddət deyil, amma ilkin nəticələr çıxarmaq üçün yetərlidir. Gəlin, ilkin müşahidələrə əsasən bu 4 tarixi günün nəticələrini ümumiləşdirməyə çalışaq.

Demə Qoq:
- Yaxşı fikirdir, amma əvvəlcə de görək, verilişin əvvəlində pasifistlərə niyə ilişdin axı? Bu da bir mövqedir də. Fərqli düşüncəyə hörmət etmək lazımdır. Müharibəni, insanların ölməsini istəməmək onların haqqıdır.

- Xeyr, onların belə haqqı yoxdur. Daha doğrusu, onların müharibə istəməmək haqqı bizim Vətənimizi azad görmək haqqımız başlayan yerdə bitir. Bir Bibliyalıq söz danışmışam e, işğal faktının insan ləyaqətini necə şikəst etməsi haqqında. Ayrı vaxt mən özüm də pasifistəm. Gəlin, torpaqlarımızı qaytaraq, sonra kimsə müharibə istəsə, ən birinci mən etiraz edəcəyəm. Amma sənin Vətənin düşməndə ola-ola pasifizmdən danışmaq ona oxşayır ki, məsələn, ananı gözünün qabağında zorlayırlar, sən də durub seksual azadlıqdan danışırsan.

Demə Qoq:
- Ay yoldaş! Efir! Etika! Qanacaq! Ədəb! Ərkan! Camaatın anası-bacısı!..
- Çox-çox üzr istəyirəm. Nə isə, keçək əsrə bərabər 4 böyük günün təhlilinə.

2. Böyük yollar addım-addım keçilir

Açıq danışsaq, əməliyyatlar yeni başlayanda insanlarımızda ildırım sürətli savaş, “blitskriq” gözləntisi vardı. Amma ikinci gün məlum oldu ki, Azərbaycan böyük qurbanlar hesabına başa gələcək sürətli müharibə yox, az itkilərlə nisbətən uzunmüddətli savaş aparmaq niyyətindədir. Bu döyüşlərdə filmlərdə gördüyümüz kimi “Uraaaa!..” deyib, irəli cummaq olmayacaq, düşməni zərərsizləşdirə-zərərsizləşdirə, addım-addım irəliləyəcəyik.
Şübhəsiz ki, düşmən 30 ilə yaxın müddətdə əlində saxladığı torpaqlarda möhkəmlənib, istehkamlar qurub, müdafiə sistemləri yaradıb. Onları səbrlə, tələsəmədən adlamaq lazımdır. Bu səbəbdən, biz həftələrlə, hətta bəlkə aylarla sürən müharibəyə hazır olmalıyıq. Hər gün hansısa məntəqənin azad edilməsi xəbərinə köklənmək lazım deyil. Əsas odur ki, bütün baxımlardan üstünlük Azərbaycan Ordusundadır və həmin üstünlük real döyüş meydanında əminliklə reallaşdırılacaq.
İndiki şəkildə müharibənin hər günü milyonlarla dollar xərc deməkdir. Əgər döyüşlər uzansa (hərçənd, bu, ən pis haldır) məsələ gəlib insan və maliyyə resurslarının nisbətinə dayanacaq. O halda Ermənistan nə qədər dözə biləcək bu mübarizəyə?! Əgər “üzücü müharibə” vəziyyəti yaranarsa, ermənilərin heç bir şansı yoxdur. Yaranmasa, yenə də yoxdur. Hazırkı Azadlıq Müharibəsində bütün şanslar bizim tərəfimizdədir.

3. Mülki əhaliyə hücum

Ermənistan özünəxas tərzdə, faşizm üslubu ilə bilərəkdən Azərbaycanın cəbhəyanı rayonlarında dinc əhaliyə, mülki obyektlərə zərbələr endirir. Cəmisi 3 günə ikisi azyaşlı olmaqla 12 nəfər mülki şəxsin həlak olması və 30 nəfərin yaralanması dəhşətli faktdır. Bu, heç bir halda yanlışlıqla izah edilə bilməz. Bəllidir ki, ermənilər məqsədli şəkildə mülki obyektlərə atəş açırlar. Həmin məqsəd isə əhalini qorxuya salmaq, kütləvi şəkildə cəbhəyanı ərazilərdən köçməsinə və qarışıqlıq yaratmasına nail olmaqdır. Amma həmin cinayətkar zərbələrin bütün dəhşətli nəticələrinə baxmayaraq, Azərbaycanın cəbhəyanı bölgələrdə yaşayan sakinləri özlərinə yaraşan mərdlik və dəyanətlə bu haqda heç düşünmürlər də. Bu, düşmənin onları demoralizə etmək planlarını puça çıxarır.

4. Böyük “feyk” müharibəsi

Erməni tərəf əməliyyatlar başlayandan bəri informasiya müharibəsini “feyk” hücumu şəklində davam etdirir. Heç bir prinsiplər, çərçivələr gözlənilmir. Müharibənin cəmi 3 günü ərzində yayılan feyklər bir yerə toplansa, onlardan rahatca bir albom düzəltmək olar.
“Feyk” xəbərlər erməni tərəfdən bütün səviyyələrdə və mərhələlərdə yayılır: Mediada, sosial şəbəkələrdə, hətta dövlət səviyyəsində! Məsələn, Azərbaycan Silahlı Qüvvələrinin guya Ermənistanın Vardenis rayonu ərazisində yerləşən hərbi hissəni atəşə tutması ilə bağlı informasiya məhz dövlət səviyyəsində yayımlanan “feyk” idi.
Digər dövlət səviyyəli “feyk” istiqaməti guya Türkiyənin Azərbaycan tərəfdən döyüşməsi ilə bağlıdır. Heç bir fakt və sübut olmadan, erməni tərəf Göbbels metodu ilə durmadan təkrarlayr ki, guya bu Müharibənin başlaması Türkiyə faktoru ilə bağlıdır. Bu yolla dünyanın diqqətini öz işğalçılıqlarından və Azərbaycanın apardığı Vətən Müharibəsindən yayındrmaq istəyirlər. Axı Savaş varsa, onun bir izahı da olmalıdır! Və erməni tərəf deyə bilməz ki, “Azərbaycan öz torpaqlarını qaytarmaq üçün Müharibə apaır”.
Daha bir feyk isə odur ki, guya Azərbaycan tərəfdə Suriyadan gəlmiş muzdlular döyüşürlər. Bu iddiaları Ali Baş Komandan, cənab İlham Əliyev “Rossiya” kanalına canlı bağlantı zamanı son dərəcə mükəmməl cavablandırdı.
Erməni tərəfin müxtəlif video və şəkilləri tamam başqa ad və mahiyyətlə təqdim etmələri isə artıq klassikadır. Əgər sabah erməni mediası Karlsonu “vurulmuş Azərbaycan helikopteri” kimi təqdim etsə, təəcüblənməyə dəyməz.

5. Yeni reallıq artıq yaranıb

Əməliyyatların cəmi 3-4 günü regionda yeni reallığın yaranması üçün bəs etdi. İstər Ermənistan, istərsə işğal olunmuş ərazilərimizdə yaşayan ermənilər, istərsə də həmin torpaqlara köçürülənlər birdəfəlik anladılar ki, Azərbaycanın niyyətləri nə qədər ciddidir. 30 ildə onlarda belə bir əminlik yaranmışdı ki, daha müharibə mövzusu qapanıb, rahatca işlərini görə bilərlər. Amma bu əminlik bir neçə saata darmadağın olundu. Hər kəsə aydın oldu ki, Azərbaycanın işğal altındakı ərazilərində heç vaxt məskunlaşmaq mümkün olmayacaq. Məhz buna görə Qarabağdan Ermənistana doğru böyük insan köçü müşahidə olunur. Bu Savaş elə bir xətt idi ki, ondan sonra Qarabağda daha heç nə əvvəlki kimi olmayacaq. Bunu şübhəsiz, Ermənistanda da başa düşürlər. Elə isə, yeni reallığı düzgün qiymətləndirib, nəticə çıxarırlarmı? Bu haqda skype ilə proqramımıza qoşulmuş Ermənistanın baş naziri Nikol Paşinyanla danışacağıq.

- Xoş gördük, cənab Paşinyan. Necəsiniz? Yəqin, başınız qarışıq olar...
- Təşəkkür edirəm. Necə olacağam? Pis.
- Niyə? Daha Qarabağda yallı gedə bilməyəcəksiniz, ona görə?
- Yallı – qədim erməni rəqsidir.
- Bilirəm, bilirəm, əlbəttə... Bizim də belə bir qədim Azərbaycan atalar sözümüz var ki, dəvə oynayanda qar yağar.
- Dəvə - qədim erməni heyvanıdır.
- Bilirəm, qar da qədim erməni atmosfer hadisəsidir. Soruşmaq istədiyim odur ki, Qarabağda oynayanda ağlınıza gəlmədimi ki, qar – yəni mərmi yağa bilər?
- Yox, inanmırdım. Mən başqa şeylər gözləyirdim. Münhendə də demişdim ki, danışıqlarda mini inqilab etmək planım var... Amma Azərbaycan tərəfi imkan vermədi.
- Maraqlıdır. Axı siz danışıqlarda nə etmək istədiniz ki, biz mane olduq?
- Mən danışmadan danışıq təklif edirdim. Bu, inqilabdır. İndiyə qədər dünyada heç vaxt elə danışıq olmamışdı, bu, inqilab olacaqdı. Amma imkan vermədiniz.
- Tam əksinə, biz sizə kömək etdik. Hazırda biz danışmadan danışıqlar aparırıq da. Sizin anladığınız dildə. Yəni mini-inqilabı etdik. Sizə elə gəlmirmi?
- Doğrudan e... Maraqlı konsepsiyadır.
- Bəli, bəli. Gələk “Qarabağ Ermənistandır və nöqtə” söhbətinə. Yenə də o fikirdə qalırsınz?
- Qalıram, amma bir qədər korrektə etmişəm.
- Korrektədən sonra necə olub?
- “Qarabağ Ermənistandır və vergül”
- Vergül? Maralıdır. Bəs o vergüldən sonra nə gələcək?
- Görək də...
- Siz Xankəndində, Şuşada müxtəlif rəsmi tədbirlər keçirəndə Azərbaycanı qəzəbləndirdiyinizi dərk edirdinizmi?
- Mən bilərəkdən Azərbaycanı qıcıqlandırmaq istəyirdim də.
- Nəticə xoşunuza gəldi?
- Düzünü desəm, yox. Söz verirəm ki, daha elə eləməyəcəyəm.
- Məncə, gecdir...
- Necə yəni, gecdir? Sülh heç vaxt gec deyil. Sülh gözəl şeydir. Jan-Jak Russo deyib ki...
- Jan-Jak Russo başqasının torpağını işğalda saxlamağın haqqında necə, heç nə deməyib?
- Bilmirəm, mənim bloknotumda bu haqda heç bir qeyd yox idi.
- Sizin həyat yoldaşınız bir dəstə arvadı başına yğıb, Qarabağda hərbi təlim keçirmişdi e, indi həmin zənən xeylaqları haradadırlar? Üstümüzə gəlirlər?
- Bilmirəm. Bu söhbət mənim xoşuma gəlmir. Bəlkə, substantiv danışıqlar aparaq?
- Vaxtında istəmirdiniz axı substantiv danışıqlar aparmaq...
- İndi istəyirəm də. Gəlin, masaya əyləşək.
- Axı sizin parlamentarilər dedilər ki, masaya oturmağa hazır deyillər.
- Hə... Eybi yox, tezliklə hazır olacaqlar. Hələ başları daşa dəyməyib.
- Tezliklə dəyəcək. Gözləyərik, heç nə olmaz.
Təşəkkür edirəm proqramımıza qatıldığınıza görə.

6. Ən ağrılı məqam: Şəhidlərimiz

Bu müharibədə bizi incidən bircə ağrılı yerimiz var: Şəhidlərimiz. Ermənistan tərəfi bu məsələni önə çəkmək, psixoloji müharibədə Azərbaycan şəhidlərinin foto və videolarını yaymaqla istəyir ki:
Bir - Azərbaycan əhalisində ruh düşkünlüyü yaradaraq, cəmiyyətdəki qələbə əhvalını itkilərin acısı ilə əvəzləsinlər.
İki - Bu mənəvi ovqatın siyasi tərəfi kimi cəmiyyətdəki şəhid ağrısını hərbi əməliyyatların dayandırılması ilə bağlı sosial sifarişə çevrilənə qədər çoxaltsınlar.
Ona görə də, indi bəzi ideoloji məqamlarda xüsusilə həssas olmaq lazımdır. İlk növbədə də şəhidlər məsələsində. Hər şeydən əvvəl, bu haqda ermənilərin və antiazərbaycan şəbəkəsinin yaydığı məlumatlara inanmamaq, ancaq rəsmi məlumatları gözləmək vacibdir.
Eyni zamanda, bu reallıqla barışmalıyıq ki, şəhidlərimiz bəli, var, döyüşlər davam etdikcə, yəqin, yenə olacaq. Azərbaycan hücuma keçən tərəfdir. Ermənilərin illərlə möhkəmləndikləri ərazilərə hücum edirik. Bəli, tank da, helikopter də vurulacaq, bəli, oğullarımız da canlarını Vətənə fəda edəcəklər. "Müharibə" deyəndə ağla nə gəlirsə, onların hamısı baş verəcək. Axı heç kim asan olacağını deməmişdi, özümüz də gözəl bilirdik ki, asan olmayacaq… Amma hər zaman qurban verməyi də gözə alaraq, Vətən Müharibəsini gözləyirdik...
Qurbanlarsız qələbə olmur. Bu döyüşlər bizə yeni qəhrəmanlar da, yeni şəhidlər də gətirəcək. İndiki savaş fərqlidir - biz Qələbə uğrunda döyüşürük. Bu döyüşlərdə şəhid olan hər bir azərbaycan övladı adını Qələbə tarixinə yazacaq. Bu, hər şəhidimizlə bağlı təsəlli ola bilər ki, söhbət böyük amal və məqsəd uğrunda verilən qurbanlardan gedir.
Hazırda itkilərdən danışmaq düzgün olmamaqla yanaşı, mümkün də deyil. Əvvəla, əks-hücum əməliyyatları davam edir. İkincisi, itkiləri birtərəfli qiymətləndirmək olmaz, yalnız müqayisə etmək lazımdır. Ona görə də, erməni tərəfi öz itkilərini gizlədirsə, bizim o haqda danışmağımız yersiz və mənasızıdır. Halbuki, erməni tərəfin itkiləri bizdən daha çoxdur.
Əslində müdafiə olunan yox, hücum edən tərəfin itkiləri daha çox olmalıdır. Çünki müdafiə tərəfi istehkam tədbirləri görür, möhkəmlənir, səngərində daldalanır; konkret bu haldan danışsaq, işğal altındakı ərazilərin dərinliyində bir neçə qat müdafiə xətti var. Hücum edən isə açıqlıqdadır, demək, daha asan hədəfə alınır. Amma hazırda bütün mənbələrdən gələn xəbərlərin təhlili ermənilərin itkilərinin Azərbaycan tərəfdən xeyli artıq olduğu anlaşılır. Sadəcə, onlar bunun böyük qismini gizlədir, kiçik qismini isə hissə-hissə açıqlayırlar.
Amma bütün bunlar onları xilas edə bilməyəcək. Bugünkü Azərbaycana qələbə yaraşır. Ona görə də, sonda birinci vitse-prezident Mehriban xanım Əliyevanın sözlərini təkrarlayaraq, hər birimizə Qarabağ torpağını öpməyin nəsib olmasını arzulayıram. Həmin günə qədər isə möhkəm olun!


Teqlər: AzVision   Real-TV  





Xəbər lenti