Mehriban Əliyevadan mədəniyyətimizə daha bir töhfə

Mehriban Əliyevadan mədəniyyətimizə daha bir töhfə
  13 Fevral 2014    Oxunub:1211
Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.
Fonddan AzVision.az-a daxil olan məlumata görə, dahi söz ustadı Nizami Gəncəvinin 870 illik yubileyi layihəsi çərçivəsində Fondun təşkilatçılığı ilə Parisdə və Strasburqda keçirilmiş tədbirlər silsiləsi fevralın 14-də beynəlxalq konfransla davam edəcək.

Konfrans Strasburq şəhərinin Rin sarayında 3 ay ərzində (19 noyabr 2013-19 fevral 2014) təşkil edilmiş "XII-XXI əsrlərin ümumbəşəri mədəniyyət körpüsü: Nizami Gəncəvi yaradıcılığı" sərgisinin yekun mərhələsində keçiriləcək.

Fransanın Alzas regionunun Mədəniyyət məsələləri üzrə Direktoratının baş direktoru Alain Hauss, Strasburq Milli və Universitet Kitabxanasının administratoru Albert Poirot kimi qonaqların iştirak etdiyi konfransda Strasburq Milli və Universitet Kitabxanasının Əlyazmaların saxlanılması və irs bölməsinin rəhbəri Frederik Blin "Nizami Strasburqda", Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Teymur Kərimli "Nizami Gəncəvinin məhəbbət fəlsəfəsi", Prinseton Universitetinin Yaxın Şərq araşdırmalar departamentinin professoru, Nizami Gəncəvinin əsərlərini fransız dilinə çevirən Mikael Barri "Nizami Gəncəvi-könül şairi" mövzularında çıxış edəcəklər.

Elmi müzakirədə Avropanın bir sıra nüfuzlu ali məktəb professorlarının "Nizami Gəncəvinin Strasburqda saxlanılan əlyazmalarının orjinallığı", "Hötenin və Nizaminin şərqşünaslığı", "Psixoloji terapiya qismində olan hekayə: Nizami Gəncəvinin "Yeddi gözəli", "Nizami Gəncəvi-bütün zamanların və bütün məkanların şairi" mövzularında məruzələri dinlənəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti