İdarəetmədə islahatlar: Arzulanan nəticə üçün daha nələr lazımdır – TƏHLİL

      İdarəetmədə islahatlar:    Arzulanan nəticə üçün daha nələr lazımdır –    TƏHLİL
  19 Fevral 2021    Oxunub:9659
Bazar iqtisadiyyatı sisteminin əsas tələblərindən biri idarəetmədə çoxpilləli, paralel və mürəkkəb deyil, sadə, çevik, şəffav, funksional mexanizmin olmasından ibarətdir. Ümumiyyətlə, bazar şəraitində dövlət idarəetməsi tənzimləyici xarakter daşımalı, əsla inzibati və sığortalayıcı əhəmiyyət kəsb etməməlidir. Əks təqdirdə, dövlətin özü iqtisadiyyatın normal inkişaf etməsi yolunda əngələ, böyük bir buxova çevriləcək.
Ölkəmiz bazar iqtisadiyyatı sistemi şəraitində inamla irəliləyir və inkişaf edir. Bu, idarəetmə sisteminin də getdikcə təkmilləşməsinə tələb yaratmaqla yanaşı, ona təkan verir. Odur ki, struktur islahatları hər dəfə bir az genişləndirilir və yeni formalar alır.

Məsələn, vaxt var idi, dövlət büdcəsi tədiyyəçilərinin bir-bir Səhmdar Cəmiyyətlərə çevrilməsi prosesi gedirdi. Bundan əvvəl isə ölkədə özəlləşdirmə həyata keçirilirdi. Sonra bir ara paralellik yaradan idarəetmə orqanlarının ləğvi və yaxud birləşdirilməsi istiqamətində addımlar atılmağa başladı, son dövrlərdə isə publik hüquqi şəxs və agentliklərin yaradılması dəb halını alıb... Ancaq bütün bunlara rəğmən, bütövlükdə ölkə iqtisadiyyatının idarə olunmasında keyfiyyət dəyişiklikləri hələ istənilən səviyyədə baş tutmur. Nəticədə dövlət büdcəsinin gəlirləri mövcud potensialın az hissəsini əhatə edir.

“Dövlət büdcəsinin iri tədiyyəçiləri” dedikdə, ölkənin xəzinəsinə daha çox gəlir ödəyən və yaxud ödəməli olan qurumlar nəzərdə tutulur. Yəni, sadə dillə desəm, söhbət o qurumlardan gedir ki, dövlətin və hökumətin vəzifəsi onlardan pulu alıb, əhaliyə verməkdir. Ancaq bizdə iqtisadiyyatın ayrı-ayrı sektorlarına cavabdeh qurumlar qeyri-səmərəli fəaliyyət ucbatından, dövlətə vermək əvəzinə, dövlətdən alırlar. Çünki normal idarəçilik yox idi. Və bu, deyərdim ki, sovet dövründən qalma xüsusiyyətdir.

SOCAR-da Müşahidə Şurasının yaradılmasına aid yazdığım təhlildə də xatırlatmışdım ki, Prezident İlham Əliyev keçən il avqustun 6-da keçirdiyi müşavirədə dövlət şirkətlərində kifayət qədər böyük itkilərin olduğunu vurğulamışdı. Dövlət başçımız əlavə etmişdi ki, özəl şirkətdə itki olanda müflisləşir və biznes bağlanır, heç kim də köməyə gəlmir: "Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, itkiləri dövlət tərəfindən bağlanacaq".

Prezident misal da gətirmişdi ki, qazlaşdırma Dövlət Neft Şirkətinin vəzifəsi olduğu halda, büdcənin hesabına aparılır. "Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur? Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir",- deyə dövlət başçısı qeyd etmişdi.

Sözümü ona gətirirəm ki, bu qurumlar dövləti artıq, bezdirib, boğaza yığıb. Odur ki, hazırda idarəetmə üzrə islahatlar daha yeni forma alıb: Azərbaycan İnvestisiya Holdinqi (AİH) yaradılıb, sonra İqtisadi Şura yaradıldı, keçən ay ilk olaraq SOCAR üzrə Müşahidə Şurası təsis edildi və sair. Bu günlərdə daha 4 nəhəng qurum AİH-nin idarəetməsinə verildi və beləliklə, sayları 22-yə çatdı.

Amma bu zaman başqa sual yaranır: Bəs, idarəetmədə xaraktercə təmərküzləşdirmədən ibarət olan bu islahat sözügedən qurumlardakı mövcud vəziyyəti aradan qaldıracaqmı? Və bunun üçün nə qədər vaxt lazımdır?

AİH-in yaradılmasına dair şərhimdə yazmışdım ki, söhbət çox böyük sahələrə nəzarət edən iri dövlət şirkətlərindən getdiyindən, onların vahid mərkəzdən idarə olunması həm səmərəliliyi artırmaq, həm də bu qurumlarda idarəetməni daha yüksək səviyyədə təşkil etmək baxımından sözsüz, vacibdir. Lakin İnvestisiya Holdinqinin yaradılması həyata keçirilməli olan tədbirlərin ilk hissəsidir. Holdinqin səmərəli işləməsi, dövlət şirkətlərinin, dövlətin payı olan ASC-lərin fəaliyyətlərinin səmərəli təşkil və təmin olunması isə çox dəqiq, konkret və şəffaf mexanizm olmasını tələb edir. Hər şey bundan asılıdır.

İkincisi isə, idarəetmədə AİH-in, Şuraların və s. yaradılması ilə xarakterizə olunan yeni islahat forması girişdə yazdığıma uyğun olaraq, çoxpilləliyə, paralelliyə, mürəkkəb mexanizmə deyil, məhz sadəliyə, çevikliyə, şəffaflıq ilə funksionallığa yol açmalıdır.

Başqa sözlə desəm, dövlət idarəetməsində tənzimləyici xüsusiyyət artmalıdır. Yox, əgər bütün qeyd olunanlar yalnız məsələn, SOCAR tərəfdən bu yaxında Aİ-92 markalı benzin ilə dizelin, “Azərsu” ASC tərəfdən isə suyun qiymətinin artırılması haqda Tarif Şurasına yönəldilən məlum əsaslandırmalar əsasında təşkil olunmağa cəhd ediləcəksə, iri dövlət büdcəsi tədiyyəçilərinin heç birində real çatışmazlıqlar və idarəçilik dəyişməyəcək. Səmərəsiz təsərrüfatçılıq fəaliyyətini sırf tarif siyasəti ilə aradan götürmək qətiyyən mümkün deyil.

Üçüncüsü də, əsas çıxış yollarından biri özəlləşdirmədir. Dövlətin payı yüksək olan, eyni zamanda səhm paketi 100 faiz dövlətə məxsus qurumlar müəyyən hissə etibarilə özəlləşdirilməlidir. Bu, həmin şirkətlərə investisiyaların cəlb olunmasına, eyni zamanda onların idarəçiliyində əyintiləri, səmərəsizliyi aradan qaldırmağa yol açacaq ümdə və yeganə vasitədir. Ümumiyyətlə, idarəetməni asanlaşdırmağa və borclanma, o cümlədən, maliyyə hesabatlılığı üzrə nəzarət kimi məsələlərə sırf dövlətin müdaxiləsi yolu ilə nail olmaq əsla mümkün hesab edilmir.

Sözün qısası, idarəetmədə islahatlar üzrə uğurlu nəticələr əldə etmək riskə bağlı məsələdir. Bazarın tələbi budur. Əks təqdirdə, hər şey və hər bir addım formal xarakter daşıyacaq. İri dövlət büdcəsi tədiyyəçilərini idarə etmək baxımından bir əldə cəmləşdirmək siyasəti də həmçinin...


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: İslahat  





Xəbər lenti