`Uşaq atletikası` layihəsi uğurla həyata keçirilir – VİDEO

`Uşaq atletikası` layihəsi uğurla həyata keçirilir – VİDEO
  16 Fevral 2014    Oxunub:1509
Azərbaycanda “Uşaq atletikası” layihəsi uğurla həyata keçirilir.
AzVision.az xəbər verir ki, bu sözləri AzərTAc-a müsahibəsində beynəlxalq dərəcəli məşqçi Ceyhun Hüseynov bildirib. O, qeyd edib ki, bu layihə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə həyata keçirilir. Rusiya Atletika Federasiyasında təşkil olunan seminara qatıldıqdan sonra əldə etdiyimiz bilikləri və bacarıqları Azərbaycanda tətbiq edərək bu layihəyə start verdik. Bu layihənin əsas məqsədi uşaqlar arasında sağlam həyat tərzini formalaşdırmaq, idmanın kütləviliyinə nail olmaqdan ibarətdir.

C.Hüseynov bildirib ki, layihə çərçivəsində 6-7 yaşlı uşaqlar idmana cəlb olunurlar. Bu uşaqlara idmanın sirləri aşılandıqdan sonra onlar istənilən növ üzrə məşqlərə hazır olurlar. Uşaqlarda əsasən fiziki keyfiyyətlər – sürət, güc hazırlığı, dözümlülük, cəldlik və çeviklik inkişaf etdirilir.

Layihənin Azərbaycanın bütün bölgələrini əhatə etdiyini diqqətə çatdıran məşqçi regionlarda nəzəri-praktiki seminarların təşkil olunduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, həmin seminarlarda müəllim və şagirdlər üçün yarışlar və praktiki məşğələlər keçirilmişdir. Bu da “Uşaq atletikası” layihəsinin Azərbaycanda maraqlı qarşılandığından xəbər verir.

Layihənin 2003-cü ildə Beynəlxalq Atletika Federasiyasının konqresində irəli sürüldüyünü diqqətə çatdıran beynəlxalq dərəcəli məşqçi Aqil Paşayev bunun atletikanın kütləviliyinin artırılmasına xidmət etdiyini demişdir. Vurğulanmışdır ki, idmanın bu növünün inkişafına uşaqları həmin sahəyə cəlb etmək və düzgün istiqamətləndirməklə nail olmaq mümkündür. Rəngarəngliyi və cəlbediciliyi ilə seçilən bu layihə artıq dünyanın 150 ölkəsində həyata keçirilir, onların 30-da təhsil sistemində tətbiq olunur.

Aqil Paşayev demişdir: “Bu layihənin ölkəmizdə daha da genişlənməsi istiqamətində addımlar atırıq. Qarşıdakı aylarda Sumqayıt, Gəncə, Naxçıvan və digər şəhərlərdə müəllim və şagirdlər üçün nəzəri-praktiki seminarların təşkil olunmasına çalışacağıq. Layihə çərçivəsində həyata keçirdiyimiz layihələr Beynəlxalq Atletika Federasiyası tərəfindən yüksək qiymətləndirilir. Ali qurum tərəfindən hazırlanmış çap məhsullarında həyata keçirdiyimiz tədbirlərə xüsusi yer verilir ki, bu da çox sevindirici haldır”.

Layihəyə 100-dən artıq müəllimin və mindən artıq şagirdin cəlb olunduğunu diqqətə çatdıran A.Paşayev bildirib ki, uşaqların asudə vaxtının səmərəli təşkili istiqamətində də müxtəlif düşərgələr keçirilir. Bu da uşaqlara xoş anlar yaşadır.




Teqlər:





Xəbər lenti