Amerikada arılar zombiləşir
Məlum olub ki, arıların zombiləşməsinə Apocephalus parazit-milçəyi səbəb olub. Bu milçəklər arıların bədənlərinin içərisinə yumurta qoyurlar. Yumurtadan çıxan sürfə arını daxildən yeyir. Bunun nəticəsində əvvəlcə arı öz oriyentasiyasını itirir, hara uçacağını bilmir, özünü `zombi` kimi aparmağa başlayır, sonra yuvasını tərk edir və çox keçmədən ölür.
Mütəxəssislərin sözlərinə görə, xəstə arılar cəmi bir neçə saat yaşayırlar. Lakin arıçıların problemləri bununla bitmir. Həşəratların kütləvi şəkildə məhvinə son zamanlar ABŞ-da havanın temperaturunun kəskin şəkildə aşağı düşməsi, bir sözlə anomal hava şəraiti də təsirini göstərir.
Qeyd edək ki, bal arıların kütləvi şəkildə məhvinə ABŞ-la yanaşı, digər ölkələrdə də rast gəlinir. Buna baxmayaraq liderlik yenə də ABŞ-a məxsusdur. Əgər əvvəllər qış mövsümündə arıların sayında 10% azalma vardısa, hazırda bu göstərici 35% -ə çatıb.
Arılar kənd təsərrüfatı üçün böyük önəm kəsb edirlər. Məlum olduğu kimi bal verməklə yanaşı, arılar həm də bitkilərin çarpaz tozlanmasında rol oynamaqla onların çoxalmasına səbəb olurlar. Zamanında Albert Eynşteyn arıların məhvinin bəşəriyyətin süqutuna yol aça biləcəyini söyləmişdi.
Vüqar İsmayılov