60 yaşlı gənc sənətkar - Yubiley

60 yaşlı gənc sənətkar - Yubiley
  05 Fevral 2014    Oxunub:5879
Teatr səhnəsi bir möcüzədir. Burada insan sirli-sehrli aləmə düşür. Kitablardan oxuduğu qəhrəmanın canlı obrazını seyr edir. Hadisələrin həyatdakı inikasını görür. Özü də hadisələrin canlı şahidinə, bəzənsə dolayı yolla iştirakçısına çevrilir. Amma unutmaq olmaz ki, obrazı səhnəyə gətirən, onu canlandıran, həyat verən aktyordur. Səhnədə başqalaşan, obrazın daxili aləmini açan, ona can verən aktyor.
O da aktyordur. Təkcə Naxçıvanda deyil, bütün Azərbaycanda sənətsevərlərin yaxşı tanıdığı aktyor - Xalq artisti Rövşən Hüseynov. İstər-istəməz onu tanıyan oxucunun üzündə təbəssüm yarandı. Bu da təbiidir, çünki onu daha çox komediya aktyoru kimi tanıyırıq.

Rövşən Hüseynov 1954-cü il fevralın 6-da Naxçıvanda sənətkar ailəsində doğulub. Anası Xalq artisti Sofiya Hüseynova, atası uzun illər Naxçıvan teatrında inzibati işlərdə çalışan Maqsud Hüseynov balaca Rövşəni uşaqlaıqdan sərbəst böyüdüblər. Uşaqlıq illərini teatrın sənhəsində keçirən Rövşən sonradan elə valideynləri kimi ömürünü də böyük səhnəyə bağlayır.

Uşaqlıq illərində müəyyən epizodlarda çıxış edir, 1968-ci ildən, yəni 14 yaşından teatrın truppasina aktyor kimi qəbul edilir. Sözsüz ki, istedadı nəzərə alınmaqla. Azərbaycanda tanınan təcrübəli rejissorlar Baxşı Qələndərli, Vəli Babayev, Miribrahim Həmzəyev kimi sənətkarların qurluş verdiyi tamaşalarda Rövşənin özünə məxsus rollar silsiləsi başlayır.

Biz onun rollarının siyahısını sadalamaq niyyətində deyilik. Bu, teatrşünasların işidir. Sadəcə sayını deyə bilərik – 1968-ci ildə Süleyman Sani Axundovun “Laçın yuvası”ndakı Səfərdən başlayan və bir neçə il qabaq Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”ndakı xalq qəhrəmanı Babək roluna qədər 150 müxtəlif xarakterli qəhrəman səhnədə Rövşən Hüseynovun ifası ilə tamaşaçıya təqdim edilib.

Maraqlı hal odur ki, oynanılan rolların əksəriyyəti əsərin baş qəhrəmanı olub. Bu obrazların hər biri də özünəməxsus xarakter cizgiləri ilə, yadda qalan şəkildə və bir birini təkrar etmədən yaradılıb. Çoxu da komediya obrazlarıdır.

Əslində, Rövşən Hüseynov çox ciddi aktyordur. Elə buna görə də onun oynadığı komik obrazlar ciddiliyi ilə seçilir. Bunu da tamaşaçı yaxşı bilir. Amma tarixi dramlar, faciələrdə yaratdığı obrazlar da onlardan geri qalmır. Hər biri özünəməxsus şəkildə aktyor ifası ilə tamaşaçının yadında qalır. Bəzən aktyorların yaradıcılığını komik və ya dramatik amplualara bölürlər. Rövşən Hüseynovsa əsl aktyordur, yəni onun üçün obraz, xarakter var. Qəhərmanın düşdüyü vəziyyətin reallığı və insan taleyi onu narahat edir. Bir də hər şeyi olduğu kimi yaşamaq. Komediya və ya faciə isə aktyorun yaratdığı obrazın düşdüyü mühitin diktəsi ilə yaranır.

Yaratdığı obrazlara görə dövlət səviyyəsində bir çox mükafatlar alıb. Ən ümdəsi, Xalq artisti fəxri adına layiq görülüb. Etiraf edək ki, Rövşən Hüseynov tərəf-müqabili ilə qarşılıqlı oyunu sevən, öz həmkarlarına səhnədə istənilən vəziyyətdə yaxşı ifa üçün şərait yaradan çox az aktyordan biridir. Elə buna görə də gənclər həvəslə onun oynadığı tamaşalarda rol almağa can atıb. O ki qalsın, tərəf-müqabili ola. Hətta bu gün yeganə aktyordur ki, Naxçıvan tetarında özündən sonra yetirdiyi, onun sənət məktəbini davam etdirən tələbələri var.

Aktyorun üstün cəhətlərindən biri onun çox gözəl musiqi duyumunun olması, digəri isə gözəl səhnə plastikasıdır. Bu xüsusuyyətlərini hətta bir vaxt , xalq artistləri Afaq Bəşirqızı və rəhmətlik Yaşar Nuriyev onunla Naxçıvan teatrında bir səhnəni bölüşəndən sonra səmimi şəkildə etiraf ediblər. Bütün yaxşı sənətkarlar kimi Rövşən müəllimin ürəyi səhnədə yaşadığı müxtəlif xarakterli obrazların faciəsi, dramına biganə qala bilmədi. Nəticədə ürəyindən ağır əməliyyat olundu. Həkimlər səhnədə əvvəlki çevik hərəkətlərə qadağa qoydular.

Amma taleyini teatra bağlayan insanın ürəyi səhnə ilə döyünürsə, ondan ayrıla bilərmi? Ona görə də, Rövşən müəllim son illər özünü rejissor kimi sınaqdan keçirib. Nəticədə Həsən Elsevərin “Koroğlu nəsli”, Viktor Qubarevin “Sehrli yaylıq”, İsgəndər Coşğunun “Ana laylası” kimi uşaq və yeniyetmələr üçün hazırlanan maraqlı, dinamik tamaşalar yarandı. Müzəffər Nəsirlinin “Qönçəbəyim nəğməsi”, İlyas Əfəndiyevin “ Hökmüdar və qızı”, Mirzə Fətəli Axundovun “Xırs quldur basan” , İslam Səfərlinin “Göz həkimi” əsərləri onun rejissor fantaziyasından keçərək tamaşaçıya təqdim edilib. Həyatsa davam edir. Indi arxaya dönüb baxanda 60 yaşın 46 ili sənətə, teatra həsr edilib. Bu isə artıq bir fakti sübut edir - Xalq artisti Rövşən Hüsynov üçün teatr bir həyat, yaşam tərzidir... Tamaşaçı dodağından isə bir söz qopur: 60 yaşın mübarək, həmişəcavan sənətkar!

Səməd Canbaxşiyev
Naxçıvan


Teqlər:  





Xəbər lenti